Məhkəmə qərarları › İş №2-1(103)-2839/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2839/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2839/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X9 3-cü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Hüseynova Xanım Mirtağı qızı) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2185/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5119/2017, xx.xx.2017-ci il tarixli qətnaməsi (hakim F.Babayev) ilə iddiaçı Hüseynova Xanım Mirtağı qızının X6 və digərlərinə qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2979/2018 saylı xx.xx.2018-ci i tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)- 5119/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 2(102)-2471/19 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2979/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilərək iş yeni apelyasiya baxışma göndərilmişdir. AR Bakı Apellyasiya Məhkəməsinin 2(103)-271/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilmişdir. Sonradan iddiaçı yenidən kasassiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin MK-nın 2(102)-4295/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının verdiyi kasassiya şikayəti təmin edilərək iddianın tam təmin edilməsinə dair qərar çıxarılmışdır. Bundan əlavə olaraq iddiaçı kasassiya şikayəti verərkən paralel olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsilə cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinə səbəb olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2-932/2000-ci il tarixli, 28 06.2000-ci i tarixli qətnaməsi üzrə "itirilmiş məhkəmə icraatının bərpa edilməsi ilə bağlı” ərizə ilə müraciət etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2000 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2- 932/2000-ci il saylı mülki iş üzrə icraatın bərpa edilməsi qət edilmişdir. Həmin iş üzrə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3868/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2000-ci il tarixli qətnaməsi ləğv olunmuş və ərizə baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3868/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2000-ci tarixli qətnaməsi ləğv olunmuş və ərizə baxılmamış saxlanılmışdır. Göründüyü kimi cavabdehin adına verimiş qeydiyyat vəsiqəsinə səbəb olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2000-ci il qətnaməsi ləğv edildiyindən həmin çıxarış da ləğv edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X1 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Hüseynova Xanım Mirtağı qızı üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2185/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinə səbəb olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2000-ci il qətnaməsi ləğv edildiyindən həmin çıxarış da ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əalvə olaraq izahatında bildirdi ki, iddiaçı onun anadan olduğu vaxtdan həmin ünvanda yaşamamış, qeydiyyatı ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından görünür ki, hazırkı halda iddiaçının məqsədi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və “A” tikilisinin 1 otağına dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Hüseynova Xanım Mirtağı qızının adına aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsindən ibarətdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nm 2(102)-4295/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı Hüseynova Xanım Mirtağı qızının kassasiya şikayət təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 271/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı Məlikməmməd oğlunun Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 112 saylı evə istifadə hüququna xitam verilmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-l823/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə, Hüseynova Xanım Mirtağı qızma, X2, X11, X7, X8ma qarşı "çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəmsinin 2(103)-6824/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı iddiadan imtina etməsi qəbul edilmiş, Nərimanov rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(005)-2857/19 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə və Hüseynova Xanım Mirtağı qızma, cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X14ma qarşı "qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi "tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. İddiaçı konkret halda sözügedən yaşayış sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınması ilə bağlı cavabdeh qeydiyyat orqanının faktiki xarakterli hərəkətlərini mübahisələndirsə də bunun üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmlakın ona (və yaxud özünün bildirdiyi kimi atasına, babasına) məxsus olduğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi, yəni sözügedən evin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətində və ya istifadəsində olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının faktiki olaraq sözügedən ünvanda yaşamaması və yaşayış yeri üzrə qeydiyyatda olmaması işin mübahisəsiz hallarını təşkil edir. Həmçinin evə dair babasının əvvəllər mükiyyət hüquqlarının olduğunu iddia etsə də bunu heç bir hüquqmüəyyənedici sənədlə əsaslandırmamış, həmçinin vərəsəliklə bağlı heç bir sənəd təqdim edilməmişdir. Apellyasiya araşdırması zamanı mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair sənədlər tələb edilmiş, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, sözügedən evə dair texniki pasporta əsasən həmin ev ilkin olaraq Badavi Feyruzun istifadəsinə verilmişdir. Göstərilənlərə əsasən müəyyən olunur k, iddiaçının evə dair heç bir subyektiv hüququ mövcud deyildir və bunu əksinini təkzib edən heç bir dəlili irəli sürülməmiş, işin araşdırılması zamanı müəyyən olunmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2185/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar