Məhkəmə qərarları › İş №2-1(103)-284/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-284/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-284/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə və (mütəxəssis) X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə pensiyanın hüququ yarandığı xx.xx.2023-cü il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1698/2024 saylı, 23 aprel 2024-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Qanunun və “Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələbləri əsas götürməklə xx.xx.2006-cı il tarixədək sığorta stajın qanunla nəzərdə tutulmuş 25 ildən artıq olması müəyyən edildiyini nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçıya yaşa görə pensiyanın hüququ yarandığı xx.xx.2023-cü il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Anar Mirzəyevin xx.xx.2023cü il tarixdə iddiaçıya təqdim etdiyi xx.xx.2023-cü il tarixli,3-17-1/2-B-118594/2023 saylı məktubu ilə cavabdehə təqdim edilmiş əmək kitabçasının, hərbi biletinin və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1977ci il tarixədək təhsil aldığı illər, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 2 ay 15 gün təşkil etdiyini, həmçinin xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını, eyni zamanda kitabçasının surətində qeyd olunmuş “Açıq söz” qəzetində xx.xx.1991-ci ildən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti zamanı 1993cü ildə 5 ay,1995-ci ildə 3 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək il ərzində adına əmək haqqı hesablanmadığından sözügedən dövrlər sığorta stajına daxil edilmədiyini, bu əsasla da əmək kitabçasında göstərilən dövrlər əmək stajı kimi qiymətləndirilmədiyindən, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) çox olduğu üçün ona yaşa görə əmək pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını əsas olaraq göstərmişdir. İddiaçı cavabdehin qeyd edilmiş mövqeyi ilə razılaşmır. Respublikada xx.xx.2006-cı ilədək olan dövrlərdə işçi ilə işəgötürənin aralarında olan əmək münasibətləri, əmək fəaliyyətləri ilə bağlı bütün məlumatlar işəgötürən tərəfindən tərtib edilərək təsdiq edilmiş əmrlərə istinadən əmək kitabçalarında əks edilir və əmək fəaliyyəti ilə bağlı əmək haqqı və digər ödənişlər işəgötürən orqanın səlahiyyətli şəxsləri tərəfindən tərtib edilən əmək haqqı cədvəlləri əsasında ödənilirdi. Eyni qayda ilə fəaliyyəti “Açıq söz” qəzetində işlədiyi dövrdə öz əksini tapmış, bilavasitə “Açıq söz” qəzetində də işə qəbul edilmə, işçinin iş fəaliyyəti ilə bağlı əmrlər, əmək haqqı cədvəlləri və s. sənədlər qəzetin mühasibinin nəzarətində saxlanılırdı. Yaşa görə pensiya almaq hüququ yaranandan sonra iddiaçı bunun üçün qanunla nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etdikdən sonra cavabdeh orqanın hüquq, daxili nəzarət və monitorinq Departamentinin nümayəndələri tərəfindən 1991-1999-cu illərdə “Açıq söz” qəzetində işləməsi faktını yerində qarşılıqlı araşdıraraq xx.xx.2023-cü il tarixli akt tərtib edilir. Həmin aktla xx.xx.1991-ci ildən “Açıq söz” qəzetində foto müxbir vəzifəsində işə qəbul olunmağı və hazırda da həmin qəzetin baş redaktorunun 1-ci müavini vəzifəsində çalışmağı müəyyən edildiyi, eyni zamanda “Açıq söz” qəzetində saxlanılan əmək haqqı cədvəllərinə görə iddiaçı 1993-cü ildə 7 ay, 1995-ci ildə 9 ay, 1996-1997-ci illərdə tam şəkildə əmək haqqı ödənilməklə işləməyi, 1998-ci ildə 02 saylı əmrlə 150.000 manat maddi yardım almağı, xx.xx.1999-cu il tarixli əmrlə 1998-1999-cu illər üçün xx.xx.1999-cu il tarixdən növbəti məzuniyyətə buraxılmağı müəyyən edildiyinə istinad edilmişdir. İddiaçı xx.xx.1991cu il tarixdən bu günədək “Açıq söz” qəzetində çalışmış və hazırda da çalışmağa davam edir və bu müddət ərzində hər bir işçinin haqqı olduğu kimi yalnız məzuniyyətdə olduğu vaxtlarda işə çıxmasa da, məzuniyyət haqqı almışdır. Cavabdeh sığorta stajına daxil etmədiyi 1993-cü ildə 5 ay, 1995-ci ildə 3 ay, xx.xx.1998-xx.xx.1998-ci il tarixədək olan müddətlərdə əmək haqqı cədvəlləri müəyyən edilmiş olsa da, həmin cədvəllər iddia ərizəsinə əlavə olunur. Yoxlama komissiyanın üzvləri həmin cədvəllərə diqqət yetirməmiş və sığorta stajına hesablamamışdır. O ki qaldı 1999-cu ildən xx.xx.2004-cü ilədək olan dövr üçün əmək haqqı cədvəllərinin qəzetin inzibati binasında müəyyən edilməməsi iddiaçının yox, həmin dövrdə mühasib işləmiş, hazırda vəfat etmiş İrina İvolqinanın səhlənkarlığı nəticəsində baş vermişdir. Çünki həmin cədvəllər onun tərəfindən hazırlanırdı və saxlanılırdı. Buna baxmayaraq, 1999-cü, ildən xx.xx.2004-cü ilədək “Açıq söz” qəzetində işləməyi həmin dövrdə onunla bərabər işləmiş əməkdaşlar tərəfindən təsdiq oluna bilər. Məhkəməyə təqdim edilmiş 1993, 1995 və 1998-ci illərdə tam şəkildə əmək haqqı almağı həmin illər üzrə tərtib edilmiş əmək haqqı cədvəlləri ilə sübuta yetirildiyindən və xx.xx.1999-cu il tarixli əmrlə 1998-1999-cu illər üçün xx.xx.1999-cu il tarixdən növbəti məzuniyyətə buraxılmağına dair əmrlə 1999-cu ilin iyul ayında məzuniyyətə buraxılmağı həmin tarixədək işdə olmağı kimi qəbul edilməlidir. Belə olduğu halda cavabdehin sığorta stajı kimi qəbul etmədiyi 2 il 4 ay (1993-cü ildə 5 ay, 1995-ci ildə 3 ay və xx.xx.1998-cu ildən xx.xx.1999-cu ilədək olan müddət) rəsmi sənədlərlə təsdiq olunduğundan (23 il 2 ay 15 gün+2 il 4 ay=25 il 4 ay 15 gün) sığorta stajı qanunla nəzərdə tutulmuş 25 ildən artıq təşkil etdiyindən onun yaşa görə pensiya olmaq hüququ yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iş materiallarında iddiaçıya məxsus olan xx.xx.1979-cu il tarixli ******* nömrəli əmək kitabçasının; xx.xx.1977-ci il tarixli ******* nömrəli hərbi biletin; xx.xx.1977-ci il tarixli 019802 nömrəli diplomun surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sosial sığorta stajı 23 il 02 ay 15 gün təşkil edir. İddiaçının əmək kitabçasında onun xx.xx.1991-ci ildən bugünədək “Açıq söz” qəzetində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. İnzibati orqan tərəfindən iddiaçının işlədiyi “Açıq söz” qəzetində yoxlama keçirilmiş, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Yoxlama nəticəsində iddiaçının 1991-2006-cı il tarixlərdə olan əmək fəaliyyəti zamanı 1993-cü ildə 5 ay, 1995-ci ildə 3 ay və xx.xx.1998-xx.xx.2006-cı il tarixlərdə əməkhaqqı almadığından qeyd olunan dövrlər sığorta stajını daxil edilməmişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində 1993, 1995 və 1998-ci illərdə tam əməkhaqqı aldığını, əməkhaqqı cədvəllərinin mövcud olduğunu və yoxlama komissiyasının qeyd olunan cədvəllərə diqqət yetirmədiyini bildirmişdir. Lakin qeyd etmək lazımdır ki, yoxlama aktı qəzetin baş redaktorunun birinci müavini İddiaçı (iddiaçının) iştirakı ilə tərtib olunmuş və iddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunan əməkhaqqı cədvəllərinin yoxlama zamanı təqdim olunmaması onların mövcudluğuna şübhə yaradır. Həmçinin, iddiaçının əmək kitabçasında bugünədək qeyd olunan qəzetdə işlədiyi göstərilsə də, xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)- 1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1698/2024 saylı, 23 aprel 2024-cü il il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, İddiaçı yaşa görə pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahatlar verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1698/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 26 may 2023-cü il tarixli, 3-17-1/2-B-118594/2023 saylı məktubuna əsasən bildirilmişdir ki, “təqdim edilən əmək kitabçasının, hərbi biletin və təhsil haqqında diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı illər, 11,05.1977-ci il tarixindən xx.xx.1979cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 23 il 2 ay 15 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızın surətində qeyd olunmuş “Açıq söz” qəzetində xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyətiniz zamanı 1993-cü ildə 5 ay, 1995-ci ildə 3 ay, eyni zamanda xx.xx.1998-ci il tarixindən xx.xx.2006-ci il tarixinədək ərzində adınıza əməkhaqqı hesablanmadığı üçün sözügedən dövrlər sığorta stajınıza daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib”. İddiaçıya xx.xx.2019-cu il tarixindən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. - Elm və Təhsil Nazirliyi ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin 32 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən bildirilmişdir ki, İddiaçı 1973/1977-ci illərdə keçmiş Bakı Yüngül Sənaye Texnikumunun “Ayaqqabı müəssisələrinin avadanlığı” ixtisasının əyani təhsil forması üzrə tam kursunu oxuyub bitirərək, ona “texnik-mexanik” ixtisası, qeydiyyat № 4247 Щ № 019802 seriyalı diplom verilmişdir. - İddiaçıya məxsus № 4247 Щ № 019802 nömrəli diploma əsasən, iddiaçı 1973/1977-ci illərdə keçmiş Bakı Yüngül Sənaye Texnikumunun “Ayaqqabı müəssisələrinin avadanlığı” ixtisasının əyani təhsil forması üzrə tam kursunu oxuyub bitirərək, ona “texnik-mexanik” ixtisası verilmişdir. - “Açıq söz” həftəlik, ictimai-siyasi qəzetinin 23/03 nömrəli, 27 mart 2023-c il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1991-ci ildən “Açıq söz”- “Svobodnoe SLOVO” qəzetində müxtəlif vəzifələrdə çalışıb və hal-hazırda qəzetin tərkibində fəaliyyət göstərən “interviewinfo.az” onlayn informasiya agentliyində baş redaktorun İ müavini vəzifəsində işləyir (əmək kitabçasının hər bir üzünün əsli ilə düzdür). - İddiaçıya məxsus НЗ ******* hərbi biletdən görünür ki, 19 may 1977-ci il tarixdən 5 iyun 1979-cu il tarixinədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu ildə Azərb.SSR Yüngül sənaye nazirliyinin Xəz-dəri qalantereya fabrikinə təmirçi-çilingər işinə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1979- cu ildə Tsinkoqrafiya sexinə əməliyyat şagirdi işinə qəbul olunmuş, xx.xx.1991-ci ildə “Açıq söz” jurnalı redaksiyasına keçirilmiş və halhazırda işləyir. - İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə ödəniş cədvəlləri təqdim edilmişdir. - Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********114400 nömrəli “Məlumatın təqdim edilməsi barədə” cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Açıq Söz” qəzetinin xx.xx.1996-cı il tarixdə 180 nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. - Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2- 11-7309/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, “Açıq söz” qəzeti ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1590 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın X1 dəyişiklik edilmişdir. Həmin dəyişkiliyə əsasən Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin vəzifələrinə aid edilmişdir. - 01 fevral 2024-cü il tarixli aktdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 nəzarət və İnventarlaşdırma Departamentinin daxili nəzarət şöbəsi böyük mütəxəssisi və aparıcı mütəxəssisinin iştirakı ilə, sığorta stajını müəssisədə (təşkilat, arxiv) saxlanılan əmrlərin əməkhaqqı ödəniş sənədlərinə (cədvəllərinə), məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin uçotu kitabına, vərəqələrinə və əmrlər kitabına əsasən qarşılıqlı araşdırılmış və araşdırma zamanı aşağıdakılar aşkar edildi - “Açıq söz” qəzeti redaksiyasının arxivində saxlanılan ödəmə cədvəllərinə təkrar baxış keçirilən zaman İddiaçı 1993-cü ilin yanvar, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1995-ci ilin yanvar, fevral, mart, aprel, may, sentyabr, oktyabr, noyabr, dekabr və 1998-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, dekabr aylarında əmək haqqı ödənilməsi öz təsdiqini tapdı. Lakin həmin əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının tutulması barədə hər hansı bir məlumat aşkar olunmadı. 2000-2002-ci illərin ödəmə cədvəllərində İddiaçıanın adına rast gəlinmədi. Araşdırma redaksiya tərəfindən təqdim edilmiş 1993, 1995 və 1998-ci illərin ödəmə cədvəllərinə əsasən aparıldı. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az olduğu əsas gətirilmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsindən ibarətdir. Yəni işin yeganə mübahisəli məqamı iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Əmək kitabçasında qeyd olunan xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Açıq Söz” qəzetində işlədiyi dövrü sığorta stajına hesablanmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh iddiaçının 23 il 2 ay 15 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmiş, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının əmək fəaliyyəti (1979 - 2006-cı illər) olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilmişdir: ”Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir...İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olubolmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət...Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən 1.1.Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş stajı əmək kitabçası əsasında müəyyən olunur. Qanunvericliyin tələblərini nəzərə alaraq apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçıya əmək kitabçasına əsasən 2006-cı ilin yanvar ayının 1-nə qədər 26 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövr, təhsil dövrü, Azərb.SSR Yüngül sənaye nazirliyinin Xəz-dəri qalantereya fabrikində, Tsinkoqrafiya sexində və “Açıq söz” qəzetində işlədiyi dövr iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən hallar (iddiaçının 1991-2006cı il tarixlərdə olan əmək fəaliyyəti zamanı 1993-cü ildə 5 ay, 1995-ci ildə 3 ay və xx.xx.1998-xx.xx.2006-cı il tarixlərdə əməkhaqqı almadığından qeyd olunan dövrlərin sığorta stajını daxil edilməməsi) əsassızdır. Belə ki, iş materiallarında olan “Açıq söz” həftəlik, ictimai-siyasi qəzetinin 23/03 nömrəli, 27 mart 2023-ci il tarixli arayışı iddiaçının xx.xx.1991-ci ildən “Açıq söz”- “Svobodnoe SLOVO” qəzetində müxtəlif vəzifələrdə çalışdığını təsdiq edir. Bundan əlavə, cavabdeh tərəfindən 01 fevral 2024-cü il tarixli akt birinci instansiya məhkəməsinə təqdim edilsə də, qeyd edilən aktın əsaslı olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 14.3.-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin (mübahisəli dövr üzrə) saxta olması cavabdeh tərəfindən və məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olması və bunun əksini təkzib edən halların cavabdeh tərəfindən təsdiq olunmadığı halda, cavabdehin apardığı monitorinq əsasında iddiaçının müraciətindən imtina etməsi qanunsuzdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2 Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Açıq söz” qəzetində işləməməsi və ya həmin dövrlərin sığorta stajına aid edilməməli olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından və qanunvericiliyin tələblərindən də görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1698/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1698/2024 saylı, 23 aprel 2024-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar