Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2840/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5470/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr-02 dekabr 2022ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdən başlayaraq qanunla müəyyən edilmiş əmək pensiyasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. xx.xx.1973-cü il tarixdə Ağdam RİK-nin tikinti və memarlıq şöbəsində əmək fəaliyyətinə başlamışdır. Bundan sonra müxtəlif təşkilatlarda çalışmış, sonuncu iş yeri xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “7 gün” qəzetinin redaktoru vəzifəsi olmuşdur və redaksiya fəaliyyətini dayandırdığı üçün tutduğu vəzifədən azad olunmuşdur. 2020-ci ilin iyul ayında yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etsə də, cavabdehin qanunla qorunan pensiya hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin bu imtinası əsassız olduğundan ləğv olunmalıdır. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası və əmək kitabçasının doldurulduğu tarixdə qaralama müəyyən edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında xx.xx.1991-ci ildə redaktor vəzifəsinə qəbul olunduğu “7gün” qəzetində işə daxil olma tarixlərində düzəlişlər edilmişdir. Eləcə də işə daxilolma əmrinin avqust ayında verildiyi nəzərə alınsa 1 nömrəli əmrlə qeyd edilməsi əsaslı şübhələr yaradır. Eyni zamanda iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydlər aparmağa əsas verən əmr göstərilməmişdir. İddiaçının işə daxil olma və işdən azad edilmə tarixləri həftənin bazar gününə düşür. Əmək kitabçasının 1991ci ildəki işə qəbul qeydləri kiril əlifbası ilə yazılmışdır, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. İddiaçının ümumi sosial sığorta stajı və hərbi xidmət dövrü birlikdə 18 il 5 ay 13 gün təşkil edir. Onun kifayət qədər sosial sığorta stajı mövcud deyil. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da aşkar edilməmişdir. Halbuki 28800 manat pensiya kapitalının toplanılması zəruridir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona 64.6 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5470/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası və əmək kitabçasının doldurulduğu tarixdə (gün, ay, il) qaralama müəyyən edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında xx.xx.1991-ci ildə redaktor vəzifəsinə qəbul olunduğu “7 GÜN” Qəzetində işə daxilolma tarixlərində düzəlişlər edilmişdir. Eləcə də işə daxilolma əmrinin avqust ayında verildiyini nəzərə alsaq 1 nömrəli əmrlə qeyd edilməsi əsaslı şübhələr yaradır. Bununla yanaşı, iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydləri aparmağa əsas verən əmr göstərilməmişdir. Onu da qeyd etmək lazımdır ki, şəxsin işə daxilolma və işdən azadedilmə tarixləri həftənin bazar günü (qeyri-iş) gününə təsadüf edir. Həmçinin əmək kitabçasında 1991-ci ildəki işə qəbul qeydləri kiril əlifbası ilə yazılmışdır. Halbuki işə daxilolma barədə qeydlər üzərində latın qrafikalı qeydləri olan möhürlə təsdiqlənmişdir. Bu da həmin qeydlərin sonradan əlavə olunmasına dəlalət edir. Həmçinin iddiaçı məhkəməyə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi tərəfindən təqdim dövri nəşrin qeydə alınması haqqında xx.xx.1992-ci il tarixli şəhadətnaməsini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi Kütləvi İnformasiya vasitələrinin qeydə alınması haqqında xx.xx.1994-cü il tarixli və xx.xx.1996-cı il tarixli şəhadətnamələri təqdim etmişdir. Sənədlərin heç birində qəzetin qeydiyyatı 1991-ci ilə təsadüf etmir. Eləcə də, iddiaçı məhkəməyə şəhadətnamənin əslini təqdim edə bilməmişdir. Bunları nəzərə alaraq iddiaçının ümumi sosial sığorta stajı və hərbi xidmət dövrü ilə birlikdə 18 il 5 ay 13 gün təşkil edir. X4 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdur. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-580/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-5470/21 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-903/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-580/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq (tərcümə) surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə Ağdam RİK-nin tikinti və memarlı şöbəsində əmək fəaliyyətinə başlamış, xx.xx.1974-cü il tarixdə vəzifəsindən azad edilmiş, xx.xx.1977-ci il tarixdə daxili işlər orqanlarına qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixdə mehmanxananın növbətçi administratoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə yataqxana üzrə növbətçi vəzifəsində hesab edilmiş, laborant vəzifəsində çalışmış, xx.xx.1984-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1984-cü il tarixdə qəzetə müxbir qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə vəzifədən azad edilmiş, xx.xx.1988-ci il tarixdə müxbir işinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə öz arzusu ilə işdən azad edilmiş, həmin tarixdən “7 gün” qəzetinin redaktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə vəzifədən azad edilmiş, xx.xx.2001-ci il tarixdən “Şəfa” İdman sağlamlıq mərkəzində direktor vəzifəsinə təyin edilmiş xx.xx.2003-cü il tarixdə işdən azad edilmişdir İş materiallarında olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********8 saylı pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubdan görünür ki, iddiaçının pensiya təyin edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1 0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyası təyini mümkün hesab olunmur. İşdən görünür ki, iddiaçı ona 64.6 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının “7 gün” qəzetində işə başlama tarixinin 1991-ci ilə təsadüf etməsinə baxmayaraq latın qrafikalı yazılardan ibarət möhürlə həmin məlumatın təsdiq edilməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz. Belə ki, iddiaçının məhkəmə iclasında da etiraf etdiyi kimi onun redaktor vəzifəsindən azad edildiyi xx.xx.2001-ci il tarixdə işdən azad olma barədə məlumatın təsdiq edilməsi zamanı möhür vurulan zaman, işə başlama ilə bağlı məlumatın olduğu hissəyə də möhür vurulmuşdur. Göründüyü kimi iddiaçının 1991-ci il tarixdə işə başlaması ilə bağlı məlumat olan hissədə latın qrafikalı yazılardan ibarət möhürün olmasının səbəbləri araşdırılmış və səbəb müəyyən edilmişdir. Halbuki, ümumiyyətlə işə başlama ilə bağlı əmək kitabçası doldurularkən həmin hissəyə möhürün vurulmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na görə zərurət də olmamışdır. Məhkəmə işə daxil olma və işdən azad edilmə tarixlərinin həftənin bazar gününə, qeyri iş gününə düşməsi ilə bağlı da mövqeyə münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işçilərin işləməsi əmək qanunvericiliyi ilə qadağan edilməmişdir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən həftənin bazar günündə şəxsin işləməsini qadağan edən norma yoxdur, eyni zamanda iddiaçının fəaliyyət göstərdiyi qəzet fəaliyyəti kimi xüsusi xidmət sahəsində işin də bazar gününün də qeyri-iş gününə mütləq hesab edilməli olmasını məhkəmə əsaslı hesab etməmişdir. Beləliklə, iddianın təmin olunmamasına yönəlmiş cavabdeh tərəfindən qeyd olunan səbəblər nəzərə alınmamalı, əmək kitabçasında mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan məlumatlar əsasında iddiaçı pensiya hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə tərəfindən iddiaçının işlədiyi dövr və hərbi xidmət müddəti sosial sığorta stajına daxil edildikdə müəyyən olunmuşdur ki, onun 25 ildən çox ümumi iş stajı mövcud olur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. O, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 10 gün), əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Ağdam RİK-nin tikinti və memarlı şöbəsində (1 il 3 ay 3 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək daxili işlər orqanlarında (4 ay 13 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1984-cü il tarixədək mehmanxananın növbətçi administratoru, yataqxana üzrə növbətçi, laborant vəzifəsində (6 il 5 ay 11 gün), xx.xx.1984cü il tarixdən xx.xx.1988-ci il tarixədək qəzetə müxbir vəzifəsində (3 il 10 ay 20 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək müxbir işinə (3 il 4 ay 22 gün), xx.xx.1991ci il tarixdən xx.xx.2001-ci il tarixədək “7 gün” qəzetinin redaktoru vəzifəsində (9 il 11 ay 23 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Şəfa” İdman sağlamlıq mərkəzində direktor vəzifəsində işləmişdir (2 il 4 ay 2 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “7 gün” qəzetinin redaktoru vəzifəsində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə və əmək kitabçasına əsasən 29 il 8 ay 14 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2020-ci ilin iyul ayınadək kişilərin pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64,5 yaşında, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Ali Məhkəmənin işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, kütləvi informasiya vasitəsi redaksiyası rəsmi müəyyən edilmiş iş günlərindən fərqli iş rejimi müəyyən edə, həmin günlərdə əmrlər verə, müqavilələr bağlaya bilər. Həmçinin iddiaçının əmək kitabçasının 1991-ci il tarixdə işə qəbul hissəsində latın qrafikalı möhürün işdən çıxma qeydi ilə eyni vaxtda icra olunması dəlili də qəbulediləndir. Lakin əmək kitabçasında iddiaçının bilavasitə özünün işəgötürən vəzifəli şəxs kimi düzəlişlər etməsi və bu düzəlişlərin normativ aktlarla müəyyən edilmiş qaydada təsdiq olunmaması həmin qeydlərin mötəbərliyi barədə əsaslı şübhələr yaradır. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən iddiaçının bilavasitə özünün işəgötürən vəzifəli şəxs kimi əmək kitabçasında düzəlişlər etməsi ilə bağlı araşdırma aparılmış və iddiaçının izahatından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1988-ci il tarixdə müxbir işinə qəbul edilmiş, xx.xx.1991ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. Həmin tarixdən “7 gün” qəzetinin redaktoru vəzifəsinə işə qəbul olunsa da texniki səhv olaraq işə girdiyi tarixi qəzetin nəşr olunmaga başladıgı tarixi, yəni 1991-ci ilin yanvar ayını qeyd etmişdir. Sonradan həmin texniki səhv onun tərəfindən düzəldilmişdir. Həmçinin iddiaçı təkrar apellyasiya baxışı zamanı onun tərəfindən edilmiş düzəlişlərin möhürü ilə təsdiq olunmuş qeydlərini məhkəməyə təqdim etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını əsaslı hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “7 gün” qəzetinin 1992, 1998-ci il nəşrlərindən görünür ki, qəzet 1991-ci ilin yanvar ayından çıxır və qəzetin redaktoru və təsisçisi Emin Eminbəylidir. İddiaçı izahatında Eminbəyli soyadını ləqəb kimi götürdüyünü bildirmişdir. Göründüyü kimi iddiaçının “7 gün” qəzetində redaktor vəzifəsində işləməsi faktı öz təsdiqini tapmaqla, cavabdeh orqanın əmək kitabçasında qeydlərin mötəbərliyi barədə şübhələri aradan qaldırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5470/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2840/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2840/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver