Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2841/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin pozulması; əmək pensiyasının yenidən hesablanması) X3 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndələri X4, X1 iştirakı ilə, İddiaçı (xx xxxxx 1960-cı il təvəllüdlü, AZE: 0*******, FİN:xxxxxxx2) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu) “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2- 1(112)- 5129/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 aprel 2020-ci il tarixli əmri ilə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru ədliyyə müşaviri vəzifəsində işləmiş, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
2. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 21 may 2020-ci il tarixli “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış”a əsasən, İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənilmiş, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edilmişdir.
3. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının təyin edilməsi haqqında” 3 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçıya 22 aprel 2020-ci il tarixdən (dövlət qulluğu vəzifəsində stajı-34 il 06 ay 23 gün, dövlət məvacibi 4262,19 manat, pensiyanın faizi- 80 faiz, pensiyanın müddəti – müddətsiz) 3.409,75 manat məbləğində pensiya təyin olunmuşdur.
4. İddiaçı kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 3 mart 2021-ci il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Ərizədə qeyd edilən pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması və ona 2020-ci ilin aprel ayından başlayaraq məhkəmə qərarı qəbul edilən günə qədər verilməyən məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İşdən azad olunduğu gündən “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən sonuncu 24 ay nəzərə alınmaqla pensiyanın hesablanıb ödənilməsi həyata keçirilmişdir. Lakin ödənilən məbləğ düzgün hesablanmamış və pensiyanı tam həcmdə ala bilməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyi, Baş Prokurorluğun verdiyi arayışda ona ödənilən 10.414,22 manat hesablanıb nəzərə alınmamış və hesablama zamanı səhvlərə yol verilmişdir. Həmin arayışda iddiaçıya verilən 10.414,22 manat əmək haqqı fondundan verilməklə, DSMF-yə müvafiq ayırmalar edilmişdir. Bu məbləğ istifadə edilməmiş məzuniyyətlərə görə toplanılan və iddiaçıya ödənilməyən puldur. Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin "a" və "ç" bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili üçün ona məzuniyyət verilir və işdən çıxma məzuniyyətin son günü hesab edilir. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim N.Abıyev) 16 sentyabr 2021-ci il tarixli, 2- 1(112)- 5129/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci bəndinə istinad etməklə hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, DSMF tərəfindən verilmiş arayışdan görünür ki, 10414,22 manat Prokurorluğun günahı üzündən işdən azad olunduqdan bir ay sonra ödənilmişdir. Həmin məbləğdən DSMF-na ayırmalar tutulduğunu Baş Prokurorluğun nümayəndəsi təsdiq etdiyindən pensiya hesablanarkən nəzərə alınmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 126 saylı Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və nəzərə alınmayan ödənclərin Siyahısı”nın istifadə edilməyən məzuniyyətlərə görə kompensasiya” bəndi qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil edir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi/ A.S.Hüseynov və S.İ.Bektaşi) 8 aprel 2022-ci il tarixli, 2-1(103)- 463/2022 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
c) kassasiya instansiyası məhkəməsində icraat
12. Ali Məhkəmə qeyd etmişdir ki, işə baxan aşağı instansiya məhkəmələri və cavabdeh yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci bəndinə istinad etməklə həmin məbləğin pensiya hesablanması zamanı nəzərə alınmalı olmaması ilə bağlı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir.
13. Buna görə də iş üzrə araşdırılmalı və müəyyən edilməli məsələ iddiaçıya istifadə edilməyən məzuniyyətlərə görə verilən 10.414,22 manat pul məbləğinin hansı illərin məzuniyyəti ilə bağlı ödənilməsidir. Belə ki, iddiaçının pensiyaya çıxmadan əvvəl işlədiyi son 24 ay ərzində istifadə edilməyən məzuniyyətinə görə verilmiş pul məbləği pensiyanın yenidən hesablanmasında nəzərə alınmalıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bu halı araşdırmadan, iş üzrə qərar qəbul etmiş, bununla da İPM-nin 12.1-ci maddəsinin tələbini pozmuşdur
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. İşə yenidən apellyasiya qaydasında baxılarkən İddiaçı, nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər 15 Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Üçüncü şəxsin nümayəndələri X6, X2 məhkəmə iclasında izahat verərək bildirmişlər ki, iddiaçıya işdən azad olunarkən ödənilmiş 10414,22 manat 2002-ci ilədək istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya məbləği olduğundan son 24 ayın əmək haqqı ödənişinə daxil deyil.
17.TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.8-bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”: ... Nəzərə alınmayan ödənclər: ... istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya İnzibati Prosessual Məcəllə: Maddə 12.1-məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7-sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Apellyasiya məhkəməsinin mövqeyi 18.Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq, yuxarı instansiya məhkəməsinin iş üzrə hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2- 1(112)- 5129/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin mübahisəsiz hallarına əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 aprel 2020-ci il tarixli əmri ilə iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və iddiaçıya pensiya hesbalanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 21 may 2020-ci il tarixli “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış” verilmişdir. Həmin arayışda iddiaçının son 24 ay ərzində aldığı məbləğlər qeyd edilməklə yanaşı, onun istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənildiyi və həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən pensiya hesablanarkən isə istifadə edilməyən məzuniyyətlərə görə verilən 10.414 manat 22 qəpik nəzərə alınmamışdır.
20. Kassasiya instansiyası məhkəməsinin iş üzə hüquqi mövqeyi belə olmuşdur ki, iddiaçıya istifadə edilməyən məzuniyyətlərə görə ödənilmiş 10.414 manat 22 qəpik məbləğin hansı illərə aid olduğunun araşdırılması iş üzrə əhəmiyyətlidir.
21. İşə yenidən apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 10414,22 manat vəsait 1984/1985, 1992/1993, 1993/1994, 1995/1996, 1996/1997, 1998/1999, 2000/2001, 2001/2002-ci illər üçün ödənilməmiş əmək məznuyyətinə görə kompensasiyadır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci bəndinə əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid olduğundan və ümumiyyətlə iddiaçıya 10414,22 manat vəsait prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində ödənilməli olan əmək haqqı və digər ödənişlərə daxil olmadığından iddiaçının tələbi əsassızdır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticə hissəsi: 24..Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən mübahisə düzgün həll edilərək hər hansı maddi və prosessual pozuntuya yol verilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır 25.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2- 1(112)- 5129/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.