Məhkəmə qərarları › İş №2-1(103)-2841/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2841/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2841/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********966800 nömrəli Qərara əsasən İddiaçı 2022-ci il bəyannamə və hesabat dövrü üzrə gəlir vergisi hesablanmışdır və hazırki iş üzrə mübahisə məhz cavabdeh tərəfindən 2022-ci ilin 4-cü rübündən etibarən İddiaçı münasibətdə vergilərin sadələşdirilmiş vergi kimi deyil, gəlir vergisi kimi hesablanması ilə bağlıdır.

2. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023- cü il tarixli **********966800 nömrəli Qərara əsasən gəlir vergisi üzrə 2022ci il bəyannamə və hesabat dövründə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 14.560,76 manat müəyyən edilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına əsasən İddiaçı 2022-ci ilin 2-ci və 3-cü rüblərinin hesabat dövrü üzrə sadələşdirilmiş vergi ödəyicisi olduğu müəyyən edilmişdir.

4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********376600 nömrəli Qərara əsasən Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

5. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023- cü il tarixli **********755900 nömrəli Qərara əsasən İddiaçı sadələşdirilmiş vergi üzrə 2022-ci ilin 4 cü rüb bəyannamə və hesabat dövründə təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və sığorta haqqı 861,30 manat; vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 1.461,30 manat; əlavə hesablanılmış vergi və ya sığorta haqqı məbləği 600,00 manat müəyyən edilmişdir.

6. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********873400 nömrəli Qərara əsasən **********755900 nömrəli Qərar ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli **********966800 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərarın tam, xx.xx.2023-cü il tarixli **********755900 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərarın isə 513,23 manat əlavə hesablama hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ********** saylı VÖEN verilmişdir. Əsas fəaliyyət növü “Təzə meyvə və tərəvəzin pərakəndə satışı” (4721001 kodlu) olmuşdur. Qeydiyyata alındığı tarixdən (başlanğıc dövrü 2-ci rüb 2022-ci il olmaqla) bu günədək vergi orqanı tərəfindən mükəlləfiyyəti aşağıdakı kimi müəyyən edilmişdir: a) Sadələşdirilmiş vergi b) Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi. məcburi dövlət sosial sığorta. İşsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) İddiaçı sahibkarlıq fəaliyyətinə 2022-ci ilin oktyabr ayında başlamışdır. Ona görə də həmin ilin 2-ci və 3-cü rübləri üzrə müvafiq qaydada SV və VAHİD MUZDLU bəyannamələrini boş təqdim etmişdir. 2022-ci ilin 4-cü rübü üzrə xx.xx.2023-cü il tarixdə SV bəyannaməsi təqdim edərək büdcəyə 861,30 manat sadələşdirilmiş vergi hesablamışdır. xx.xx.2023-cü il tarixli **********755900 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında iddiaçıya kameral qaydada əlavə olaraq 600 manat sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Hesablamanın əsası kimi, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş malların ümumi dəyərinin 73064,79 manat olmasına baxmayaraq təqdim edilmiş bəyannamədə cəmi 43064,79 manat hasilat göstərilməsi səbəbindən 30000 fərq yarandığı göstərilmiş və yaranmış fərqə mütənasib (30000 * 2%=600) əlavə vergi məbləği hesablanmışdır. Lakin vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********755900 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar qəbul edilərkən Vergi Məcəlləsinin 219.1-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, Vergi Məcəlləsinin219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4- cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Nəzərə alınmalıdır ki, 2022-ci il ərzində tərəfimdən ümumi dəyəri 73064,79 manat təşkil edən mallar təqdim edilməsinə baxmayaraq malların dəyərinin 47403,11 manat hissəsi ödənilmiş qalan hissə isə ödənilməmişdir. Beləliklə VM-nin 219.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 2022- ci ilin 4-cü rübü üzrə büdcəyə hesablanmalı olan vergi məbləği müvafiq olaraq (47403,11 * 2 % ) 948,06 manat təşkil edir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixli **********755900 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar 513,23 manat hesablama hissəsində ləğv edilməlidir. xx.xx.2023-cü il tarixli **********966800 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında iddiaçıya 2022-ci il üzrə 14560,76 manat gəlir vergisi hesablanmışdır. Hesablamanın əsası kimi 73064,78 manat məbləğində ümumi hasilatın olmasına baxmayaraq həmin hasilata uyğun gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi göstərilmişdir. Beləliklə vergi orqanı tərəfindən 73064,78 manat ümumi hasilata görə mənə həm sadələşdirilmiş həm də gəlir vergisi hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Eləcə də, nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 218.7-ci maddəsinə əsasən Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir. Yəni əgər iddiaçı tərəfindən VM-nin 218.6.1 və 218.6.2-ci maddələrinin tələbləri pozulmuşdusa və bu səbəbdən mənim sadələşdirilmiş vergi mükəlləfiyyətim ləğv olunmalı idisə, bu halda ləğv olunma halı 2023-cü ilin 1 yanvarından tətbiq edilməli və 2022-ci il üzrə əməliyyatlar gəlir vergisinə cəlb edilməməli idi. İddiaçı əlavə olaraq bildiririk ki, vergi orqanı tərəfindən həm də, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasənBu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə Ərizəni imzalayan şəxs haqqında məlumat: həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Vergi orqanı isə sadalanan normaların tələblərini pozaraq 73064,78 manat ümumi hasılatın əldə edilməsi üçün çəkilmiş xərclərin müəyyən edilməsi üçün hər hansı addım atmamış və ümumi hasılatı xərclər (73064,78*20 %) çıxılmadan vergiyə cəlb etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61.1cı maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məcəllənin 70.1-ci maddəsinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********966800 nömrəli qərarın tam, xx.xx.2023-cü il tarixli **********755900 nömrəli qərarın isə 513,23 manat əlavə hesablama hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı səhəri X2 üzrə Baş İdarəsi iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarsı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İlk növbədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********755900 nömrəli qərarla bağlı bildirmək istəyirik ki, sözügedən qərar üzrə hesablama ləğv edildiyindən qeyd olunan inzibati aktın mübahisələndirilməsi mümkün deyildir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində 2022-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və xx.xx.2023-cü il tarixli **********873400 nömrəli qərar qəbul edilərək xx.xx.2023-cü il tarixli **********755900 nömrəli qərar üzrə hesablanmış vergi məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılmış, həmin qərar üzrə hesablama ləğv edilmişdir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Beləliklə cavabdeh hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********755900 nömrəli qərar ləğv edildiyindən iddia tələbinin həmin hissəsində iş üzrə icraata xitam verilməlidir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********966800 nömrəli qərara gəldikdə isə, məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci, 2.1.3-cü və 3.1.1 -ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1 -ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları, aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Sözügedən Meyarların 3.1.1 -ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyatlar riskli əməliyyat hesab olunur. Odur ki, qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023cü il tarixli **********376600 nömrəli Qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan yarımbəndlərə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi, 2022-ci il üzrə 73064,78 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunmasına, bank hesablarına sahibkarlıq fəaliyyəti təyinatı ilə 73064,78 manat vəsaitin mədaxil olmasına, həmçinin onlayn kassa əməliyyatları üzrə 0 manat vəsaitin mədaxil edilməsinə, müvafiq il üzrə ümumilikdə 261 manat xərclərin çəkilməsinə baxmayaraq, 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********473200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin gəlir vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 14560,76 manat ((73064,78-261,0)*20%) əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********966800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Ggəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin məcəllənin 37.1 ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. İnzibati Prosessual Məcəlləsinin 32.1 -ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1 -ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq cavabdeh orqan məhkəmədən İddiaçı iddia tələbinin xx.xx.2023-cü il tarixli **********755900 nömrəli qərarın 513,23 manat əlavə hesablama hissəsində ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi, iddia tələbinin xx.xx.2023-cü il tarixli **********966800 nömrəli qərarın tam ləğv edilməsi hissəsində isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə təqdim olunan ərizədə xx.xx.2023-cü il tarixli **********755900 nömrəli qərarın cavabdeh tərəfindən ləğv edildiyi bildirmiş və iddia tələbinin “xx.xx.2023-cü il tarixli **********966800 nömrəli qərarın ləğv edilməsi” kimi dəqiqləşdirilməsini nəzərə alınmağını xahiş etmişdir.

11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023- cü il tarixli **********755900 nömrəli qərarının ləğv edilməsi” kimi dəyişdirilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə nəzərə alır ki, Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumata əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********966800 nömrəli qərarın qəbul edilməsi üçün əsas olmuş 73064,78 manat dəyərində elektron-qaimə fakturaları cavabdeh vergi orqanına 2022-ci ilin 4-cü rübündə təqdim edilmişdir. Odur ki, iddiaçının 2022-ci ilin 4-cü rübündən etibarən gəlir vergisi ödəyicisi kimi nəzərə alınması qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.Əlavə olaraq bildirilmişdir ki, vergi orqanı sadalanan normaların tələblərini pozaraq 73.064,78 manat ümumi hasilatın əldə edilməsi üçün çəkilmiş xərclərin müəyyən edilməsi üçün hər hansı addım atmamış və ümumi hasilatı xərclər (73.064,78 x20%) çıxılmadan vergiyə cəlb etmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

e) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; 218.6. Aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır: 218.6.1. bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda; 218.7. Bu Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir. Yeni məzmunda 218.7-ci maddə 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 30 günlük iddia müddəti ötürülməmişdir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:

25. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********966800 nömrəli qərarı mübahisələndirilmişdir.

26. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********966800 nömrəli Qərara əsasən İddiaçı 2022-ci il bəyannamə və hesabat dövrü üzrə gəlir vergisi hesablanmışdır və hazırki iş üzrə mübahisə məhz cavabdeh tərəfindən 2022-ci ilin 4-cü rübündən etibarən İddiaçı münasibətdə vergilərin sadələşdirilmiş vergi kimi deyil, gəlir vergisi kimi hesablanması ilə bağlıdır.

27. İddiaçı iddia ərizəsində Vergi Məcəlləsinin 218.7-ci maddəsinə istinad etmiş və Vergi Məcəlləsinin 218.6.1-ci və 218.6.2-ci maddələrinin tələbləri pozulduğu halda, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun 2023-cü ilin yanvarın 1-dən etibarən (həmin hesabat rübündən sonrakı ayın 1-dən) ləğv edilməli olduğunu bildirmişdir.

28. Birinci instansiya məhkəməsində iclasda iştirak edən cavabdehin nümayəndəsi iddiaçının sadələşdirilmiş vergi ödəyici olmaq hüququna Vergi Məcəlləsinin 218.5.9-cü maddəsinə əsasən xitam verildiyini və iddiaçı tərəfindən ilkin elektron qaimə fakturalar 2022-ci ilin 4-cü rübündə təqdim oldunduğundan həmin dövrdən etibarən iddiaçıya münasibətdə gəlir vergisinin hesablandığı bildirilmişdir.

29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı 2022-ci ilin 2-ci və 3-cü rüblərinin hesabat dövrü üzrə sadələşdirilmiş vergi ödəyicisi olmuşdur, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş elektron-qaimə faktura məlumatlarına əsasən iddiaçı ancaq topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğundan (həm də pərakəndə satış qaydasında malların təqdim edilməsi müəyyən edilmir) Vergi Məcəlləsinin 218.5.9-cü maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmişdir.

30. Məhkəmə nəzərə alır ki, Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumata əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********966800 nömrəli qərarın qəbul edilməsi üçün əsas olmuş 73064,78 manat dəyərində elektron-qaimə fakturaları cavabdeh vergi orqanına 2022-ci ilin 4-cü rübündə təqdim edilmişdir. Odur ki, iddiaçının 2022-ci ilin 4-cü rübündən etibarən gəlir vergisi ödəyicisi kimi nəzərə alınması qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmişdir.

31. Məhkəmə Kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri və 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçı yalnız topdansatış fəaliyyəti ilə məşğul olduğundan və pərakəndə satış fəaliyyəti olmadığından (bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir) ona münasibətdə Vergi Məcəlləsinin 218.7 maddəsinin tətbiqi, yəni sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilməsinin ona münasibətdə tətbiqinin hüquqi əsası mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 218.7-ci maddəsi blanket xarakterli norma olmaqla həmin Məcəllənin 218.6.1-ci (eləcə də 218.6.2-ci) maddəsinə münasibətdə tətbiq edilir və Məcəllənin 218.6.1-ci maddəsində eyni zamanda həm pərakəndə və həm də topdansatış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyiciləri nəzərdə tutulmuşdur. 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş malların ümumi dəyərinin 73064,79 manat olmaqla e-qaimə ilə təqdim edilməsi (yəni topdansatış ticarət fəaliyyəti qaydasında) işin mübahisəsiz halıdır. İddiaçı isə qeyd edilən dövrdə (2022-ci ilin İV rübü) Məcəllənin 218.5.9-cu maddəsinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxs olduğundan sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır. Bu zaman (yəni vergi ödəyicisinin müvafiq hesabat dövründə yalnız topdansatış fəaliyyətlə məşğul olduğu halda) ödəyicinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilməsinə dair qanuni müddəa yoxdur.

32. Məhkəmə Kollegiyası apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmasını qeyd etməklə yanaşı yuxarıda göstərilənlərdən əlavə diqqətə çəkir ki, apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, vergi orqanı sadalanan normaların tələblərini pozaraq 73.064,78 manat ümumi hasilatın əldə edilməsi üçün çəkilmiş xərclərin müəyyən edilməsi üçün hər hansı addım atmamış və ümumi hasilatı xərclər və ümumi hasilatı xərclər (73.064,78 x20%) çıxılmadan vergiyə cəlb etmişdir.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, 2022-ci il üzrə 73064,78 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunmasına, bank hesablarına sahibkarlıq fəaliyyəti təyinatı ilə 73064,78 manat vəsaitin mədaxil olmasına, həmçinin onlayn kassa əməliyyatları üzrə 0 manat vəsaitin mədaxil edilməsinə, müvafiq il üzrə ümumilikdə 261 manat xərclərin çəkilməsinə baxmayaraq, 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********473200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin gəlir vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 14560,76 manat ((73064,78-261,0)*20%) əlavə vergi məbləğləri hesablanmışdır.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar