Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2843/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsi) “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən hakim və məruzəçi), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsi) “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-202/2024 nömrəli, xx.xx.2024-cü il qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli, 195 nömrəli qərarı ilə iddiaçının mərhum X3na Bakı şəhəri, 8-ci mkr. C.Xəndan küçəsi, «Bakı» ticarət mərkəzinin yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 300 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə ayrılması qərara alınmışdır.
2. Marif Şahverdiyevə satılmış torpaq sahəsinin (300 kv.m) situasiya planı tərtib olunmuş, plan bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndisi-memar Qulamov.F.Ə. tərəfindən imzalanmış və Binəqədi Bələdiyyəsinin möhürü ilə təsdiqlənmişdir.
3. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi “Mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 124 nömrəli müqavilə ilə həmin 300 kv.m. torpaq sahəsini Marif Şahverdiyevə satmışdır.
4. Torpaqların alqı-satqısı haqqında aktdan və kassa mədaxil qəbzindən görünür ki, Marif Şahverdiyev tərəfindən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin H/h ********** saylı hesabına alınmış həmin torpaq sahəsinə görə 3000,00 manat haqq ödənilmişdir.
5. Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli məktubu ilə Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 12-Ş-40 saylı razılıq məktubunu nəzərə alaraq, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 saylı qərarı ilə vətəndaş X6 Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, ‘Bakı" ticarət mərkəzinin yaxınlığında sahibkarlıq fəaliyyəti üçün ayrılmış 300 m2 torpaq sahəsində ofis binasının tikintisinə etiraz edilmədiyi və təqdim olunmuş memarlıq-planlaşdırma həllinə ("Bakımənzilkommunlayihə" Layihə institutunun işi. memar N.Qasımov) baxılaraq onun razılaşdırıldığı bildirilmişdir.
6. Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 19 nömrəli sərəncamı ilə Bakı şəhəri, 8-ci mkr. C.Xəndan küçəsi, «Bakı» ticarət mərkəzinin yaxınlığında vətəndaş X6 ayrılmış torpaq sahəsində təqdim edilən layihə əsasında ofis binasının tikintisinə icazə verilmişdir.
7. Bakı şəhəri 53 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 434 nömrəli məktubuna görə iddiaçı xx.xx.2011-ci ildə ölmüş X5 vərəsəsidir.
8. İddiaçı cavabdehə müraciət edərək atasından ona miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə arayışın verilməsini xahiş etmiş, lakin cavabdehin **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina edilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış binasının yaxınlığında, yol kənarı yaşıllıq ərazisində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə sxemində göstərilən ölçülər ilə faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur və dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Qeyd edilən ərazinin bələdiyyə sərhədləri olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və qeyd edilən torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********71 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İdarənin arxiv məlumatlarında sözügedən torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar olunmamışdır.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7589 nömrəli ekspert rəyinin nəticəsində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X6 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin ərazisi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin və konfiqurasiyasının "torpaq sahəsinin cizgisi”nə (situasiya planına) uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamında və həmin sərəncamın xx.xx.2000-ci il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş əlavəsində qeyd olunanları, eyni zamanda baxış zamanı təqdim olunmuş bələdiyyə xəritəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X1 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış, Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin Binəqədi rayonu, Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Baxış zamanı müəyyən olunmuş məlumatlara və “kadastrportali.az” elektron kadastr portalında qeyd olunan məlumatlara əsasən Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X6 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və həmin torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçmədiyi müəyyən edilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
a) Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə atasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən 300 kv.m.-lik torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən 300 kv.m-lik torpaq sahəsi X3na məxsusdur. Həmin torpaq sahəsi atası tərəfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli 195 saylı qərarı və “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 20 avqust 2007-ci il tarixli 124 saylı müqaviləsi əsasında alınmışdır. X3 həmin torpaq sahəsini adına keçirmədən vəfat etmişdir. Bununla bağlı olaraq, iddiaçı X4 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir.
13. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6458/2022 №-li qərardadı ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
14. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6458/2022 №-li qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., C.Xəndan küçəsi, “Bakı” Ticarət Mərkəzinin yanında 300 kv.m torpaq sahəsi üzərində mərhum X3nun mülkiyyət hüquqlarının qeydə alınması və buna dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” məzmununda icraata qəbul edilmişdir.
15. Cavabdehin iddiaya etirazında bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış binasının yaxınlığında, yol kənarı yaşıllıq ərazisində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə sxemində göstərilən ölçülər ilə faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur və dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Qeyd edilən ərazinin bələdiyyə sərhədləri olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və qeyd edilən torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin, alqı-satqı aktında bələdiyyə qərarının tarixi fərqli qeyd edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********26 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim: A.Əhədova) iddia təmin edilməmişdir.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçının apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun birinci instansiya məhkəməsində təqdim etdiyi iddianın mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.
c) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərəfli araşdırmamış, bununla da maddi və prosessual normaların tələblərinin pozulması nəticəsində qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Maddə 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər) şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planının və təsvirinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır; Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 86. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; …
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”: Bənd 7.2. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmə icraat qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir.
31. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən 300 kv.m.-lik torpaq sahəsinin mərhum X3na Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli 195 saylı qərarı və “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 20 avqust 2007-ci il tarixli 124 saylı müqaviləsi əsasında ayrıldığını əsas gətirərək, atası vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun vərəsəsi olaraq həmin torpaq sahəsinə rəsmiləşdirmənin aparılması üçün mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
34. Yəni hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə torpaq sahəsi üzərində hüquqa dair müvafiq arayışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən, cavabdeh mübahisəli torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətində olması, habelə ayrılmış torpaq sahəsinə dair Memarlıq-şəhərsalma Baş İdarəsinin rəyinin təqdim olunmadığına istinad etmişdir.
35. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
36. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli, 195 nömrəli qərarı ilə iddiaçının mərhum X3na Bakı şəhəri, 8 mkr. C.Xəndan küçəsi, «Bakı» ticarət mərkəzinin yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün bələdiyyənin torpaq fondundan 300 kv.m. torpaq sahəsinin mülkiyyətinə ayrılması qərara alınmışdır. Satılmış torpaq sahəsinin situasiya planı tərtib olunmuş, plan bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndisi-memar Qulamov.F.Ə. tərəfindən imzalanmış və Binəqədi Bələdiyyəsinin möhürü ilə təsdiqlənmişdir. Torpaq sahəsinin satılması barədə tərəflər arasında Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 124 nömrəli müqaviləsi imzalanmışdır. Torpaqların alqı-satqısı haqqında aktdan və qəbzdən görünür ki, torpaq sahəsinin satılması müqabilində mərhum M.Şahverdiyev tərəfindən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin H/h ********** saylı hesabına 3000,00 manat pul ödənilmişdir.
37. Bundan əlavə həm də nəzərə almaq lazımdır ki, cavabdehin torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətində olması barədə dəlillərini araşdıran məhkəmə tərəfindən iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilərək alınmış xx.xx.2023-cü il tarixli, 10/7589 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X6 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin ərazisi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin və konfiqurasiyasının "torpaq sahəsinin cizgisi”nə (situasiya planına) uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamında və həmin sərəncamın xx.xx.2000-ci il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş əlavəsində qeyd olunanları, eyni zamanda baxış zamanı təqdim olunmuş bələdiyyə xəritəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X1 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış, Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin Binəqədi rayonu, Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Baxış zamanı müəyyən olunmuş məlumatlara və “kadastrportali.az” elektron kadastr portalında qeyd olunan məlumatlara əsasən Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X6 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və həmin torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçmədiyi müəyyən edilir.
38. Göründüyü kimi cavabdehin imtinasının dəlili iş üzrə alınmış ekspert rəyi ilə təkzib olunur. Məhkəmə kollegiyası bildirir ki, ekspert rəyinin əsassızlığını təsdiq edən hərhansı düzgünlüyü və doğruluğu şübhə doğurmayan sübut cavabdeh orqan tərəfindən təqdim edilmədiyindən, onun dəlilinin heç bir hüquqi əsası yoxdur. Odur ki, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
39. Bundan əlavə Milli Arxivdən alınmış sənədlərdən göründüyü kimi Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli məktubu ilə Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 12-Ş-40 saylı razılıq məktubunu nəzərə alaraq, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 saylı qərarı ilə vətəndaş X6 Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, “Bakı" ticarət mərkəzinin yaxınlığında sahibkarlıq fəaliyyəti üçün ayrılmış 300 m2 torpaq sahəsində ofis binasının tikintisinə etiraz edilmədiyi və təqdim olunmuş memarlıqplanlaşdırma həllinə ("Bakımənzilkommunlayihə" Layihə institutunun işi. memar N.Qasımov) baxılaraq onun razılaşdırıldığı bildirilmişdir. Daha sonra isə Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 19 nömrəli sərəncamı ilə Bakı şəhəri, 8-ci mkr. C.Xəndan küçəsi, «Bakı» ticarət mərkəzinin yaxınlığında vətəndaş X6 hətta ayrılmış torpaq sahəsində təqdim edilən layihə əsasında ofis binasının tikintisinə icazə verilmişdir.
40. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
41. Birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, iddiaçının əsaslandığı bələdiyyə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edilir.
42. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz.
44. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2.2-ci maddəsində yerli özünüidarə orqanlarının aktları qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.”.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 816/2024 saylı xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçının mərhum atasının hüququnu təsdiq edən bələdiyə qərarı hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların (hazırki işdə bu sənədi xx.xx.2009-cu il tarixli, 19 nömrəli sərəncamı ilə tanımış Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyəti Başçısının, həmçinin də Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin özünün xx.xx.2008-ci il tarixli məktubu ilə), o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. (Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-55/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı).
47. Hazırkı mübahisəyə münasibətdə iddiaçının atasına aid Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli, 195 nömrəli qərarın hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni bələdiyyə qərarı öz hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlıdır.
48. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi isə inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları və bütün prosessual imkanlardan istifadə etməklə işin faktiki hallarını, o cümlədən iddiaçının dəlillərini və iddiaçının müraciətinin təmin olunmasından cavabdehin imtinasının əsaslarını yuxarıda qeyd olunan qanunvericilik aktlarının müddəaları və Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla tədqiq etməli, həmin hallara dair sübutları tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
51. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
52. Bu mənada məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsində xüsusi olaraq vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın (arayışın) verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
53. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli, 195 nömrəli qərarı əsasında torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsusluğu barədə müvafiq arayışın verilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
56. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının apellyasiya şikayəti təmin olunmalı, mübahisələndirilən qərar ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2024 nömrəli, xx.xx.2024-cü il qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli, 195 nömrəli qərarı əsasında satılmış Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., C.Xəndan küçəsi, “Bakı” Ticarət Mərkəzinin yanında 300 kv.m torpaq sahəsi üzərində hüququn ölmüş şəxs X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Pərviz Hüseynov Şərafət Məmmədova