Məhkəmə qərarları › İş №2-1(103)-2844/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2844/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2844/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, 3-cü şəxs Etibar Həsənovun nümayəndəsi və vəkili Vəkil2, 3-cü şəxs Səbail Bələdiyyəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6522/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0,112 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı ilkin qeydiyyatın ləğv edilməsi, RX seriyalı ******* saylı 02.06.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində X7 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış sonrakı qeydiyyatın ləğv edilməsi və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr (0.12 ha) torpaq sahəsinin 600 kv.metr hissəsi Bakı şəhəri Səbail Bələdiyyəsinin 208 saylı 06 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən birgə iddiaçılardan İddiaçı2, digər 600 kv.metr hissəsi isə həmin bələdiyyənin 1330 saylı 30 dekabr 2004-cü il tarixli Sərəncamına əsasən Fətəliyev Məhərrəm Hacı oğluna satılmışdır. Sonradan məlum olmuşdur ki, bitişik olan həmin torpaq sahəsi (yəni ümumilikdə 0.112 ha) tanımadıqları X3 mülkiyyətinə verilmiş, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı Ərazi İdarəsi təfəfindən verilmiş RX seriyalı ******* saylı 02.06.2017-ci il tarixli çıxarış mövcuddur. Müraciətlər nəticəsində əldə edilmiş sənədlərdən X3 adına çıxarışın verilməsi üçün hüquqverici sənəd qismində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli sərəncamının olduğu, lakin həmin sərəncamda X3 adına verilməsi nəzərdə tutulan torpaq sahəsinin tamamilə başqa bir ərazidə, yəni Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahəsində olduğu, sərəncamda torpaq sahəsinin ölçüsünün göstərilmədiyi, habelə torpağın ayrıc sənədi və eskiz layihəsinin (planının) olmadığı, həmin torpaq sahəsinin mübahisə dövründə X6 tərəfindən mübahisədən yayınmaq məqsədi ilə AN seriyalı ******* nömrəli 26.07.2018-ci il tarixli alqı-satqı müqaviləsi (natamam müqavilə) əsasında X2 və sonuncuya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 1 saylı Bakı Ərazi İdarəsi təfəfındən RX seriyalı ******* saylı cıxarış verildiyi müəyyən edilmişdir. İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda 600 kv.metr torpaq sahəsinin satılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 208 saylı 06 oktyabr 2004-cü il tarixli Sərəncamı, habelə İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, şossesi 32 ünvanda 600 kv.metr torpaq sahəsinin satılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 1330 saylı 30 dekabr 2004-cü il tarixli Sərəncamı bu günədək qüvvədədir. Aparılan araşdırmalar zamanı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 506 saylı 11 aprel 1997-ci il tarixli sərəncamında X4 ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün göstərilmədiyi, habelə torpağın ayrıc sənədinin (planının) olmadığı (habelə sərəncama əlavə edilmədiyi) müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr, torpaq sahəsinin 600 kv.m., hissəsinin Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004-cü il tarixli 208 saylı sərəncamına əsasən İddiaçı2, digər 600 kv.m., hissəsinin isə həmin bələdiyyənin 30 dekabr 2004-cü il tarixli 1330 saylı Sərəncamına əsasən İddiaçı1 satılması ilə bağlı toplanmış materiallardan görünür ki, həmin torpaq sahələri iddiaçıların adına qanun normalarına müvaflq surətdə sənədləşdirilmiş, eləcə də həmin torpaq sahələrinin təsdiq edilmiş planı mövcuddur. X4 münasibətdə qanuni əsasın, yəni torpaq sahəsinin planının mövcud olması faktı bu günədək müəyyən edilməmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 506 saylı 11 aprel 1997-ci il tarixli sərəncamı üzrə X4 torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsinə dair heç bir sənəd - sübut olmadığı halda iddiaçılara aid olan torpaq sahəsi cavabdeh tərəfindən tam qanunsuz surətdə göstərilən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilənlər baxımından cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə 01.03.2021-ci il tarixdə ərizə göndərərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004-cü il tarixli 208 saylı sərəncamı ilə İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda verilmiş 600 kv.metr torpaq sahəsi üzərində və Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1330 saylı sərəncamı ilə İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda verilmiş 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və iddiaçılara müvafiq çıxarışların verilməsini xahiş etmişlər, müraciət əsasında aparılan “yerində yoxlama işləri” zamanı cavabdehin nümayəndəsi (əraziyə baxış keçirmiş mühəndis), iddiaçılara ayrılaraq satılmış Bakı şəhəri, Salyan şossesi 32 ünvana gələrək torpaq sahəsinə baxış keçirdikdən sonra mübahisəli ərazinin iddiaçılara verilmiş torpaq sahələri olduğunu bildirmişdir. Cavabdeh bu günədək yuxarıda göstərilən 01.03.2021-ci il tarixli müraciətə cavab verməmiş və hüquqlarının qeydə alınması üçün heç bir tədbir görməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6522/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisənin prosessual hüquqi əsası düzgün müəyyən edilmədiyindən qərardad qanuni deyildir. Məhkəmə hesab etmişdir ki, “iddiaçılar iş üzrə mübahisələndirilən qeydiyyatın aparılmasının əsasını təşkil etmiş Səbail rayon İcra Hakimiyyətinin Başçısının 506 saylı 11.04.1997-ci il tarixli Sərəncamını mübahisələndirmədən birbaşa qeydiyyatın ləğvinə dair qaldırılmış iddiaya iddiaçıların hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda aktın ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını lüzumsuz edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 4 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir”. Qeyd edilməlidir ki, məhkəmənin irəli sürdüyü ilkin dəlil, yəni iş üzrə mübahisələndirilən qeydiyyatın aparılmasının əsasını təşkil etmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı 11.04.1997-ci il tarixli Sərəncamını mübahisələndirmədən birbaşa qeydiyyatın ləğvinə dair qaldırılmış iddiaya iddiaçıların hüquqi marağının mövcud olmaması, həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda aktın ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasının lüzumsuz olması barədə dəlili tamamilə əsassızdır. Mübahisə üzrə aparılan bundan əvvəlki araşdırmalar zamanı sübutlar əsasında (iddia ərizəsinə əlavə edilmişdir) birmənalı olaraq müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı 11.04.1997-ci il tarixli Sərəncamı ilə verilmiş torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsi deyil və həmin torpaq sahəsi tamamilə başqa ərazidə yerləşir. Ona görə də həmin sərəncamı mübahisələndirməyə heç bir ehtiyac olmamışdır, yəni göstərilən sərəncamda nəzərdə tutulan torpaq sahəsi onlara məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyinə görə həmin sərəncamı mübahisələndirilmək zərurəti olmamışdır. Məhkəmənin “iddianın qeyri-mümkünlüyü” ilə bağlı istinad etdiyi digər əsasa, yəni iddia müddəti ilə bağlı əsasa gəldikdə isə qeyd edilməlidir ki, məhkəmənin həmin nəticəsi də düzgün deyil. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, məsələ ilə bağlı iddiaçılar tərəfindən müxtəlif instansiyalara müraciətlər edilmiş və hüquqverici sübutlar toplandıqdan sonra nəhayət X4 və X8 qarşı “Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın və torpaq sahəsinə dair plan və ölçülərin ləğv edilməsi, torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, orada aparılmış tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair” iddiası Bakı şəhəri Səbail rayon Məhkəməsində qaldırılmış, lakin həmin məhkəmənin 2(009)-330/2019 saylı 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1421/2020 saylı 05.03.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək “Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-330/2019 saylı 06 noyabr 2019-cu il tarixli qətnaməsinin “X3 adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən torpq sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi və həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi” qərara alınmış və həmin qərardadla iddiaçılara “hazırki tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququqlarının olması ” izah edilmişdir. Odur ki, bütün göstərilənlər baxımından iddiaçılar Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə kuryer poçtu vasitəsilə 01.03.2021-ci il tarixdə ərizə göndərərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004- cü il tarixli 208 saylı Sərəncamı ilə İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda verilmiş 600 kv.metr torpaq sahəsi üzərində və Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1330 saylı Sərəncamı ilə İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda verilmiş 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və onlara müvafiq çıxarışların verilməsini xahiş etmişlər. Habelə qeyd edilməlidir ki, məhkəmənin 28 sentyabr 2021-ci il tarixdə keçirilən iclasında müddətin buraxılmasının üzrlü hesab edilməsi ilə bağlı ərizənin verilməsi məhkəmənin israrlı təkidlərindən sonra verilmişdir. Belə bir ərizənin alınmasında məhkəmənin qərəzli məqsədi və mövqeyi qərardad elan edildikdən sonra məlum olmuşdur. Yəni, məhkəmə mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə onu “başından eləmiş”, İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş “yardım etmək vəzifəsi”ni yerinə yetirməmişdir. Sadalanan hallardan və xüsusatlardan göründüyü kimi, məhkəmənin “iddiaçılar heç bir üzrlü səbəb olmadan 4 (dörd) ildən sonra məhkəməyə müraciət etmişlər ” barədə nəticəsi işin həqiqi hallarına qətiyyən uyğun deyildir. Tərəflərin izahatları İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildimişdir ki, Səbail rayon İcra hakimiyyəti başçısının sərəncamını mübahisələndirməyə ehtiyac yoxdur. Qarşı tərəfə verilən torpaq sahəsi başqa ərazidə yerləşir. Çıxarışda həmin ünvan olsa da yerində araşdırmalar zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi Səbail rayonunun başqa ərazisində yerləşir. Bu hal prokurorluq tərəfindən aparılmış araşdırmalar, eləcə də reyestr xidmətinin mütəxəssislərinin torpaq sahəsinə keçirdiyi yerində baxış zamanı müəyyən olunmuşdur. Nə 530 saylı Sərəncamla torpaq ayrılmasına dair İcra hakimiyyətinin arxivində, nə də Dövlət arxivində torpaqayırma aktı, plan və cisgi sənədi yoxdur. İddiaçılara bələdiyyə tərəfindən verilmiş torpaq sahəsinə dair bələdiyyənin torpaqayırma aktı, plan və cizgisi mövcuddur. İddiaçıların həmin sərəncamı mübahisələndirməkdə subyektiv hüquqları vardır, çünki çıxarış onlara məxsus olan torpaq sahəsinə verilmişdir. Bununla bağlı iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. 3-cü şəxs Səbail Bələdiyyəsinin nümayəndəsi X14 izahatında bələdiyyə tərəfindən iddiaçılara torpaq sahəsi verilərkən qanunvericiliyin tələblərinə əməl olunduğunu, bələdiyyənin torpaq ayıran zaman və hazırda da həmin torpağa dair adına şəhadətnaməsinin olmadığını bildirmiş, sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 3-cü şəxs Etibar Həsənovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, 1997-ci il tarixli sərəncamla X13 şossesində torpaq sahəsi verilmiş, həmin şəxs tərəfindən torpaq özəlləşdirildikdən sonra Etibar Həsənov tərəfindən satın alınmış, torpaqda fərdi yaşayış evi tikilmiş, evin tikintisi başa çatdırılmış və hazırda orada yaşayış mövcuddur. Mövcud vəziyyətdən iddiaçıların 2017-ci il tarixdən məlumatlı olmalarına baxmayaraq onlar müddəti ötürməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Bunun üçün buraxılmış müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə ərizə də təqdim edilmişdi. Bununla bağlı 3-cü şəxs Etibar Həsənovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və digər 3-cü şəxs Səbail rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə bildirişi digər 3-cü şəxs X3 iş materiallarında olan ünvanına göndərilsə də, poçt zərfinin üzərindəki qeydə əsasən “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin, digər 3-cü şəxslər X3 və Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarında olan ünvan 11n görünür ki, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “Köhnə bağ sahəsi X3 adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. Bu fakt işə əlavə olunmuş Arxiv çıxarışı ilə də təsdiq olunur. RX seriyalı ******* saylı 02.06.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 0.112 ha torpaq sahəsi Kamal Zamanxanovun xüsusi mülkiyyətindədir. AN-İ seriyalı ******* saylı 26.07.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən sahəsi 0.112 ha olan torpaq sahəsi X1. Eyni zamanda Səbail rayon Bələdiyyəsinin 208 saylı 16.10.2004-cü il tarixli və 1330 saylı 30.12.2004-cü il tarixli sərəncamlarından görünür ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən hər biri 600 kv.m. olan torpaq sahələri əlavə olunmuş cizgilər əsasında alqı-satqı qaydasında İddiaçı2 və İddiaçı1 adına sənədləşdirilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və X8 qarşı "torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın və torpaq sahəsinə dair plan və ölçülərin ləğv edilməsi, torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, orada aparılmış tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-330/2019 saylı 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1421/2020 saylı 05.03.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilərək, “qətnamənin X3 adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən torpq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi və həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi” qərara alınmış, eləcə də iddiaçılara hazırki tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, “Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-330/2019 saylı 06 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən, “X6 ilə X12 arasında bağlanmış 26.07.2018-ci il tarixli həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması” qərara alınmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndində göstərilmişdi ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DTXK-nin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 06.05.2002ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Beləliklə, sadalanan qanunvericilik aktlarının məzmununa görə iddiaçılara müvafiq bələdiyyə orqanı tərəfindən torpaq sahəsi ayrılmamışdan əvvəl həmin torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədi (dövlət şəhadətnaməsi) olmalı, bundan sonra həmin torpaq sahəsinin ayrılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu ilə razılaşdırılmalı və daha sonra bələdiyyə ilə iddiaçı arasında bağlanmış alqı-satqı aktının həm də həmin qurumun nümayəndəsi tərəfindən imzalanıb təsdiqlənməsi tələb olunur. Apellyasiya baxışı zamanı 3-cü şəxs Səbail Bələdiyyəsinin nümayəndəsi X14 izahatında bələdiyyənin torpaq ayıran zaman və hazırda da torpağa dair adına şəhadətnaməsinin olmadığını bildirmişdir. Bununla yanaşı, iş materıallarında olan iddiaçılarla Səbail rayon Bələdiyyəsi arasında bağlanmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbəsi (səlahiyyətli şəxsi) tərəfindən imzalanıb təsdiqlənməmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən mübahisəli (iddiaçılara ayrılmış) torpaq sahələrinin nə ayrılan zaman, nə də hazırda Səbail rayon Bələdiyyəsinin mülkiyyətində olması, həmçinin bələdiyyə tərəfindən həmin torpaq sahələrinin ayrılması qaydalarına riayət edilməklə iddiaçılara verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçıların apellyasiya şikayətində göstərdiyi “Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı 11.04.1997-ci il tarixli Sərəncamı ilə verilmiş torpaq sahəsi tamamilə başqa ərazidə yerləşib, iddiaçılara ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi üçün həmin sərəncamı mübahisələndirmək zərurətinin olmadığı” barədə dəlilinə münasibətdə qeyd olunur ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı 11.04.1997-ci il tarixli X5 adına rəsmiləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verildiyi torpaq sahəsinin “Bibiheybət” qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə əsasən Bibiheybət qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri olduğu qeyd olunmuş və həmin şəxsin adına verilmiş hazırda ləğv olunması tələb olunan ******* saylı 02.06.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da torpaq sahəsinin ünvanı “Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi, 32” kimi göstərilmişdir. Göründüyü kimi, Kamal Zamanxanovun adına rəsmiləşdirilməsi qərara alınmış ilkin hüquqmüəyyənedici sənəd- ünvan 11, həm də sonradan onun əsasında verilmiş ******* saylı 02.06.2017-ci il tarixli reyestrdən çıxarışda torpaq sahəsinin ünvanı eyni- “Səlyan şossesi, 32” göstərilmişdir. İddiaçılar ünvan 11 ünvanı göstərilən torpaq sahəsinin ******* saylı 02.06.2017-ci il tarixli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə eyni olmadığını bildirərkən həm də bu faktın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokuroru K.Mansurovun qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05.07.2017-ci il tarixli qərarında da müəyyən edildiyinə istinad etmişlər. Bu barədə məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar hazırki işdə müvafiq reyestrdəki qeydi və çıxarışı mübahisələndirmək üçün əvvəlcə həmin qeydin aparılması və çıxarışın verilməsi üçün əsas olan sərəncamın onların hüquqlarına toxunduğunu, başqa sözlə, iddia etdikləri torpaq sahələrinin onlara qanunvericiliyin tələblərinə riayət edilməklə ayrıldığını sübut etməlidirlər. Hazırki vəziyyətdə isə iddiaçılar belə sübutları verməməklə yanaşı, həm də mübahisələndirdikləri reyestrdəki qeydin və çıxarışın verilməsi üçün əsas olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı 11.04.1997-ci il tarixli Sərəncamının onların hüquqlarına toxunmadığı üçün onun mübahisələndirilməsinə də zərurətin olmadığını bildirirlər. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçıların apellyasiya şikayətində istinad etdiyi hallar ******* saylı 02.06.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi və daha sonra verilmiş çıxarışın etibarsız hesab olunması ilə bağlı subyektiv hüquqlarının mövcudluğunu təsdiqləmir. Bundan başqa iddiaçıların apellyasiya şikayətində göstərdiyi “iddia müddətinin ötürülməməsi” ilə bağlı gətirdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, hazırki iddia ilə bağlı iddiaçılar tərəfindən daha öncə müxtəlif instansiyalara müraciətlər edilsə də, çıxarılmış məhkəmə qərardadlarından dərhal sonra inzibati məhkəməyə müraciət edilməmiş, bununla bağlı iddiaçılar operativlik göstərməmiş, əksinə işə birinci instansiya qaydasında baxılarkən tərəflərindən iddia müddətinin ötürüldüyünü qəbul edərək həmin müddətin buraxılmasının ölkədə 2019-cu ilin mart ayından “Covid 19” pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi ilə bağlı olduğunu bildirmişlər. Halbuki pandemiya dövründə inzibati orqanlar və məhkəmələrin fəaliyyətində qismən məhdudiyyətlər qoyulsa da, belə məhdudiyyətlər işçi heyət tərəfindən ərizə və şikayətlərin, məhkəmələr tərəfindən isə iddia ərizələrinin qəbuluna tətbiq olunmamış, həmin dövrdə elektron qaydada sənəd mübadiləsinin aparılması davam etdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin bərpa edilməsi ilə bağlı verilmiş ərizəni təmin etməyib, iddianı qeyri-mümkün saymaqda düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, hazırki işdə iddiaçıların daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın ləğv edilməsi və bundan sonra verilmiş reyestrdən çıxarışın etibarsız hesab olunması ilə bağlı tələbi qeyri-mümkün sayıldığı üçün onun “reyestrdə aparılmış sonrakı qeydiyyatın ləğv edilməsi və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi” barədə tələbləri də əsas iddia tələbinin davamı olaraq qeyrimümkün sayılmalıdır. Bununla bağlı iddiaçıların apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-6522/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-6522/2021 saylı 28 sentyabr 2021--ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar