Məhkəmə qərarları › İş №2-1(103)-2844/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2844/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2844/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1877/2023 nömrəli, 01 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinası (hərəkəti və hərəkətsizliyi) qanunsuz və əsassız hesab edilməklə, Binəqədi rayonu, 9-cu mikrorayon, Pişəvarı küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-1877/2023 nömrəli 01 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Bakı şəhəri, Pişəvari küçəsində yerləşən köşkü istifadə edir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.1999-cu il tarixli 18/04 f-1145 razılaşma və N450 xx.xx.1993-cü il tarixli sərəncama əsasən yeni tikilmiş ticarət sırasında yer ayrılan müəssisələr və fiziki şəxslərin siyahısında onun adı mövcuddur. xx.xx.1998-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən “Sərvanlar” kooperativinə məxsus Bakı şəhəri, Pişəvari küçəsində yerləşən köşk onun adına keçirilmişdir. xx.xx.2000-ci il tarixli 1376 saylı sərəncama əsasən İddiaçı məxsus köşk yenidən qurulmuşdur. Cavabdehin imtinası əsassızdır. Belə ki, uzun müddətdir həmin qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin iddianın təmin edilməməsi hissəsinə dair gəldiyi nəticəsi Azərbaycan Respublikasının İPM-nin tələblərinə uyğun deyildir. Belə ki, məhkəmə qərar qəbul edərkən qeyd etmişdir ki, iddiaçı həm məhkəməyədək inzibati icraat, eləcə də məhkəmə araşdırması zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci (8.0.9 və ya 8.0.10) maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir Cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qərar çıxararkən aşağıdakı hüquqi sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 450 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən 9-cu mikrorayon Pişəvari küçəsi kolxoz bazarının qarşısında ticarət sırasının təşkil edilməsinə icazə verilmişdir. Ticarət sırasında yerlərin müəssisələr arasında bölüşdürülməsi üçün komissiya yaradılmışdır. Ticarət sırasının təşkil edilməsi üçün tutulan ərazidə yerləşən köşklər götürülsün və bölgü zamanı qərarı olan, köşkü götürülmüş müəssisələrə ticarət sırasında yer verilsin. Ticarət sırasının təşkil edilməsi üçün nəzərdə tutulmuş sahə, Bakı Şəhər Memarlıq Və Şəhərsalma Baş İdarəsinə tapşırılmışdır. Ticarət sırasının layihəsi Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi ilə razılaşdırılmışdır. Ticarət sırasında yer ayrılmış müəssisələrdə Binəqədi rayon MKTB ilə müqavilə bağlamaq tapşırılmışdır. Ticarət sırasının və ətraf ərazinin sanitar normalara uyğun təmiz saxlanılması sırada yer almış müəssisələrə tapşırılmışdır. Sərəncamın icrasına nəzarət Binəqədi rayon MKTB-nin rəisinə, Binəqədi rayon Bələdiyyəsi, Polis İdarəsinin rəisinə və Binəqədi Rayon Polis İdarəsinin əraziyə xidmət edən polis bölməsinin rəisinə tapşırılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 978 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 450 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən “Sərvanlar” kooperativinə məxsus 9-cu mikrorayon Pişəvəri küçəsi Kolxoz bazarının qarşısında quraşdırılmış metal köşkün fəaliyyəti dayandırılmış, həmin ticarət köşkü İddiaçı adına keçirilmiş və fəaliyyəti bərpa edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 450 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı məxsus köşkün yenidən qurulmasına aid sxematik plan tərtib edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış 18/04f-1145 saylı xx.xx.1999-cu il tarixli məktubla bildirilmişdir ki, Memarlıq və şəhərsalma baş idarəsi 9-cu mikrorayon Pişəvari küçəsindəki kolxoz bazarının qarşısındakı köşklərin yerində ticarət cərgəsinin tikintisinə aid təqdim edilən eskiz layihəsi ilə tanış olaraq onu razılaşdırır. Ticarət cərgəsinin tikintisi qoyulmuş qaydada, inşaat normaları üzrə, yeraltı mühəndis xətlərindən azad olan sahədə aparılmalıdır. Zəruri halda mövcud yeraltı mühəndis xətlərinin sahədən çıxarılması müvafiq qaydada həll edilməlidir. 9-cu mikrorayonda Pişəvari küçəsində BŞİM və ŞBİ xx.xx.1999-cu il tarixli 18/04f1145 saylı razılaşdırılma və 450 saylı xx.xx.1993-cü il tarixli sərəncama əsasən yeni tikilmiş ticarət sırasında yer ayrılan müəssisələrin və fiziki şəxslərin siyasında İddiaçı adı 33-cü sıradadır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 1376 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 450 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə 9-cu mikrorayon Cavadxan küçəsində təşkil edilməsinə icazə verilmiş ticarət cərgəsində vətəndaş İddiaçı məxsus köşkün yenidən qurulmasına icazə verilmişdir. Yenidənqurma işlərinin layihəsinin rayonun memarı ilə razılaşdırılması vətəndaş İddiaçı tapşırılmışdır. Köşk sahəsinin və ətraf ərazinin sanitar-texniki normaların tələblərinə uyğun, təmiz saxlanılması vətəndaş İddiaçı tapşırılmışdır. Sərəncamın icrasına nəzarət rayonun memarına, rayon MKTB-nə və RPİ-nin 7-ci polis bölməsinə tapşırılmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ********** saylı xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən Cavadxan küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 26.0 kv.m, faktiki olaraq 44.0 kv.m-dir (Sta = 50.4 kv.m). Təqdim olunmuş layihəyə əsasən ölçülərdə fərq mövcuddur. Obyektin yaxınlığında mobil şəbəkə antennası mövcuddur. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, yuxarıda qeyd edilən hüquqi sənədlərə əsasən sözü gedən qeyri-yaşayış sahəsi uzun müddətdir ki, iddiaçının mülkiyyətində və istifadəsindədir. Lakin mülkiyyət hüququnu reyestr xidmətindən bu günə kimi qeydiyyatdan keçirə bilməmişdir. Məhkəmə qərar çıxaran zaman mövcüd qanunvericiliyə istinad etməkdə yalnışlığa yol verərək sərəncamlar verilərkən qüvvədə olan normaları nəzərə almamışdır. Bakı İnzibati Məhkəməsi iddia ərizəsinin təmin edilməməsi barədə qərarı qətiyyən əsaslandırmamış, ümumi sözlərlə kifayətlənərək həmin hissədə tələbi əsassız olaraq təmin etməmişdir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 01 may 2023cü il tarixli, 2-1(112)-1877/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Binəqədi rayonu, 9-CU MKR., Cavadxan küçəsində yerləşən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. Qeyd olunan əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 450 saylı xx.xx.1993-cü il tarixli sərəncamının surətindən görünür ki, 9-cu mikrorayon Pişəvari küçəsi kolxoz bazarının qarşısında ticarət sırasının təşkil edilməsinə icazə verilməsi, ticarət sırasında yerlərin müəssisələr arasında bölüşdürülməsi üçün komissiyanın yaradılması, ticarət sırasının təşkil edilməsi üçün tutulan ərazidə yerləşən köşklər götürülməsi və bölgü zamanı qərarı olan, köşkü götürülmüş müəssisələrə ticarət sırasında yer verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 978 saylı xx.xx.1998-ci il tarixli sərəncamının surətindən görünür ki, “Sərvanlar” kooperativinə məxsus 9-cu mikrorayon Pişəvəri küçəsi Kolxoz bazarının qarşısında fəaliyyət göstərən ticarət cərgəsində quraşdırılmış metal köşkün fəaliyyəti dayandırılmış, həmin ticarət köşkü İddiaçı adına keçirilmiş və fəaliyyəti bərpa edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış 18/04f- 1145 saylı xx.xx.1999-cu il tarixli məktubla bildirilmişdir ki, Memarlıq və şəhərsalma baş idarəsi 9-cu mikrorayon Pişəvari küçəsindəki kolxoz bazarının qarşısındakı köşklərin yerində ticarət cərgəsinin tikintisinə aid təqdim edilən eskiz layihəsi ilə tanış olaraq onu razılaşdırır. Ticarət cərgəsinin tikintisi qoyulmuş qaydada, inşaat normaları üzrə, yeraltı mühəndis xətlərindən azad olan sahədə aparılmalıdır. Zəruri halda mövcud yeraltı mühəndis xətlərinin sahədən çıxarılması müvafiq qaydada həll edilməlidir. İş materiallarında olan 9-cu mikrorayonda Pişəvari küçəsində BŞİM və ŞBİ xx.xx.1999-cu il tarixli 18/04f-1145 saylı razılaşdırılma və 450 saylı xx.xx.1993-cü il tarixli sərəncama əsasən yeni tikilmiş ticarət sırasında yer ayrılan müəssisələrin və fiziki şəxslərin siyasında İddiaçı adı 33-cü sıradadır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 1376 saylı xx.xx.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 450 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə 9-cu mikrorayon Cavadxan küçəsində təşkil edilməsinə icazə verilmiş ticarət cərgəsində vətəndaş İddiaçı məxsus köşkün yenidən qurulmasına icazə verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən Cavadxan küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 26.0 kv.m, faktiki olaraq 44.0 kv.m-dir (Sta = 50.4 kv.m). Təqdim olunmuş layihəyə əsasən ölçülərdə fərq mövcuddur. Obyektin yaxınlığında mobil şəbəkə antenası mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini təqdim edə bilmədi. Qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinə dair qeyd olunan sənədlər olmadığından cavabdeh orqanın qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1877/2023 nömrəli, 01 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar