Məhkəmə qərarları › İş №2-1(103)-2844/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2844/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2844/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3286/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayonu XDS İK-nin 1988-ci il tarixli 16/608 saylı qərarı ilə iddiaçıya ayrılan 600 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəyə cavabdeh tərəfindən baxılmış və torpaq sahəsinin razılaşdırılmış yerləşmə sxemi təqdim olunmadığı üçün imtina verilmişdir. Dəfələrlə cavabdehə ünvanlanan məktublarda iddiaçı eyni cavablar aldığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Xəzər Rayonu İH-nin başçısının 1-ci müavininin fərdi yaşayış evini tikmək üçün ayrılan toıpaq sahəsinin yerləşmə sxeminin hazırlanması üçün RİH-nə ünvanlanan ərizədə tapşırığa əsasən RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılması və nümayəndəlikdən verilən məlumatda istifadədə olan torpaq sahəsinin sənəd üzrə ölçülərinin faktiki ölçülər arasında uyğunsuzluq olduğundan sözügedən sahəyə yerləşmə sxeminin verilməsinin məqsədəuyğun olmaması qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan arxiv arayışdan göründüyü kimi, Əzizbəyov rayonu XDS İK-nin 1988-ci il tarixli, 16/608 №-li qərarı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-3286/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təqdim olunan arxiv arayışdan göründüyü kimi Əzizbəyov rayonu XDS İK-nin 1988-ci il tarixli, 16/608 №-li qərarı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmə iddia tələbini rədd etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə hər bir halda araşdırmanın aparılması üçün yerli baxış keçirməli və əgər torpaq sahəsindən hər hansı bir yüksək gərginlikli elektrik və ya qaz xətti və ya neft şirkətinin balansında olması halı aşkar olunduqda belə bir qənaətə gəlməli idi. Məhkəmənin çıxardığı qərar maddi və prosessual pozuntulara yol verməklə qəbul edildiyi üçün ləğv olunmalı və iddianın təmin olunması barədə qərar qəbul edilməli və mülkiyyətçinin hüquqları məhdudlaşdırılmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizənizə baxılmışdır. Torpaq sahəsinin razılaşdırılmış yerləşmə sxemi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Fərdi yaşayış evi tikmək üçün Sizə ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması barədə Rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəniz tapşırığa əsasən RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Nümayəndəlikdən verilən məlumatda bildirilir ki, istifadənizdə olan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan sözügedən sahəyə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla İddiaçı adına olan Bakı şəhər Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 16/608 nömrəli qərarının təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmiş, həmçinin bildirilmişdir ki, həmin qərara əsas olmuş sənədlər (yerləşmə cizgisi, təhkim aktı və s.) əlavə edilməmişdir. Həmin məktuba əlavə edilmiş Əzizbəyov rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 16/608 saylı qərarının surətindən görünür ki, İddiaçı Mərdəkan qəsəbəsində 1/42 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin faktiki halları ondan ibarətdir ki, Əzizbəyov rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 16/608 saylı qərarına əsasən İddiaçı Mərdəkan qəsəbəsində 1/42 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan torpaq sahəsinin razılaşdırılmış yerləşmə sxemi təqdim edilmədiyi üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh orqana qeydiyyata alınmalı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən planı və ölçüsü (yerləşmə sxemi) təqdim edilməmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı ona fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması barədə Xəzər RİH-nə müraciət etmiş, RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılma aparılmış, lakin torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan sözügedən sahəyə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmamışdır. Lakin Xəzər RİH-nin imtinası iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan göründüyü kimi, torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən isə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır, qeydiyyat orqanına verilən ərizəyə digər sənədlərlə yanaşı, torpaq sahəsinin planı və ölçüsü də əlavə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan qərara əsasən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi üçün həmin qərarı vermiş inzibati orqana - Xəzər RİH-nə müraciət etməli, müraciətinin təmin edilməsindən imtina edildiyi halda isə həmin tələblə məhkəməyə müraciət etməlidir. İş materiallarından da görünür ki, iddiaçı belə bir tələblə Xəzər RİH-nə müraciət etmişdir və Xəzər RİH iddiaçının istifadəsində olan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan həmin torpaq sahəsinə yerləşmə sxeminin verilməsindən imtina etmişdir. Lakin iddiaçı cavabdeh Xəzər RİH-nin onun müraciətinin təmin edilməsindən imtinasını mübahisələndirməmişdir. Beləliklə, qeyd olunan qərarı vermiş inzibati orqan iddiaçıya ayrılmış torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğu üçün həmin qərarla iddiaçıya ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsindən imtina etmiş, iddiaçı həmin imtinanı mübahisləndirməmiş və hazırda torpağın yerləşmə sxemini təqdim edə bilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3286/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar