Məhkəmə qərarları › İş №2-1(103)-2846/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2846/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2846/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9831/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9831/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Vergi ödəyicisinin aktiv obyektləri **********-13001 kodlu mağazası Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 26-da, **********-14001 kodlu anbartopdan ticarət obyekti isə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında uçotdadır. İddiaçı rəhbəri X3 ünvan 2 ünvanında şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatdadır. Həmçinin bildiririk ki, iddiaçının mübahisələndirdiyi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2025ci il tarixli № **********192796 saylı qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, inzibati işə Bakı İnzibati Məhkəməsinin icraatında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məhkəməsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddialara hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur (ünvan 3 ünvanında yerləşir). Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin “İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişlik edilməsi haqqında” 3-21/3-1-F-187/2023 №li 23 dekabr 2023cü il tarixli əmri ilə müəyyən edilmişdir ki: 2.1. bu əmrin, o cümlədən 2.5-ci bəndinin tələbləri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mövcud əsasnamədə təsbit edilmiş olunan səlahiyyətlərlə yanaşı, eyni zamanda Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, Qarabağ Ərazi Vergilər Baş İdarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində vergi uçotunda olan vergi ödəyicilərində səyyar və kameral vergi yoxlamalarını həyata keçirmək (o cümlədən 5, 8, 13 saylı ərazi vergilər idarələri və 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən başlanan, lakin başa çatmayan səyyar və kameral vergi yoxlamalarını başa çatdırmaq), eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 üzrə Baş İdarəsi və ləğv edilmiş rayon vergilər şöbələri tərəfindən başlanmış, lakin başa çatmamış kameral vergi yoxlamalarını başa çatdırmaq səlahiyyətinə malikdir. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati akt qəbul etmək səlahiyyəti birdən çox məhkəməni əhatə etdiyindən işin ərazi aidiyyəti İPM-in 8.1.2ci maddəsinin ikinci cümləsinin tələbinə uyğun həll edilməlidir. “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 1-8-10/2-2194/2024 nömrəli icmal məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.1ci və 34-cü maddəsində vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslərin vergi orqanlarında uçota alınmalarına dair müddəalar əks olunmuşdur. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən, "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi yer baxımından uçota alına bilirlər. Başqa sözlə, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsasən onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla, ərazi aidiyyətinin həlli məsələsində də İPM-in 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "şəxsin yaşayış yeri və ya olduğu yer” ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.” İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2019-cu ildə vergi uçotuna alınmış İddiaçı MMC (VÖEN **********) 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən (www.taxes.gov.az) müəyyən edilir ki, cavabdehin iddia verilən anda vergi uçotuna alındığı yer, yəni uçotda olduğu 8 saylı Ərazi Vergilər İdarəsi Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ünvanında yerləşir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32- ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Beyləqan rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir (18.3). İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası həmin dəlilləri əsaslı saymayaraq qeyd edir ki, məhkəmənin qənaətinə görə, iddia mübahisələndirmə növündə iddia, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səlahiyyəti birdən çox məhkəməni əhatə edən inzibati orqan, iddiaçının iddia verilən anda vergi uçotunda olduğu vergi orqanı Beyləqan rayonunda olduğundan və Beyləqan rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşdiyindən hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işin aidiyyətı üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsində haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9831/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar