Məhkəmə qərarları › İş №2-1(103)-2847/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2847/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2847/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı “təqdimatın qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Ganieva Zinaranın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı “təqdimatın qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7681/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə barəsində cinayət işinin başlanması haqqında əsassız qəbul etdiyi və Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərdiyi inzibati akt olan xx.xx.2024-cü il tarixli təqdimatın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 yetkinlik yaşına çatmamış övladlarının saxlanılmasından ötrü, hər uşağa 154 manat olmaqla, ümumi 308 manat ödənilməsinə dair cavabdeh olduğu qanuni qüvvəyə minmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı qətnaməsi tərəfindən icra edildiyi, yəni məhkəmənin müəyyən etdiyi 308 manat və bundan əlavə yaranmış borcdan da, hər ay 200 manat, ümumillikdə hər ay 508 manat vəsaitlərin iddiaçıya tərəfindən ödənildiyi halda, cavabdeh aliment üzrə yaranmış həmin borcun hamısının birdəfəlik ödənilməsini tələb etmişdir. İddiaçının faktiki imkanları olmadığı səbəbindən alimenti ödəmədiyinə görə cavabdeh həmin məhkəmənin qərarının guya tərəfindən icra olunmadığını göstərmişdir. Bu səbəbdən cavabdeh heç bir əsas olmadan “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə istinad edib, əvvəla xx.xx.2024-cü il tarixdə iddiaçıya xəbərdarlıq etmiş və bundan sonra xx.xx.2024-cü il tarixdə törətmədiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlamaq üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə qanunsuz təqdimat göndərmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona qarşı qəbul edilmiş təqdimat qanunsuz olduğundan ləğv edilməlidir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7681/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadı qəbul edərkən, Bakı İnzibati Məhkəməsi icra məmurunun qəbul etdiyi həmin təqdimatın guya inzibat akt olmadığını göstərmiş, eləcə də, bilə-bilə ədalətsiz qəbul etdiyi həmin qərardadını əsaslandırmağa çalışaraq, heç bir əsas verməyən, əksinə onu qəbul etmək üçün əsas verən, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 Nömrəli qərarının 2.3, 6.1 və 6.2-ci bəndlərinə, bunlardan başqa, inzibati icraat qaydasında icra məmurun qanunsuz hərəkətlərindən İnzibati Məhkəməyə şikayət vermə barədə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə, habelə, şikayətə heç bir aidiyyatı olmayan (vergilərin ödənilnıənıəsi ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) barədə həmin Qanunun 84-2.4-cü maddəsininin tələblərinə əsassız olaraq istinad etmişdir. Bildirdiyi bu yalnış fikrini və gəldiyi belə yalnış nəticəni əsaslandıra bilməyən Bakı İnzibati Məhkəməsi, hazırki mübahisənin inzibati icraat qaydasında deyil, mülki qaydada həll edilməsini, yəni 2(002)-2732/2018 saylı mülki işinə baxan Qaradağ rayon məhkəməsi tərəfindən baxılmasını göstərmişdir. Bu səbəbdən,Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 və Qaradağ rayon icra şöbəsinin rəisi Azər Paşayevin bu hərəkətlərinin qanunsuz hesab edilməsi və ona qarşı qəbul etdiyi inzibati akt olan həmin qərarlarının (xəbərdarlığın və təqdimatın) qanunsuz hesab edilib ləğv olunması tələbi ilə, tərəfindən Qaradağ rayon məhkəməsinə müvafiq şikayət verilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadı ilə ərizəçi İddiaçı icra məmurunun hərəkətlərindən şikayətinin mülki-mübahisə qaydasında baxılmasının yolverilməzliyi və bu şikayətin inzibati məhkəməyə müraciət edilməsi göstərilmiş və buna görə də, şikayəti və ona əlavə edilmiş sənədlər onun özünə geri qaytarılmışdır. Beləliklə, hazırki mübahisə üzrə Bakı İnzibati Məhkəməsi və Bakı şəhər Qaradağ rayon məhkəməsi tərəfindən bir-birinə zidd olan fərqli mövqe bildirilmiş və qərardadlar qəbul edilmişdir. Tərəflərin izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etdi.

7. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

İŞİN HALLARİ:

9. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/18 nömrəli, xx.xx.2018- ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən borclu Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlundan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir.

10. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş və zəruri icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş borclu İddiaçı icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətində icra sənədində olan tələb könüllü olaraq tərəfindən təmin edilməmişdir.

11. Borclu İddiaçı xx.xx.2024-cü il tarixdə Qaradağ rayon icra şöbəsinə dəvət edilərək qanunvericiliyin tələbləri ona izah edilmişdir. Buna baxmayaraq İddiaçı dəfələrlə edilmiş xəbərdarlıqlardan, inzibati məsuliyyətə cəlb edilməsindən, barəsində görülən digər məcburi tədbirlərdən müsbət nəticə çıxarmadığına görə Bakı şəhəri Qaradağ rayonu İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə 04.12. 2024-cü il tarixli təqdimat göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

18. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

22. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/18 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən borclu Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlundan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş və zəruri icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş borclu İddiaçı icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətində icra sənədində olan tələb könüllü olaraq tərəfindən təmin edilməmişdir. Borclu İddiaçı xx.xx.2024-cü il tarixdə Qaradağ rayon icra şöbəsinə dəvət edilərək qanunvericiliyin tələbləri ona izah edilmişdir. Buna baxmayaraq Z. Poladov dəfələrlə edilmiş xəbərdarlıqlardan , inzibati məsuliyyətə cəlb edilməsindən, barəsində görülən digər məcburi tədbirlərdən müsbət nəticə çıxarmadığına görə Bakı şəhəri Qaradağ rayonu İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə 04.12. 2024-cü il tarixli təqdimat göndərilmişdir.

23. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə mövqeyini belə əsaslandırmışdır ki, icra sənədinin qərəzli olaraq icra edilməməsinə görə icra məmuru tərəfindən borclunun cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimatı inzibati akt deyildir. Belə ki, həmin təqdimat icra sənədinin icrası çərçivəsində icra məmurunun həyata keçirdiyi tədbirlərə aiddir və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. Belə ki, borclu həmin təqdimat əsasında müvafiq istintaq orqanı tərəfindən aparılmış araşdırmada iştirak edə və həmin məsələ ilə bağlı etirazlarını həmin orqan qarşısında irəli sürə bilər. Həmin təqdimat əsasında istintaq orqanı tərəfindən cinayət işi başlanarsa, borclu həmin qərarı Cinayət Prosessual Qanunvericiliyin tələbləri baxımından məhkəmədə mübahisələndirə bilər. İddiaçının hazırkı tələbinə isə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz.

24. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir.

25. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

26. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

27. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.

29. Beləliklə, kollegiya qeyd edir ki, mülki mübahisə nəticəsində məhkəmə qətnaməsi ilə bağlı icra sənədinin icra olunması ilə əlaqədar icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir.

30. Qanunverici icra icraatı mərhələsində hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir.

31. Onu da qeyd etmək lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra orqanı qismində inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir.

32. Eyni zamanda, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.

33. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia İPM-in müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün olmayan iddia olduğundan, iddia tələbinin mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

36. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.

37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7681/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar