Məhkəmə qərarları › İş №2-1(103)-2849/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2849/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2849/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3721/2021 saylı 09.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-3721/2021 saylı 09.08.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, 1992-ci ildə Qarabağda Ağdam və Ağdərə istiqamətində döyüşmüş və yaralanmışdır. Onun haqqında qəzetlər yazıb. O, 2 düşmən erməni əsgərini məhv etmişdir. Bu haqda da qəzetlər yazıb. Hamısını inzibati məhkəməyə təhvil vermişdir. Məhkəməyə çox sübutlar vermişdir. Döyüş yoldaşları Qarabağ veteranları da hakim Pərviz Hüseynova ərizə yazaraq ondan xahiş etmişlər. Hakim onu inandırdı və 4 dəfə məhkəmə iclası keçirdi, ancaq onun haqqını vermədi. Məhkəmə kollegiyası iddiaçı tərəfindən prosessual formaya uyğun olmayan iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, məhz, həmin ərizəsinə dair məhkəmə qərardadından apellyasiya şikayəti verdiyini və həmin şikayətində qərardadı qəbul edən hakimdən narazılığını ifadə edən dəlillərini nəzərə alaraq, onun hazırkı apellyasiya şikayəti verməkdə məqsədinin həmin qərardadın ləğvini tələb etməsi kimi qiymətləndirir və bu baxımdan şikayət üzrə apellyasiya icraatını mümkün sayır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsi nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Sözügedən normanın mənası ona əsaslanır ki, iddia ərizəsi prosessual qanunvericiliklə müəyyən olunan inzibati məhkəmə icraat qaydalarına uyğun forma və məzmun tələbələrinə uyğun tərtib olunmaqla, subyektiv hüququ olan şəxs tərəfindən və iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə formal baxımdan hüquq və azadlıqlarının pozulması əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının iddia ərizəsinin mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (b.9); İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (b.16.1); İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (b.16.2); İPM-in qeyd olunan 46.1-ci maddəsi isə iddia ərizəsinin forma və məzmununa olan tələblərinə görə - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (b.16.3). İddiaçının məhkəməyə təqdim olunmuş iddia ərizəsindən isə görünür ki, qanunvericiliklə müəyyən olunan forma və müzmununa əməl olunmamış, o cümlədən, məhkaəmənin adı, iddiaçının ünvanı, kimə qarşı iddia verildiyi, yəni, cavabdeh və onun ünvanı, məsələ ilə bağlı hansı inzibati orqana müraciət olunduğu və imtina cavabı verildiyi, iddiaçının konkret tələbinin nədən ibarət oludğu göstərilməmişdir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan nöqsanların aradan qaldırılması məqsədilə, İPM-in 13-cü maddəsinin tələbləri qaydasında, bütün prosessual hərəkətləri etmiş, lakin məhkəmənin bu cəhdləri müsbət nəticə verməmiş, iddiaçı tərəfindən iddia ərizəsi dəqiqləşdirilməmiş, müvafiq öhdəliyi olan cavabdehə qarşı konkret tələb irəli sürməmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, forma və məzmün baxımından iddiaçının məhkəməyə verdiyi iddia ərizəsi əsaslandırılmış iddia ərizəsi kimi qəbul oluna bilməz. Birinci instansiya məhkəməsinin qərardadından da məhz görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, iddia mümkün sayılmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsinin hakimindən narazılığını ifadə edən, bununla da dolayısı ilə onun qəbul etdiyi qərardadı əsassız hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)- 3721/2021 saylı 09.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən sübutlarını əlavə etməklə, Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğun forma və məzmunda tərtib olunmuş iddia ərizəsi ilə yaşadığı yer üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-3721/2021 saylı 09.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar