Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2849/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndələri (vəkillər) - Nümayəndə və Vəkil cavabdehin nümayəndəsi X1, iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 155/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdehin onun barəsində tərtib olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2571 saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin tələbini aşağıdakılarla əsaslanıdırmışdır: “...Cavabdeh tərəfindən İddiaçı MMC barəsində operativ vergi nəzarətinin keçirilməsi nəticəsində xx.xx.2021-ci il tarixli, 005462 saylı akt tərtib edilmiş, həmin akt əsasında “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” **********2571 saylı, xx.xx.2021-ci il tarixli Qərar qəbul edilmişdir. Həmin Qərarın qəbul edilməsinə əsas kimi elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsi göstərilmiş və hüquqi şəxs 594.771.97 AZN məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar iş üzrə materiallar araşdırılmadan, heç bir əsas olmadığı halda qanuna zidd şəkildə qəbul edilmişdir. İlk olaraq, İddiaçı MMC anbarına daxil edilmiş malların həm topdansatışı fəaliyyəti, həm də pərakəndə satış fəaliyyəti ilə məşğuldur. Belə ki, vergi orqanı sözügedən aktın tərtib edilməsinə əsas kimi hüquqi şəxsin topdansatışı fəaliyyəti ilə məşğul olmasını və malların qaimə-faktura ilə deyil, nəzarət-kassa-aparatı ilə satışının aparılmasını göstərmişdir. Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələrində pərakəndə satış və topdansatış ticarət fəaliyyətlərinin anlayışları verilmişdir. Həmin anlayışlar arasındakı yeganə fərq kimi alıcının müvafiq olaraq son istehlak və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi göstərilmişdir. Lakin malın satış üsulunun müəyyən edilməsinin tək yolu alıcının malı hansı məqsədlə əldə etdiyini ifadə etməsidir. Belə ki, a) Satıcı ehtiyaclar daxilində son istehlak məqsədi ilə alıcıya istənilən miqdarda malın satışını pərakəndə qaydada malları nəzarət-kassa-aparatından keçirməklə reallaşdıra bilər və alınmış malların ümumi dəyərinin yüksək olması halında mütləq elektron qaimə-faktura təqdim ediləcək deyə qanunvericilikdə qəti göstəriş mövcud deyildir. b) AR Vergi qanunvericiliyində alıcının son istehlak və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədinin və ya onun doğruluğunun müəyyən edilməsinin satıcının öhdəliyi olması halı nəzərdə tutulmamışdır. c) Alıcının həyata keçirdiyi riskli əməliyyat olsa belə, satıcının həmin əməliyyata dair kassa çeklərinə, alıcının şəxsiyyət vəsiqəsinin surətinə və digər zəruri sənədlərə sahib olması satıcını bütün vergi risklərindən azad edir. 005462 saylı Akt qərəzli şəkildə tərtib edilmişdir. Belə ki, operativ vergi nəzarətinin həyata keçirildiyi müddət ərzində vergi orqanı əməkdaşları tərəfindən xronometraj müşahidə üsulu ilə bir neçə gün ərzində pərakəndə satış obyektlərimizə nəzarət edilmiş və pərakəndə satış nəticəsində iddiaçının alıcılara kassa çeklərini təqdim etməsinin birbaşa şahidi olmuşlar. Həmçinin pərakəndə satış qaydasında satılmış mallara dair sənədləşmələrdə zəmanət talonu və alıcıların şəxsiyyət vəsiqələri mövcud olmaqla yanaşı, vergi yoxlaması zamanı vergi orqanı əməkdaşlarına da təqdim edilmişdir. Lakin sözügedən sənədlər iddiaçıya qarşı tətbiq edilmiş qərəzli yanaşma səbəbilə sübut kimi dəyərləndirilməmiş, əksinə gözardı edilməklə topdansatış fəaliyyəti üzrə vergi qanunvericiliyinin pozuntusuna yol verilməsinə istinadla heç bir hüquqi əsası mövcud olmayan xx.xx.2021-ci il tarixli, 005462 saylı akt tərtib edilmişdir. İddiaçı tərəfimizdən təqdim edilmiş rəsmi sənədlər obyektiv və tam şəkildə dəyərləndirilmədən malların satışı zamanı vergi qanunvericiliyinin pozuntusuna yol verilməsi səbəbilə müəssisəmizin vergi məsuliyyətinə cəlb edilməsi halı vergi orqanı tərəfindən edilmiş kobud qanun pozuntusu, habelə hüquq və səlahiyyətlərdən suiistifadənin bariz təsbitidir. İddiaçı MMC riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Belə ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə “ixtisaslaşdırılmamış mobil telefonların pərakəndə satışı və təmiri” fəaliyyəti üzrə Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış və öz maliyyə və mühasibatlıq fəaliyyətini qanunvericilik aktlarına uyğun olaraq tam şəffaf şəkildə qurmuşdur. Bu dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlar zamanı heç bir risk müəyyən edilməmiş, faktiki olaraq elektron qaimə-fakturalar əsasında mallar satılmış, təhvil-təslim aktı ilə təhvil verilmiş və bütün ödənişlər qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Həmçinin son illərdə bazarda xüsusi rol oynayan və dövriyyəsi 10 milyonu ötmüş MMC-lərdən biridir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövr ərzində ictimai fəaliyyətlərdə iştirak etmiş, eləcə də dövlət səviyyəsində təşkil edilmiş yardım fondlarına böyük məbləğlərdə ianələr təqdim etmişdir. Lakin bəzi vergi orqanı əməkdaşları tərəfindən müəssisənin qüsursuz fəaliyyətinə qara ləkə yaxılması məqsədi ilə şirkət, qeyri-qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmiş və illik dövriyyəsinin 600.000 (altı yüz min) manata yaxın hissəsi şübhəli fəaliyyət kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə isə cavabdeh idarə, törətmədiyi qanun pozuntusuna görə vergi ödəyicisinə (iddiaçıya) külli miqdarda cərimə tətbiq edir və bununla da azad sahibkarlıq subyekti kimi onun (iddiaçının) fəaliyyətinin inkişafına birmənalı olaraq maneə yaratmaqla yanaşı, vergi mənbəyinin bilərəkdən məhv edilməsinin də səbəbkarına çevrilir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh idarə (verg. orqanı) tərəfindən tətbiq edilmiş qanunsuz maliyyə sanksiyası səbəbindən iddiaçı müəssisə iflas edərək fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. AR Dövlət Gömrük Komitəsi yoxlanış keçirtdiyi zaman Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin göstərişi ilə malları qanunsuz şəkildə və heç bir əsası olmadan 1 ay saxlamış və beləliklə İddiaçı MMC-yə külli miqdarda zərər vurulmuşdur. Bununla bağlı təsdiqedici sənədlər - BİTEL" MMC-nin idxal əməliyyatları haqqında xx.xx.2021 tarixindən xx.xx.2021 tarixinədək olan hesabatın və xx.xx.2021-ci il tarixli Gömrük Bəyanaməsinin surətlərini qoşmaya əlavə edilir ( Vergi Məcəlləsinin 3-cü, 49.2-ci və 49.5-ci maddələrinə istinad olunur...” Cavabdeh iddia ərizəsinə etirazında iddinın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları“pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasınıntətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, əsas məqsədi vergi üstünlüyüəldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək dövlət vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş hüququdur. Baş İdarənin xx.xx.2021-ci il tarixli **********9018 nömrəli "xxxx" qərarı əsasında MMC-nin obyektində xx.xx.2021-ci il tarixindən 15 (on beş gün) iş günü müddətində xronometraj metodu ilə müşahidə aparılmışdır. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi müvafiq aktlar ilə rəsmiləşdirilmişdir. 2020-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən 2021-ci ilin əvvəlinə mal qalığının 783652,81 manat olduğu, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 2663010,48 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal edildiyi, həmin dövrdə elektron qaimə faktura tətbiq olunmaqla 1086116,78 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, 1728457,21 manat (ƏDV-siz) məbləğində malların elektron qaimə-faktura əsasında təqdim edildiyi və operativ vergi nəzarəti zamanı mal qalığının 896916,35 manat olduğu, həmin mallardan 6992 manat hissəsinin heç bir alış sənədinin olmadığı (xx.xx.2021- ci il tarixli DVX seriyalı 005452 nömrəli akt)aşkar olunmuşdur. Qeyd olunan dövr ərzində (xx.xx.2021-xx.xx.2021) ümumilikdə 1386 çek üzrə 2070081,03 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Belə ki, sözügedən hallar (çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-155/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində tərtib olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2571 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə iş üzrə bütün sübutları hərtərəfli və obyektiv araşdırmamış və məhkəmənin qəbul etdiyi qərar aşağıdakı səbəblərdən əsassızdır. Belə ki, xronometraj metodu iləmüşahidə zamanı malların elektron qaimə-faktura tərtib edilməklə topdan satılmalı olduğu halda, pərakəndə adı ilə satılaraq NKA-ya mədaxil edilməsi halları müəyyən olunaraq vergi orqanının əməkdaşları tərəfindən müstəqil formada aktlar (aktlar qoşmaya əlavə edilib) tərtib edilmişdir. Müstəqil formada tərtib edilmiş aktlardan xronometraj metodu ilə müşahidə zamanı alıcıların mal alan zaman mallara baxış keçirmədiyi, bir şəxsin eyni anda çox sayda telefon alması və malların alıcılara pərakəndə adı ilə satılaraq NKA-ya mədaxil edilməsi faktı müəyyən edilmişdir. Həmçinin, 2020-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən 2021-ci ilin əvvəlinə mal qalığının 783652,81 manat olduğu, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 2663010,48 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal edildiyi, həmin dövrdə elektron qaimə faktura tətbiq olunmaqla 1086116,78 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, 1728457,21 manat (ƏDV-siz) məbləğində malların elektron qaimə-faktura əsasında təqdim edildiyi və operativ vergi nəzarəti zamanı mal qalığının 896916,35 manat olduğu, həmin mallardan 6992 manat hissəsinin heç bir alış sənədinin olmadığı (xx.xx.2021- ci il tarixli DVX seriyalı 005452 nömrəli akt) aşkar olunmuşdur. Qeyd olunan dövr ərzində (xx.xx.2021-xx.xx.2021) ümumilikdə 1386 çek üzrə 2070081,03 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Belə ki, sözügedən hallar (çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir Pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları ilə malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək məqsədindədir. Mülki Məcəllənin 324.5-ci maddəsində qeyd edilir ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Lakin, vergi ödəyicisində normal alış həcmlərindən çox iri həcmli alışlar həyata keçirilir ki, məhz bu da bu alışın pərakəndə ticarət sahəsində formalaşmış işgüzar adət və ağlabatanlıqla eynilik təşkil etmir. Əksinə, sahibkarlıq subyektlərinin işgüzar adəti ilə eynilik təşkil edir. Bu baxımdan malların alınması əqdi üzrə əməliyyatın pərakəndə satış çərçivəsində olubolmaması Mülki Məcəllənin 324-cü maddəsinə uyğun olaraqhərfi mənaya görə (yəni NKA çeki ilə rəsmiləşdirildiyinə görə pərakəndə satışdır deməyə əsas vermir) deyil, ağlabatan mühakimə ilə olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılmasıQaydası”nın 1.3.1-ci bəndinə əsasən: topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmişelektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növxidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilənhallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakımüddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydalarımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasında malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə əsaslı olmayan qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasılarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, iddiaçıya tətbiq olunmuş maliyyə sanksiasının 2021ci ilin yanvar ayından həmin ilin sentyabr ayının 16-dən olan dövr üzrə təqdim etdiyi mallara görə tətbiq olunduğunu bilirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinə uyğun izahat vermiş və eyni hallara dair məhkəmə təcrübəsi üzrə iddia tələblərinin təmin edilməsinə dair məhkəmə qərarlarını məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında mübahisələndirmə haqqında iddia vasitəsilə, onun barəsində cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2571 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi təmin edilmişdir. İş materialları üzrə sənədlərə əsasən müəyyən olunur ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9017 nömrəli qərarına əsasən iddiaçıya məxsus olan Bakı ş. Nərimanov r., A.Molla Cuma küçəsi - 17B (1-ci mərt) obyektdə (mağazada) operativ vergi nəzarəti keçirilmiş və xx.xx.2021, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə xronometraj metodu ilə müşahidə aparılaraq nəticəsi barədə aktlar tərtib edilmiş, iddiaçının xx.xx.2021-ci il tarixinədək təqdim etdiyi malların siyahısı tərtib olunmuş və həmin tarixə qədər onun 5947719,67 manat dəyərində mallar e-qaimə təqdim edilmədən, NKA (nəzarət kassa aparatı) vasitəsilə, topdan satışının rəsmiləşdirildiyi müəyyən olunaraq, vergi ödəyicisinin bu hərəkətləri Vergi Məcəlləsinin 16,1.3, 71 və 130-cu maddələrinin tələblərinin pozuntusu kimi qiymətləndirilərək, ona münasibətdə həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən 594.771,96 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8.1-ci maddəinə əsasən pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;; Həmin Məcəllənin 50.1-ci maddəsinə görə opearativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (50.1.1 - 50.1.14); ...; 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi...” 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır:50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin qeyd olunan normalarının təhlilindən göründüyü kimi, operativ vergi nəzarəti – həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən təbbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirlən bir nəzarət tədbiridir. Lakin cavbdehin iddia ərizəsinə etirazı və onun apellyasiya şikayəti və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatının üstə-üstü düşən dəlillərinə, habelə, iddiaçının təqdim və əldə etdiyi e-qaimə fakturalar barədə məlumat cədvəlinə və vergi nəzarəti zamanı malların qaimə faktura tərtib edilmdən təqdim edilən malların tərtib olunmuş siyahısının müqayəsəli təhlilinə əsasən müəyyən olunur ki, cavabdehin mübahisələndirilən qərarı ilə tətbiq olunan 594771,97 manat maliyyə sanksiyası iddiaçının xx.xx.2021-xx.xx.2021 aralığnda nəzarət-kassa aparatı vasitəslə, çek təqdim edilməklə, təqdim etdiyi malların topdan satış qaydasında satılmalı və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan, 5947719,7 manat dəyərində malların təqdim edilməsinə görə tətbiq olunmuşdur və bu işin mübahisələndirilməyən halını təşkil edir. Başqa sözlə, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən iddiaçı barəsində malların e-qaimə-faktura ilə təqdim edilməməsinə görə tətbiq edilən maliyyə sanksiyası, operativ vergi nəzarəti tədbri anında deyil, həmin tədbirin keçirilməsinə qədər zaman çərçivəsində təqdim edilən malların ümumi dəyərinin 10 faizi miqdarında hesablanmışdır. Halbuki, operativ vergi nəzarəti nə kameral, nə də səyyar vergi yoxlamasıdır ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrü yoxlanılmış olsun. Vergi nəzarəti cari, yəni, bu tədbirin faktiki həyata keçirildiyi dövrə münasibətdə vergi ödəyicisinin fəaliyyətinə nəzarət edilməsidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, belə olan halda, operativ vergi nəzarəti dövründə əvvəlki fəaliyyətinə görə vergi qanunvericilyinin pozmasına görə məsliyyəti müəyyən oluna bilməz. Belə olan halda, Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmamasına görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna edir. Digər bir tərəfdən, iddiaçının əsas fəaliyyət növü kimi vergi orqanında “həm malların topdan satışı, həm də pərakəndə satışı” fəaliyət qeydiyyata alınmışdır. İddiaçı tərəfindən mallar ona məxsus obyektdə vergi orqanı tərəfindən uçota alınmış nəzarətkassa aparatı vasitəsilə alıcılara təqdim edilmişdir. Deməli, vergi orqanı mübahisələndirilən dövrdə, yəni, operativ vergi nəzarəti tədbiri keçirilməzdən də xeyli əvvəl iddiaçı tərəfindən malların e-qaimə-faktura təqdim edilmədən, iri partiyalarla nəzarət kassa aparatı vasitəsilə satışının həyata keçirdiyini bilirdi və ya, ən azından bunu bilməli idi. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 13.2.63-cü maddəsinə əsasən isə “topdansatış” – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətdir. Göründüyü kimi, ikincini birincidən fərqləndirələn cəhət satışın hansı məqsədlə həyata keçirilməsi ilə əlaqəlidir. Daha konkret, ikinci halda malların satışı sahibkarlıq məqsədlərini ehtiva edir. Konkret halda isə cavabdeh orqan tərəfindən bu istiqamətdə araşdırma aparılmamış, mübahisələndirilən dövrdə təqdim edilən malların sahibkarlıq məqsədi ilə alınmasını və realizə olunub-olunmasına aydınlıq gətirilməmişdir. İstinad olunan nəzarət-kassa aparatı çekləri ilə satılan malların hansı məqsədlə alındığını müəyyən etməmişdir. Ən azından nə mübahisələndirilən aktlarda, nə də ki həmin aktlara əsasən qəbul edilən məsuliyyətə cəlb etmə qərarında müvafiq əsaslandırma mövcud deyildir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Qeyd olunalar onu deməyə əsas verir ki, cavabdeh vergi orqanının mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2571 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı barəsində maliyyə sanksiyasının tətbiq olunması əsassızdır. Eyni hallara dair baxılan işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə də vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyaları əsassız hesab olunmuşdur (Məhkəmə qərarları işə əlavə olunur). Beləliklə də, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (14.1). Belə olan halda həmin qərar iddiaçının hüquqlarını pozmuş olur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmənin iddianın təmin olunması barədə gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-155/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (Eyni hallar üzrə məhkəmə təcrübəsinə dair qərarlar işə əlavə olunmuşdur). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-155/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2849/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2849/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver