Məhkəmə qərarları › İş №2-1(103)-2850/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2850/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2850/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1488/2022 saylı, 25 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı (üçüncü şəxs Bakı şəhəri X6 üzrə Baş İdarəsi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş sosial müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və sosial müavinətin verilməsinin davam etdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşına kimi tərbiyə etmiş və 57 yaşına çatmış qadın kimi sosial müavinət təyin edilmişdir. Təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır. Təyin edilmiş müavinət dayandırılması üçün əsas olaraq iddiaçının əvvəllər vergi ödəyicisi olması və vergi ödəyicisi kimi qeydiyyatının xx.xx.2021ci il tarixdən ləğv edilməsi göstərilmişdir. Həmin səbəblərə görə cavabdeh tərəfindən ona təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz və əsassızdır və təyin edilmiş sosial müavinətin verilməsinin davam etdirilməsi cavabdehə həvalə edilməlidir. Cavabdehin öz imtinası onun vergi ödəyicisi olmsı və sonradan fəaliyyətinin dayandırılması ilə əsaslandırmışdır. Bu əsas ona sosial müavinətin verilməsinin dayandırılmaı üçün səbəb ola bilməz. Çünki Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2009-cu il tarixdən dayandırmışdır. Sosial müavinət isə ona xx.xx.2018-ci ildən təyin edilmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. İddiaçı xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN **********) halda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq, ona xx.xx.2018-ci il tarixindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara” müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Həmçinin, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703 nömrəli Qanununa əsasən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün artıq bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının vergi ödəyicisi kimi qeydiyyatı xx.xx.2021-ci il tarixindən dayandırılsa da, onun 62 yaşı tamam olmadığı üçün iddiaçıya yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Beləliklə, müəssisənin həqiqətən qeyd edilən dövrlərdə mövcud olması və iddiaçının orda işləmiş olduğu təsdiqlənmədiyindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1488/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN **********) halda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq, ona xx.xx.2018-ci il tarixindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara” müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703 nömrəli Qanununa əsasən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün artıq bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının vergi ödəyicisi kimi qeydiyyatı xx.xx.2021 -ci il tarixindən dayandırılsa da, onun 62 yaşı tamam olmadığı üçün iddiaçıya yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin hazırki iş üzrə 3-cü şəxs statusu ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Sosial müavinətlər haqqında” Qanunun: - 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: İş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən (3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara) müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzşəşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər altsistemindən çıxarışa əsasən, iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 07 may 2021-ci il tarixli **********003000 nömrəli məktubuna əsasən, xx.xx.2021-ci tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi xx.xx.2009-cu il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması və xx.xx.2021-ci il tarixdə isə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. Əlavə olaraq, uçot baza məlumatlarına əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş vergi məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 18 mart 2022-ci il tarixli **********707700 nömrəli məktubuna əsasən, iş üzrə iddiaçı qismində çıxış edən X2 xx.xx.2021 -ci il tarixində vergi uçotundan çıxarılmışdır. İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergilərin ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası işin araşdırılmış hallarına qiymət verərək həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən tarixdən təyin edilmiş sosial müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Hazırki işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh sosial müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olsa da, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergi ödənilməməsi və nəticə etibarı ilə iddiaçının işləməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz hesab edilməli və dayandırılmış sosial müavinət bərpa edilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1488/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar