Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2850/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-1(112)-2368/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Əmək pensiyasının yenidən hesablanması haqqında 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, 09 yanvar 2010-cu il tarixdə təyin edilmiş pensiya Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 01 yanvar 2021-ci il tarixdən 1062,64 manat olaraq müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, 09 yanvar 2010-cu il tarixdə təyin edilmiş pensiya Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 01 yanvar 2021-ci il tarixdən 1293,74 manat olaraq müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, pensiya Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 01 iyul 2023-cü il tarixdən 1841,09 manat olaraq müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, iddiaçının pensiya məbləği 2047,29 manatdan azaldılaraq 1981,18 manata endirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçıcavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “ cavabdehin 08 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən heç bir əsaslı səbəb olmadan pensiya məbləğini azaltmışdır. Azaltma barədə cavabdehə müraciət etmiş, müraciət təmin edilmək əvəzinə, pensiya bərpa edilmək əvəzində ona artıq pul vəsaitinin ödənildiyi cavabı verilmişdir. İddiaçı hesab edir ki, onun pensiyası əvvəlki məbləğə bərpa edilməlidir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən vurğulanır ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi adından da göründüyü kimi, ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, onu da xüsusilə qeyd edirik ki. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017- ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyqun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-1(112)-2368/2025 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında İddiaçı barəsində qəbul etdiyi 08 iyul 2024-cü il tarixli qərarı ləğv edilməsi həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-1(112)- 2368/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı əmək pensiyası xx.xx.2023-cü il tarixində“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 1841,09 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı A.İsrafilov barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 1781,64 manat (indeksləşdirilməklə 1981,18 manat) məbləğində müəyyən edilməli olduğu halda, 1841,09,77 manat (indeksləşdirilməklə 2047,29 manat) məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən“Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakıayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. İddiaçı xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyansı yenidən hesablandıqdan sonra 06 il işlədiyinə görə pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 91 aya (65 il-63 il 5 ay =19 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölündüyü müəyyən edilmişdir. Belə ki, 20761,65 manat pensiya sığorta kapitalı 91 aya bölünməklə əmək pensiyasının (1553,49 manat) üzərinə 228,15 manat (20761,65:91) əlavə edilərək xx.xx.2023-cü il tarixindən pensiya məbləği 1781,64 manata (1553,49+228,15) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1981,18 manat) artırılmalı olduğu halda, səhvən 1841,09 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2047,29 manat) artırılmaqla iddiaçıya ödənilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-9285/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1981,18 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-1(112)- 2368/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-1(112)-2368/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Əmək pensiyasının yenidən hesablanması” haqqında 08 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əmək pensiyası 09 yanvar 2010-cu il tarixədək təyin edilmiş, mübahisələndirilən hesablama qaydasının tətbiq olunduğu, yəni pensiya kapitalının 72 aya bölünməsinə dair qaydaya dair hesablama isə xx.xx.2022-ci il tarixdən olmuşdur. Göründüyü kimi istər pensiya təyinatının aparıldığı dövrdə, istərsə də mübahisələndirilən hesablamanın aparıldığı dövrdə, yəni nə 02 avqust 2023-cü il tarixdə, nə də 08 iyul 2024-cü il tarixdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, onu da xüsusilə qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə dair 48- ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022ci il tarixindən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır.” Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mövqeyinə əsasən, xx.xx.2022-ci il tarixdən etibarən həmin tarixdən əvvəlki dövr üçün pensiya təyin edilməsi və ya yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) deyil, daha artıq ay sayına (iddiaçıya münasibətdə 91 aya) bölünməlidir. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsinə əsasən, Qanunun 9-cu maddəsinə görə, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 7-ci maddəsinə əsasən, xx.xx.2021ci il tarixdən etibarən kişilərin pensiya yaşı 65 yaş təşkil edir. Bu o deməkdir ki, xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə pensiya təyin edilən şəxsin pensiya kapitalı o halda gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan həmin ayların sayına (72 aya) bölünür ki, şəxsin 65 yaşı tamam olsun. Digər hallarda isə pensiya kapitalı pensiyaya çıxma yaşı (məsələn, 60 yaş) ilə pensiya yaşı (65 yaş) arasındakı ayların sayı (məsələn, 5 il, yaxud 60 ay) arasında fərqin üzərinə gəlinən gözlənilən pensiya ödənişi müddəti aylarının sayından (72 ay) ibarət rəqəmə bölünür. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddənin 2-ci cümləsi çıxarılmış və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinə əsasən, 1.11-ci maddə həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Qanunun xx.xx.2017xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi əmək pensiyasının yenidən hesablanması halına deyil, əmək pensiyasının təyin olunması halına aid edilən müddəadır. Çünki həmin müddəada “əmək pensiyası yenidən hesablanan şəxs” anlayışından deyil, “əmək pensiyası təyin olunan şəxs” anlayışından istifadə edilmişdir ki, həmin anlayışlar fərqli mənaları ifadə edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında fərq qoyulmuş, əmək pensiyasının yenidən hesablanmasının ilk təyinatdan sonra həyata keçirilən pensiya hesablamalarını nəzərdə tutması barədə mövqe ifadə edilmişdir. Bu baxımdan Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsini xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tətbiq edərək ərizəçinin pensiyasının yenidən hesablanması qanuni və əsaslı inzibati fəaliyyət hesab edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530- VİQD nömrəli Qanunun keçid müddəalarının 2.2-ci maddəsi ilə 1.11-ci maddənin həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına halına tətbiqinin istisna edilməsi həmin Qanun qüvvəyə minənək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması imkanını aradan qaldırmır. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə çıxarılaraq pensiya hüququ olan şəxslərin hüquqi vəziyyəti yaxşılaşmışdır, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təsirini (normativ-hüquqi aktın retrospektiv tətbiqini) nəzərdə tutan qayda isə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmişdir. Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.3-cü maddəsinə əsasən qanunla Azərbaycan Respublikasının Konstitusiyası ziddiyyət təşkil etdikdə, Konstitusiya tətbiq edilir. Bu baxımdan xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci maddəsi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ilə ziddiyyət təşkil etdiyindən Konstitusiya tətbiq edilməli və 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Bununla yanaşı, həmin “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmçinin, qeyd edilən Konstitusiya Qanunun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Normativ hüquqi aktların qüvvədə olması ilə bağlı qaydalar “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə tənzim edildiyindən və həmin Konstitusiya Qanunu xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunla bərabər hüquqi qüvvəyə malik olsa da, hüquqi aktların qüvvəsi münasibətində sahəvi akt hesab edildiyindən 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin geriyə təsiri (Qanun qüvvəyə minənədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması halına münasibətdə tətbiqi) baxımından “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 87.2-ci maddəsi əsas götürülməli və həmin müddəaya uyğun olaraq 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Belə olan halda isə pensiya kapitalının yalnız gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) bölünərək əmək pensiyasının hesablanması qaydası xx.xx.2022ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2-1(112)-2368/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2850/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2850/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver