Məhkəmə qərarları › İş №2-1(103)-2852/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2852/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2852/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi, İddiaçı, atası X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5232/2021 saylı 30 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının atası X2 26.08.1974-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatdadır. O (iddiaçının atası), Şuşa rayonunu 1992-ci ildə tərk etmiş, cavabdeh inzibati orqanın 15.04.2020-ci il tarixli qərarına əsasən məcburi köçkün statusuna malikdir və ona 15.04.2002-ci il tarixli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdə doğulmuş, doğulduğu yer olaraq Şuşa rayonu, Malıbəyli kəndi qeyd edilmiş, atası X2, anası X7r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-7200-1221 saylı 27.05.2021-ci il tarixli məktubundan görünür ki, 26.08.1974cü il təvəllüdlü X2 18.06.1991-ci il tarixdən, qızı xx.xx.2003-cü il təvəllüdlü İddiaçı isə 08.05.2015-ci il tarixdən hazıra qədər Şuşa rayonunun Malıbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 303 saylı 23 iyun 2021-ci il tarixli məktubunda qeyd olunmuşdu ki, 28 may 2007-ci il tarixli 156 saylı müqaviləyə əsasən X2 onunla yaşayan dörd nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Ramana – 450 qəsəbədə iki otaqlı 156 saylı evdə, sakini olduğu Şuşa rayonunun Malıbəyli kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6138/2020 saylı 16.11.2020-ci il tarixli qətnaməsi ilə X10 ilə X2 arasında Şuşa rayon Qeydiyyat şöbəsində 30.06.2001-ci ildə 5 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və 08.01.2009-cu il təvəllüdlü X3 atası X1 yanında saxlanılması qət edilmişdir. İddiaçının atası 2020-ci ildən məcburi köçkün statusuna malikdir və 2003-cü il təvəllüdlü övladı 2020-ci ildən onun himayəsindədir. Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyətinin 10 iyun 2021-ci il tarixli 5/288 saylı məktubundan görünür ki, İddiaçı məcburi köçkün kimi Şuşa rayonundan 60 manat vahid aylıq müavinət alır. İddiaçının atası Ziyəddin İsgəndərov, qızı İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 01/1090 saylı 26 fevral 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçının atası Ziyəddin İsgəndərov cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “qızına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən 26.04.2021-ci il tarixli qərardadla iddiaçı Ziyəddin İsgəndərov əsl İddiaçı ilə əvəz olunmuşdur. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçının atası Z.İsgəndərov Şuşa rayonunun Malıbəyli kəndindən məcburi köçkün düşən zaman onun (iddiaçının atasının) 17 yaşı var idi və o, ailəli deyildi. Belə olan halda keçmiş həyat yoldaşının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) ola bilməzdi. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq dövlət tərəfindən İddiaçı üçün aylıq 60 manat “çörək pulu” ödənilir və o, bank kartı vəsitəsilə həmin məbləği alır. Bu fakt bir daha onu təsdiq edir ki, dövlət İddiaçı məcburi köçkün kimi tanımış və bu səbəbdən ona qidalanmaq üçün müvafiq məbləğ ödəyir. Belə olan halda qaydalarda olan ziddiyyət məhz vətəndaşın xeyrinə həll edilməlidir. Belə ki, atası məcburi köçkün olduğu üçün iddiaçının da “məcburi köçkün” statusu alaraq, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımlardan yararlanmaq hüququ vardır. Anasının məcburi köçkün olmadığına görə, qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olmaması səbəbindən ona “məcburi köçkün” statusunun verilməsindən imtina edilməsi ədalətsizdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbi tam əsassız olduğundan və heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından təmin edilməməlidir. Təqdim edilmiş sənədlər Komitə tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçının valideynləri 30.06.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Sabunçu rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsil ilə aralarındakı nikah pozulmuşdur. İddiaçının atasının Şuşa rayonu, Malıbəyli kəndində, anasının isə ünvan 3 ünvanda qeydiyyatda olduğu müəyyən edilmişdir. İddiaçının anasının yaşayış yeri üzrə qeydiyyat ünvanı işğal olunmuş rayon (şəhər) olmadığından ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydaların 4.1.6-cı maddəsinə əsasən imtina verilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5232/2021 saylı 30 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yetkinlik yaşına çatanadək valideyni X1 himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Qeyd olunan yanaşma öz təsdiqini həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-392/2021 saylı 16.03.2021-ci il tarixli qərarında da tapmışdır. Müvafiq inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi 16.03.2021-ci il tarixli qərarının 33-cü bəndində qeyd etmişdir ki, “...Əvvəla, iddiaçının əvvəllər bu müavinəti alması barədə də iş materiallarında heç bir sübut yoxdur. İddiaçıya əvvəllər məcburi köçkün kimi müavinət verilməsi öz təsdiqini tapsa belə, bu hal vəziyyəti dəyişmir. Çünki, şəxsin “məcburi köçkün” statusu müvafiq icra hakimiyyəti tərəfindən və onun verdiyi sənədə əsasən müəyyən edilir. İddiaçının hazırda məcburi köçkün statusuna malik olan şəxsin himayəsində olan şəxs kimi müavinət alması, Komitə tərəfindən sonradan qəbul edilən aktların tətbiq edilməməsi, habelə 15.02.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödənilməsi kimi qiymətləndirilə bilməz. Əvvəla, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən həyata keçirilir. Məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət yemək xərci üçün ödənişlərdən müstəqil, yeni bir müavinət növü - yeni bir sosial müdafiə tədbiridir və onun verilmə şərtləri müəyyən olunan zaman yemək xərcinə görə ödənişlərin verilməsinə dair Təlimata deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya istinad olunmalıdır. Bununla yanaşı, müvafiq Qaydanın 3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar qüvvəyə minənədək məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair münasibətlər “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat” ilə deyil, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən 2004-cü il 16 iyul tarixli Qərarla təsdiq olunmuş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar” ilə tənzimlənmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə dair etirazı: İddiaçının apellyasiya şikayətinin dəlillərinə dair etirazı onunla saslandırılmışdır ki, Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 05.02.2002-ci il tarixli, 37 nömrəli əmri ilə təsdiq edilmiş və AR Ədliyyə nazirliyində 15.02.2002-ci il tarixdə qeydiyyatda alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4.3-cü maddəsinə əsasən Valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilir. Beləliklə, sadalanan normalardan görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu alan şəxs kimi qəbul etmişdir. Məcburi köçkünlərin statusu və həmin statusa təsdiq edən sənədin verilməsi 2004-cü il 16 iyul tarixdə AR Qaçqınların və X9 üzrə üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən qəbul edilmiş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərin) status sənədlərinin verilməsinə dair Qaydalara” əsasən tənzimlənməyə başlamışdır ki, bu Qaydalar o, doğulduqdan sonra qəbul edilmiş , habelə həmin qaydalarda ona məcburi köçkün statusunun verilməsini istisna edən halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq qeydiyyata alınmış, onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırda bu məsələləri tənzimlətən AR Nazirlər kabinetinin 2017-ci il, 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmişdir. Onun anasının məcburi köçkün olmaması işin mübahisəsiz halıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyassiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, atası X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubu 26.02.2021-ci il tarixlidir. İddiaçı isə iddia ilə məhkəməyə 29.03.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqanın istinad etdiyi Qaydaların sonradan qəbul edilməsinə, onun iddiaçının vəziyyətini ağırlaşdırmasına, iddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələbin mövcud olmamasına, onun məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 148 saylı 08 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi həyata keçirir. Sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırki işdən müəyyən olunur ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-6138/2020 saylı 16.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının anası X10 ilə atası X2 arasında Şuşa rayon Qeydiyyat şöbəsində 30.06.2001-ci ildə 5 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və 08.01.2009-cu il təvəllüdlü X3 atası X1 yanında saxlanılmışdır. İddiaçının atası 2020-ci ildən məcburi köçkün statusuna malikdir və 2003-cü il təvəllüdlü övladı İddiaçı onun himayəsindədir. Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyətinin 10 iyun 2021-ci il tarixli 5/288 saylı məktubundan görünür ki, İddiaçı məcburi köçkün kimi Şuşa rayonundan 60 manat vahid aylıq müavinət alır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (4.1.6cı maddəsinin sonradan qəbul edilməsinə və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-618/2020 saylı 03.03.2020-ci il və 2-1(102)-710/2021 saylı 30.06.2021-ci il tarixli qərarlar). Odur ki, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının əsassız olması, bu səbəbdən iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə qərarının qanun və əsaslı olub onun dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hisssəində qeyd olunanlarla bağlı əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5232/2021 saylı 30 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar