Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2852/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (atası) X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı“elektron qaydada qeydiyyata alınmış əmək müqavilələrinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi tələbinə dair inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7089/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı "xxxx" MMC və “X9 QTG” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış əmək müqavilələrinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının xəbəri və razılığı olmadan, onunla rəsmi əmək müqaviləsi bağlanmadan "xxxx" və “X9 QTG” MMC-lərin baş direktoru X5 tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə saxta əmək müqaviləsi bildirişi daxil edilərək qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə xxxxxxx00700 nömrəli əmək müqaviləsi bağlanması ilə bağlı bildirişə əsasən kompüterçi vəzifəsi 250 manat əmək haqqı ilə, xx.xx.2020-ci il tarixində xxxxxxx000800 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişə əsasən montajçı-texnik vəzifəsi üzrə 250 manat əmək haqqı ilə əmək müqavilələri bağlamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin və “X9 OTG” MMC-nin üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı ilə əmək müqavilələrinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədi Bakı şəhəri Binəqədi rayon icra şöbəsində icraya yönəldilmişdir. İcra məmuru tərəfindən araşdırma nəticəsində məlum olmuşdur ki, X2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyi və cəzasını 2 saylı Cəzaçəkmə müəssisəsində çəkdiyi müəyyən edilmişdir Beləliklə, qeyd olunan əsaslara görə Binəqədi rayon İcra şöbəsi icra sənədinin icrası mümkün olmadığından xx.xx.2022-ci il tarixli qərarla həmin icra sənədini Binəqədi Rayon Məhkəməsinə geri qaytarmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış əmək müqaviləsinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsini xahiş etmiş, cavabdeh 10 fevral 2023-cü il tarixli cavab məktubunda əmək müqaviləsinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsinin məhkəmə qərarı əsasında ona həvalə edildiyi halda icra oluna bilcəyini bildirərək ərizəsi təmin olunmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, elektron sistemdə əmək müqaviləsi haqqında qeydiyyatın (bildirişin) işəgötürənin səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirildiyini bildirərək mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7089/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadıın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərardad əsassızdır. Belə ki, onunla "xxxx" MMC arasında əmək müqavilələri bağlanmış və xx.xx.2019-cu il tarixindən həmin MMC-də qulluqçu kimi işə götürülmüşdür. 2020-ci ilin mart ayından etibarən şirkət bağlanmış və rəhbərliyi xaricə getmişdir. Şirkətə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etsə də nəticəsiz qalmışdır. Belə ki, şirkətin rəhbərini tapa bilmədiyindən əmək müqaviləsinə xitam verilməsi mümkün olmamış və yeni işə düzəlmək istəsə də qeyri-mümkün olmuşdur. Məhkəmə kollegiyasının iclasının iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi onunla razılaşmamış, iddia ərizəsinə etiraızda göstərilən əsaslarla birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia - inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı tərəfindən (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulması formal baxımdan əsaslandırmalıdır ki, izibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, məhkəmə İPMin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, iddia ərizəsinin və apellysiya şikayətinin qeyd olunan dəlilərindən göründüyü kimi, iddiaçı, onunla qeyd olunan işəgötürənlər "xxxx" MMC və “X9 QTG” MMC arasında bağlanmış əmək müqavilələrinin ləğv edilmədiyi və ya xitam verilmədiyi halda, hazırkı cavabdeh X6 Xidmətinin üzərinə həmin əmək müqavilələrinin ləğv edilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürən əsas vəzifələrindən biridir. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə həmin sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. Konkret halda isə cavabdeh inzibati orqan elektron sistemdə qeydə alınmış əmək müqavilələrinin tərəfi deyil, qeyd edildiyi ki, həmin müqavilələr iddiaçı ilə işəgötürənlər arasında bağlanmışdır və sonunculuar tərəfindən elektron informasyia sistemində müvafiq məlumat yerləşdirilmişdir. Belə olan halda, iddiaçının həmin müqavilələrin ləğv edilməsi barədə məlumat da elektron informasiya sistemində cavabdehin qanunla üzərinə düşən öhdəliyi deyil, məhz həmin işəgötürənlərin vəzifəsidir. Ümumiyyətlə, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.1-ci maddəsi isə nəzərdə tutur ki, tələbinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Prosessual hüquq normasının qeyd olunan tələbindən göründüyü kimi, əgər qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, bu qəbildən olan mübahisələr inzibati məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Birinci instansiya məhkəməsi də məhz öz qərardadında haqlı olaraq hesab etmişdir ki, «...hazırda iddiaçı ilə "xxxx" MMC arasında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsi qüvvədə olduğundan, həmin əmək müqaviləsinə işəgötürənlə işçi arasında müvafiq qaydada xitam verilmədiyi, məhkəmə qaydasında (mülki məhkəmə icraatı qaydasında) etibarsız hesab olunmasına dair sübut olmadığı, bununla da, cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə və ya qanunla qorunan hüquqlarını və azadlıqlarının pozulması və tərəflər arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmədiyindən, hazırki iddia tələbi İPM-in 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Bu səbəbdən iddia tələbi mümkün sayılmamlıdır...» Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin nəticə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır . İddiaçının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad olunan dəlillərinə gəldikdə, həmin qətnamə ilə əmək müqavilələri də etibarsız sayılmamış, həmin müqavilələrin ləğv edilməsi öhdəliyi işəgötürənlərin üzərinə qoyulmuşdur. Hazırkı cavabdeh Xidmət isə ümumiyyətlə, həmin prosesin iştirakçısı olmamışdır. Həmin qətnaməyə əsasən verilmiş icra sənədinin icra məmuru tərəfindən geri qaytarılması ilə bağlı məsələlər isə tələbkarın müvafiq müraciətinə əsasən həmin işə baxan məhkəmənin səlahiyyətinə aid olmaqla, MPM-in və “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həll edilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7089/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7089/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2852/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2852/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver