Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2852/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü və müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olmuş şəxs kimi güzəştli mənzil növbəsinə götürməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2- 1(112)-6005/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü və müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olmuş şəxs kimi güzəştli mənzil növbəyə götürmə öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 2-də qeydiyyatdadır. Uşaq yaşlarından Bakı şəhərində qeydiyyatsız yaşayır. 2004-cü ildən 2008-ci ilə qədər 28 saylı Bakı orta məktəbində təhsil almış, 2008-ci ildən 2012-ci ilə qədər nitqi qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbində təhsil almış, 2012-2013cü illərdə isə Bakı şəhəri 182 saylı orta məktəbdə təhsil almış, 9-cu sinfi orda bitirdikdən sonra Bakı şəhərində fərdi əməklə məşğul olmuşdur. 2020-ci ilin sentyabr ayında başlanmış Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş, medallarla təltif olunmuşdur. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması üçün Ağdaş rayonu İcra Hakimiyyətində 3-cü qrup müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil qeydiyyatına götürülsə də, Bakı şəhərində yaşamağı nəzərə alınaraq sənədlərin mənzil növbəsinə götürülməyi üçün cavabehə təqdim etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə, yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. İddiaçının Bakı şəhərində ardıcıl 5 il qeydiyyatda olmadığını nəzərə alaraq yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(112)-6005/2025 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü və müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olmuş şəxs kimi güzəştli mənzil növbəsinə götürməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(112)-6005/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, inzibati işə baxılarkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər hüquq normalarına zidd qərar qəbul edilmişdir. Belə ki, İddiaçı Ağdaş rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən müharibə iştirakçısı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olmağına baxmayaraq, xx.xx.2024-cü il tarixdən Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, giriş 15, M5, M2 ünvana qeydiyyata alınmış və Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək müharibə əlili kimi yenidən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına köməklik göstərilməsi xahiş etmişdir. İddiaçının müraciətə cavab olaraq “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən onun son 5 il müddətində Bakı şəhərində daimi qeydiyyatda olmadığı və xx.xx.2024-cü il tarixdən qeydiyyata alındığı bildirilərək müraciətinin təmin edilməsinin Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Bununla bağlı hesab edilir ki, Bakı İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(112)- 6005/2025 saylı qərarına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü və müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olmuş şəxs kimi güzəştli mənzil növbəsinə götürməsi öhdəliyinin cavabdehə həvalə edilməsi əsassızdır və qərarın ləğvi qanunamüvafiqdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, 25 ildir ki, Bakı şəhərində yaşayır. Bu oxuduğu təhsil müəssisələrin Bakı şəhərində yerləşməsi ilə də təsdiq olunur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə güzəştli mənzil növbəsinə götürülmə ilə bağlı dəfələrlə müraciət etsə də, azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmalı olduğu əsası ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, uşaq yaşlarından Bakı şəhərində qeydiyyatsız yaşamışdır. Bakı şəhərinə gəlmə səbəbi ailə problemləri ilə bağlı olmuşdur. Nəticə etibarilə Bakı şəhərində təhsil almış, işləmiş, hərbi xidmətə də buradan getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyasıın müdafiəsi ilə əlaqədar “Şəxsiyyətin emosional davamsız pozğunluğu, Emosional davamsız tip. Şəxsiyyət pozğunluğu. Özünü kəsmələrlə” xx.xx.2022-ci il tarixindən 5 il müddətində üçüncü dərəcəli əlillik təyin edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı 2008-ci ildən Bakı şəhərində yaşayır. - “ASAN 1” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, iddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - 6 saylı Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 2008-ci il Nitqi qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbin 6-cı sinifinə daxil olmuş və 2012-ci ildə 8-ci sinifdən xaric olunub. - Bakı şəhəri 182 saylı tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 2012/2013 tədris ilində həmin məktəbin əyani 9 sinifini bitirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Mənzil Məcəlləsinin 51-ci maddəsinə müvafiq olaraq, 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); ; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. 2-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. 4-cü bəndinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 5-ci bəndinə əsasən, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X2 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. Qaydaların 8-ci bəndinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan mövcud olan normalarda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə bir qayda olaraq Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Lakin hal-hazırda qüvvədə olan qanunvericilik Azərbaycan SSR dövründə qüvvədə olan qanunvericilikdə fərqli olaraq yaşayış yerinə münasibətdə yeni tənzimləmə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsindən də müəyyən edilir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 5-ci maddəsinə görə, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin bir yaşayış yeri üzrə qeydiyyatda olması ilə bağlı mütləq şərt nəzərdə tutulsa da şəxsin bir-neçə yaşayış yerinin olması ilə bağlı da tənzimləmə həyata keçirilmiş və hər hansı şəxsin bir-neçə yaşayış sahəsinə malik olması hüququ tanınmışdır. Bu isə, o deməkdir ki, hazırkı mübahisənin həlli hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından iddiaçının Bakı şəhərində yaşamasını təkcə onun yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı yox, faktiki olaraq daimi Bakı şəhərində yaşamasının digər sübutlarla yoxlanılmasından asılı olacaqdır. Yəni, cavabdehin qeyd etdiyi kimi şəxsin Bakı şəhərində son 5 il ərzində yaşaması yoxlanılmalıdır ki, bu zaman cavabdehin mövqeyindən fərqli olaraq şəxsin hansı tarixdən yaşayış yeri üzrə qeydiyyata alınması əhəmiyyət kəsb etmir. Ümumilikdə onun Bakı şəhərində faktiki olaraq daimi yaşaması da nəzərə alınmalıdır. Birinci instansiyası məhkəməsi bu istiqamətdə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixindən etibarən rəsmi olaraq Bakı şəhərində yerləşən ünvanda yaşayış yeri üzrə qeydiyyata alınsa da, faktiki olaraq həmin tarixdən xeyli əvvəl Bakı şəhərində yaşaması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapır. Belə ki, birinci instansiyası məhkəməsində aparılan məhkəmə icraatı çərçivəsində təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, iddiaçı 2008-ci ildən 2012-ci ilədək 6 nömrəli Respublika xüsusi internat məktəbində, daha sonra isə 2012-ci ildən 2013-cü ilədək Bakı şəhəri 182 №-li tam orta məktəbində təhsil almışdır. Göründüyü kimi, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınma tarixindən etibarən Bakı şəhərində fasiləsiz beş il yaşadığı rəsmən təsdiq edilməsə də, onun 2008-ci ildən etibarən burada təhsil alması, faktiki olaraq, onun artıq 17 ilə yaxın müddətdir Bakı şəhərində yaşadığını sübut edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04 aprel 2025ci il tarixli, 2-1(112)-6005/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(112)-6005/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2852/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2852/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver