Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2853/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri Xətai rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdan keçmiş və 29.10.2019-cu il tarixdə ona işsizlik statusu verilmişdir. Ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə bağlı iddiaçıya bir neçə ay üzrə 190 manat birdəfəlik ödəniş verilsə də, sonradan bu ödənişin verilməsi dayandırılmışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının birdən çox əmlakının, fərdi uçot sistemində gəlirinin, eləcə də adına nəqliyyat vasitəsinin olduğu aşkarlanmışdır. İddiaçı həmin birdəfəlik ödənişin dayandırılmasından narazı qalaraq cavabdeh inzibati orqanın "Cağrı mərkəzi"nə bir neçə dəfə müraciət etsə də, onun tələbinin təmin olunmasından hərəkətsizlik göstərilməklə imtina edilmişdir. İnzibati məhkəmə icraatı dövründə cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 16.06.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlərə baxılması 2020-ci ilin 27 aprel tarixindən dayandırılmışdır. Araşdırmalar nəticəsində iddiaçının birdən çox əmlakının, fərdi uçot sistemində gəliri və adına nəqliyyat vasitəsi aşkar olunduğuna görə 190 manat birdəfəlik ödəmədən imtina edildiyi nəzərinə çatdırılmışdır. Beləliklə, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12.01.2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi”nə zəng edərək, ona 2020-ci il dekabr ayının 14-dən 2021-ci il yanvar ayının 18-ə qədər Bakı şəhərində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməsi ilə əlaqədar işsiz olduğu nəzərə alınmaqla 190 manat birdəfəlik ödəmənin verilməsini xahiş etmişdir. Birdəfəlik ödəmə verilmədiyindən o, 2021-ci ilin aprel ayında 142 – “Çağrı mərkəzi”nə təkrar müraciət etmiş, lakin nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının tələblərinə görə birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi” nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nm 2.2-ci bəndində (Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir) nəzərdə tutulan və 27.04.2020-ci il tarixədək MAS-da işsiz kimi qeydiyyatı olan şəxlərə ödənilir. Bununla yanaşı həmin Qaydaların 2.3.11-ci yarımbəndinə əsasən mülkiyyətində müxtəlif ünvanlarda iki və daha çox daşınmaz əmlakı olanlara birdəfəlik ödəmə verilmir. Həmçinin həmin Qaydaların 3.8-ci bəndində göstərildiyi kimi birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılır. İddiaçının 4 ay (aprel, may, iyun və avqust ayları) üçün toplam 760 manat miqdarında müvafiq birdəfəlik ödəməni aldığı barədə məlumat vermişdir. İddiaçıya münasibətdə Nazirlər Kabinetinin 2020-ci il 23 dekabr tarixli 506 nömrəli Qərarına uyğun olaraq informasiya ehtiyatlardan istifadə edərək aparılan yoxlama zamanı iddiaçının mülkiyyətində iki və daha çox daşınmaz əmlakının olması aşkarlanmış və şəxsə qeyd edilən Qərara əsasən yenidən 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 23.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iş materiallarında olan Baş Dövlət Yol polis İdarəsinin 22.06.2021-ci il tarixli məktubunun, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 07.07.2021-ci il taixli çıxarışının surətinin ona verilməsini xahiş etsə də, həmin sənədlər ona təqdim edilməmişdir. Məhkəmə işə baxarkən, maddi və prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, iddia və vəsatəti əsassız olaraq təmin edilməmiş, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Tərəflərin izahatları: 15.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan hərəkətsizlik göstərmiş, yalnız məhkəmə icraatı dövründə 16.06.2021-ci il tarixli məktubla ona tələbinin təmin olunmasından imtina edildiyi bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 39.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin ona ödənilməmiş aylar üzrə ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı mülkiyyətində müxtəlif ünvanda iki daşınmaz əmlakın, həmçinin minik avtomobilininn olmasına istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Yuxarıda adı çəkilən Qaydaların 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, (yəni 25.04.2020-ci il tarixə) xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Hazırki işdə iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aprel, may, iyun və avqust ayları üçün təyinatı üzrə 190 manat miqdarında birdəfəlik ödənişin ödənildiyi müəyyən olunur. Bu, işin mübahisəsiz halıdır. İşin mübahisəli halı onunla bağlıdır ki, iddiaçı ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiq olunması davam etdiyi halda ona sonradan birdəfəlik ödənişin verilməməsi ilə narazıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya sonrakı aylarda 190 manat məbləğində birdəfəlik ödənişin verilməsi təkrar yoxlama zamanı aşkar olunan faktlarla bağlı olaraq dayandırılmış, yəni şəxsin fərdi uçot sistemində gəlirinin olması, adına birdən çox daşınmaz əmlakın olması, istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin müəyyən edilməsi səbəbindən dekabr ayı üçün vətəndaşa müvafiq birdəfəlik ödəniş təyin edilməmiş və ödənməmişdir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Göründüyü kimi, 190 manat birdəfəlik ödəmənin verilməsini tələb edən şəxs mülkiyyətində birdən çox daşınmaz əmlakı, nəqliyyat vasitəsi olan şəxsdirsə ona yuxarıda adı çəkilən Qaydaların 2.3.10, 2.3.11 və 2.3.12-ci bəndlərinə əsasən cavabdeh inzibati orqan birdəfəlik ödəmənin verilməsindən imtina edə bilər. Hazırki işdə Baş Dövlət Yol Polis İdarəsinin 22.06.2021-ci il tarixli 016- 71526-1221 saylı məktubuna əsasən İddiaçı adında 06.07.2012-ci il tarixdən “VAZ-21074” markalı **- RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatda olduğu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli **********47 nömrəli məktubuna əsasən isə Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, 23/25 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.0182 ha olan torpaq sahəsinin 1/4 hissəsi, habelə ünvan 3 ünvanında yerləşən 39 saylı mənzilin İddiaçı adına qeydiyyatdan keçib, hazırda onun mülkiyyətində olduğu müəyyən olunur. Beləliklə, işin sadalanan halları ilə iddiaçının mülkiyyətində müxtəlif ünvanda iki daşınmaz əmlakın, habelə minik avtomobilinin olması tam təsdiq olunur. Göründüyü kimi, inzibati orqan yuxarıda adı çəkilən qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə etməklə əldə edilmiş məlumatlara istinadən hərtərəfli araşdırma apararaq iddiaçıya tələb etdiyi 190 manat məbləğində birdəfəlik ödənişin verilməsini haqlı olaraq dayandırmış və bu zaman onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu fakt iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir, lakin cavabdeh inzibati orqan tərəfindən belə inzibati aktın qəbul edilməsini istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində göstərilmiş dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər formal olub, iddia tələbinin təmin olunması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2853/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2853/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver