Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2853/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ambreen Sahzadın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2853/2023 (Açar sözlər: “qaçqın statusunun verilməsi”) Bakı şəhəri 10 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi və iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8523/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Pakistanın Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, 2004- 2007-ci illərdə Shahzad adlı Pakistan İslam Respublikasının vətəndaşı ilə ailə qurduğunu, bu evlilikdən iki övladı olduğunu, lakin ikinci dəfə ailə həyatı qurduğunu, birinci ərinin 2007-ci ildə qohumları tərəfindən zəhərləndiyini və vəfat etdiyini, həmin qohumlar tərəfindən iddiaçının övladlarının əlindən alınması ilə təhdid edidiyini, bu səbəbdən də Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəldiyini bildirərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-19/4 saylı qərarının surətindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Ambreen Sahzada və onun ailə üzvlərinə (əri, oğlu) qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Ambreen Sahzad cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-19/4 nömrəli, xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olmuş, milliyətcə pəncablı, dini etiqadına görə sünni təriqətinə mənsub olmaqla müsəlmandır. İddiaçı Qucranvala şəhərində iki il təhsil almış, ailə həyatı qurduqdan sonra təhsilini davam etdirə bilmədyindən heç bir peşə sahibi olmamış, 2009-2016-cı illərdə Qucranvala şəhərində “Public school” adlı məktəbdə mühasib işləmiş, 2016-2022-ci illərdə isə ev şəraitində yemək bişirib ünvana çatdırmaqla məşğul olmuşdur. İddiaçı 2004-2007-ci illərdə Shahzad adlı Pakistan vətəndaşı ilə evli olmuş, bu evlilikdən iki övladı olmuş, əri 2007-ci ildə vəfat etmiş, 2022-ci ildə X4 ilə ailə qurmuşdur. İddiaçının valideyinləri vəfat etmiş, 4 bacısı və 5 qardaşının vardır, 1 bacısı İngiltərənin London şəhərində yaşayır, digər bacı və qardaşları isə Pakistanda yaşayırlar. İddiaçının birinci əri 2007-ci ildə qohumları tərəfindən zəhərlənmiş və vəfat etmiş, həmin qohumlar tərəfindən iddiaçı övladlarının əlindən alınması ilə təhdid edilmişdir. İddiaçı ikinci dəfə nikaha daxil olmuş, X2rdaşı tərəfindən təhdid olunmuşlar, bu səbəbdən də əri və övladları ilə birlikdə xx.xx.2022-ci ildə Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəlmişlər. Müsahibə zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən işin mühüm faktları müəyyən edilməmişdir.
5. Cavabdeh Dövlət Miqrasiya Xidməti etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ- 19/4 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh orqan iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə qohumları arasında ailə-məişət zəminində problemlər yaşanmış, dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1- ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, iddiaçının barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8523/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın qanunsuz hesab edilməklə qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8523/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə vəziyyəti barədə məlumat verərək iddiaçı 2004-2007-ci illərdə Shahzad adlı Pakistan vətəndaşı ilə evli olduğunu , bu evlilikdən 2 övladı olduğunu,ərinin 2007-ci ildə vəfat etdiyini, 2022-ci ildə X4 ilə ailə qurduğunu qeyd etmişdir.Yaxın qohumları barədə məlumat verən iddiaçı valideyiniərinin vəfat etdiyini, 4 bacısı və 5 qardaşının olduğunu, 1 bacısının İngiltərədə (London) yaşadığını, digər bacı-qardaşlarının isə Pakistanda yaşadıqlarını qeyd etmişdir. Ərizəçi qaçqın statusunun verilməsinə dair müraciət etmə səbəbi barədə danışarkən 2007-ci ildə birinci ərinin qohumları tərəfindən zəhərləndiyini və ərinin vəfat etdiyini, həmin qohumlar tərəfindən özünün övladlarının əlindən alınması ilə təhdid edildiyini, həmçinin ikinci dəfə nikaha daxil olduğu X2rdaşı tərəfindən təhdid olunduqlarını bildirmişdir. Bu təhdidləri əsas gətirən ərizəçi təqiblərdən qurtulmaq üçün əri və övladları ilə birlikdə Azərbaycana gəldiyini qeyd etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixində Azərbaycana gəlib.Azərbaycana gəldikdən sonra ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib.DMX onun vəsatətini müvafiq iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə aparılıb.Ərizəçi bildirib ki, o,Pakistan İslam Respublikasının qanunlarından, hökmlərindən və cəmiyyətdən ciddi təhdidlərlə üzləşməsi səbəbindən öz ölkəsinə geri qayıtmaq istəmir.DMX xx.xx.2023-cü il tarixli İQ-19/4 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib.DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə qohumları tərəfindən təqibə məruz qalmamışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
15. İddiaçının vəkili və nümayəndəsi Vəkil “Elektron kabinet” vasitəsilə ərizə təqdim edərək əlavə sübutlar toplanması səbəbilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə Kollegiyası uzun müddət olaraq məhkəmə icraatının aparıldığını nəzərə alaraq İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
17. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: -preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir; -1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; -7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı Pakistanın Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, 2004-2007-ci illərdə Shahzad adlı Pakistan İslam Respublikasının vətəndaşı ilə ailə qurduğunu, bu evlilikdən iki övladı olduğunu, lakin ikinci dəfə ailə həyatı qurduğunu, birinci ərinin 2007-ci ildə qohumları tərəfindən zəhərləndiyini və vəfat etdiyini, həmin qohumlar tərəfindən iddiaçının övladlarının əlindən alınması ilə təhdid edidiyini, bu səbəbdən də Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəldiyini bildirərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir
23. İddiaçı həmin müraciət əsasında cavabdeh tərəfindən araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ- 19/4 nömrəli qərar qəbul edilmişdir.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə qohumları arasında ailə-məişət zəminində problemlər yaşanmış, dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır.
26. Göründüyü kimi, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1- ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır.Beləliklə, iddiaçının barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
27. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübutun Xidmətə təqdim olunması müəyyən olunmur.
28. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
29. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdeh inzibati orqan tərəfindən ona verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusu verilməsindən imtina edərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur:
31. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
32. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməməsi ilə qanuna zidd olan və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara yol verilməmiş, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması üçün əsaslar müəyyən edilməmişdir.
33. Azərbaycanın Respubikasının qoşulduğu BMT-nin “Qaçqınların statusu” haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən “qaçqın” dedikdə 1951-ci il yanvarın 1- dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir.
34. 1967-ci il Protokolunun İ maddəsinin 1-ci hissəsinə əsasən Bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər.Həmin maddənin 2-ci bəndinə əsasən “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur.
35. Konvensiyanın 42-ci maddəsinə əsasən, əgər ərizəçi mənşəcə mənsub olduğu ölkədə davamlı qalmasının tərifdə göstərilən səbəblərə görə dözülməz olduğunu, yaxud geri qayıdacağı halda həmin səbəbdən ağlabatan dəlillərin köməyi ilə sübut edə bilirsə, onun ehtiyatları tam əsaslı sayılır.....
36. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998, bənd 11)
37. “İnandırıcılıq kefyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən 2 qrupa bölünür: daxili və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüs mənbə ölkələrinin məlumatlarının müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq, bu iş üzrə xarici mötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanmalı 2 əsas amil ərizəçinin izahatlarının müfəssəllik səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin 4 indikatoru fərqləndirilir:1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq. (Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33-cü səhifələr)....
38. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8523/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8523/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.