Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2855/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük Bəyannaməsinin statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə qaytarılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-1782/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cаvаbdеh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin İddiaçı MMC tərəfindən bəyan edilmiş 06 iyul 2020-ci il tarixli **********963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 29 iyul 2020-ci il tarixli **********3139 saylı Gömrük Bəyannaməsinin statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə qaytarılması barədə hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Bakı Baş Gömrük İdarəsinin İddiaçı MMC tərəfindən bəyan edilmiş 06 iyul 2020ci il tarixli **********963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 26 oktyabr 2020-ci il tarixli **********9257 saylı Gömrük Bəyannaməsinin statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə qaytarılması barədə hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC "xxxx" Şirkəti ilə müqavilə bağlayaraq, ölkə ərazisində xammal qismində istifadə edilməsi üçün "köpükləndirilən polistriol" məhsulu almış və qeyd edilən məhsul 06 iyul 2020-ci il tarixdə Bakı şəhərinə çatdırılmışdır. Onlar idxal etdiyi məhsul barədə 06 iyul 2020-ci il tarixdə Gömrük bəyannaməsi təqdim etmiş və bəyannamədə malın ümumi gömrük dəyərini mal aldıqları qiymətə - 39.134 manat (23.020 ABŞ dolları) - göstərmişdilər. Bakı Baş Gömrük İdarəsi tərəfindən isə təqdim edilmiş bəyannamə qəbul edilməmiş, səbəb kimi isə statistik dəyərin dəqiqləşdirilməli olması göstərilmişdir. Onlar tərəfindən təqdim edilmiş gömrük dəyəri rəsmi sənədlərə (invoys, müqavilə və s.) əsasən göstərilsə də, Bakı Baş Gömrük İdarəsi malın gömrük dəyərinin düzgün olmadığı barədə qənaətə gəlib, bu barədə onlara hər hansı bir yazılı bildiriş təqdim etmədən onların bəyannamələrini qaytarmış, malı 3 gün ərzində gömrük nəzarəti altında saxlayaraq, bu hərəkətləri ilə Gömrük Məcəlləsinin tələblərini pozmaqla yanaşı, bir iqtisadi subyekt kimi Şirkətin də normal iş rejimində problemlər yaratmışdır. Belə ki, bəyan edilmiş mal Şirkətə məxsus zavodda tikinti materiallarının istehsalı üçün nəzərdə tutulmuş, həmin malın zavoda vaxtında çatdırılmaması istehsalda ciddi problemlər уaratmışdır. Göründüyü kimi, Bakı Baş Gömrük İdarəsi tərəfindən onlara yazılı bildiriş təqdim edilmədən, bəyan etdikləri malın statistik dəyərinin dəqiqləşdirilməsi tələb edilmiş, bu düzəlişlər ilə razılaşmadıqları üçün malı gömrük nəzarəti altında saxlayaraq, onların sərəncamlarına verməmişlər. Bu yolla "xxxx" MMC Bakı Baş Gömrük İdarəsinin əsassız göstərişləri ilə razılaşmağa və malı gömrük nəzarətindən çıxarmaq üçün gömrük bəyannaməsində malın statistik dəyərinin yuxarı göstərilməsinə məcbur edilmişdir. Cavabdeh əsassız olaraq onlardan artıq vergi alınmasını təmin etmək üçün qarşılarında süni maneə yaratmış, bu hərəkəti ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələblərini pozmuşdur. Yəni Qanunda nəzərdə tutulmayan hərəkətin statistik dəyərin dəqiqləşdirilməsinin – onlar tərəfindən edilməsini tələb etmişdir. Malın statistik dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi mümkün deyildir, xüsusi gömrük statistikasını gömrük orqanı aparmalıdır. Yəni cavabdeh onlardan malın statistik dəyərinin dəqiqləşdirilməsini tələb edə bilməzdi. Hətta onlar Bakı Baş Gömrük İdarəsinə məktub ünvanlayaraq, İddiaçı MMC-yə məxsus, 06 iyul 2020-ci il tarixli Gömrük Bəyannaməsi ilə bəyan edilmiş malın gömrük dəyərinin dəqiqləşdirilməsi ilə əlaqədar yarana biləcək gömrük borcunun İddiaçı MMC tərəfindən gömrük orqanının depozit hesabına köçürülməsinin təmin edilməsini və Şirkətə məxsus malın istifadə üçün İddiaçı MMC-yə verilməsini xahiş etmiş, onların bu müraciətləri də cavabsız qalmış, onlara məxsus mal gömrük nəzarəti altında saxlanmışdır.Onlar tərəfindən bəyan edilmiş malın gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslandığına görə cavabdeh bəyan edilmiş malın gömrük dəyərinin dəqiqləşdirməsini tələb edə bilməmiş, bu üzdən malın statistik dəyərinin dəqiqləşdirilməsini tələb etmişdir. Həmin malın statistik dəyərinin isə 1 kq-na görə 1,25 ABŞ dolları göstərməklərinin tələb edilməsi tam qanunsuz olmuş, buna baxmayaraq, onlar Şirkətə məxsus malın gömrük nəzarətində saxlanılması ilə Şirkətə daha yüksək zərər vuracağını görüb, cavabdehin əsassız şərti ilə razılaşmış və 09 iyul 2020-ci il tarixdə Gömrük bəyannaməsində gömrük dəyərini onlardan tələb edilən məbləğdə göstərməklə malı gömrük nəzarətindən çıxarmalı olmuşlar. Qanunvericiliyin tələbinə əsasən, gömrük dəyəri anlayışı statistik dəyər anlayışından fərqlidir və gömrük orqanı əgər onların malının gömrük dəyəri ilə razılaşmırlarsa, bu zaman Gömrük dəyərinin müəyyən edilməsi üçün qanunauyğun tədbirlər görə bilərdi. Lakin bir iqtisadi subyekt kimi onların qarşılarında süni maneələr yaratmaqla gömrük dəyərinin yuxarı göstərilməsinin tələb edilməsi qanunsuzdur. İşin diqqətəlayiq bir halı da ondan ibarətdir ki, gömrük bəyannaməsi elektron qaydada doldurulur və Gömrük Bəyannaməsinin 46-cı qrafasında statistik dəyər göstərilməlidir. Bəyannaməçi malın invois dəyərini olduğu kimi göstərib, əslində həmin dəyərə uyğun gömrük rüsumlarını ödəməlidir, lakin statistik dəyər qrafasında gömrük orqanının tələb etdiyi qiyməti göstərən zaman malın 42 qrafada olan invois dəyəri də avtomatik olaraq statistik dəyərə uyğun yazılır və bu hal malın invois dəyərinin artıq göstərilməsinə səbəb olur. Məhz Gömrük orqanı bundan istifadə elməklə statistik dəyərin dəqiqləşdirilməsi adı ilə bəyannaməni təsdiq etmədən qaytarır və şifahi olaraq statistik dəyərin nə qədər göstərilməli olmasını tələb edir. Əks təqdirdə isə bəyannaməni təsdiq etmir və mal gömrük nəzarətində saxlanılır. Gömrük orqanına qarşı qanunauyğun tədbirlər görülmədiyinə görə cavabdeh bundan sui-istifadə etməyə davam etmiş, 14 iyul 2020-ci il və 29 iyul 2020-ci il tarixlərdə də ölkəyə gətirdikləri mallarla əlaqədar bəyan etdikləri 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 29 iyul 2020-ci il tarixli **********3139 saylı Gömrük Bəyanamələrini statistik dəyərin dəqiqləşdirilməsi adı ilə qaytarmışdır. Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-1782/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-1782/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır:
1. Məhkəmə cavabdehin gömrük dəyəri ilə razılaşmadığı halda onun hansı hüquq normasını tətbiq etməli (hansı hərəkətləri etməli) olması məsələsinə hüquqi qiymət verməmişdir.
2. Məhkəmə satatistik dəyərlə, malın gömrük dəyərinin fərqli anlam daşıması halına qiymət verməmişdir.
3. İddiaçı cavabdehin orqanın qanunsuz hərəkəti ilə bizə ziyan dəyməsini göstərmiş, onun bu hərəkətinin qanuniliyinə qiymət verilməsini tələb etmişdir. İddiaçı təqdim olunmuş gömrük bəyannaməsində düzəliş edilməsini və ya onun geri götürülməsini tələb etməimşdir. Cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi gömrük bəyannaməsində düzəliş edilməsi və ya onun geri götürülməsi kimi başa düşülə bilməz. Məhkəmə isə öz qərarında göstərir ki, iddiaçı malın statistik dəyərinin yuxarı göstərilməsinə cavabdeh tərəfindən məcbur edildiyini sübut etməmişdir.
4. Məhkəmə cavabdehin gömrük dəyərinin müəyyən edilməsi üsulunun ardıcıl olaraq tətbiq edib-etməməsi məsələsini müəyyən etməmişdir.
5. Qeyd edilənlərdən əlavə bildirmək istəyirik ki, məhkəmə öz qərarında bəyan edilən malların malının invoys dəyərini, gömrük dəyərini və statistik dəyərini göstərmiş, həmin malların invoys dəyəri ilə gömrük dəyəri arasında 8000 ABŞ dollarına yaxın yaranmış fərqin hansı xərcə hesablaması məsələsinə aydınlıq gətirməmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-1782/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -"xxxx" MMC tərəfindən təsdiq edilmiş 06.07.2020-ci il tarxli **********8963 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, tədarükçü “CFN KİMYA SANAYİ VE DİŞ TİCARER A.Ş” istehsal ölkəsi Türkiyə olmaqla ilkin formalarda stirol polimerləri: köpüklənən polistirol (WG-100 A Natural White) (WG 150 A Natural White) (WG 300 A Natural White) malının invoys dəyəri 20520,00, gömrük dəyəri 48450,00 manat, statistik dəyəri isə 28500,00 ABŞ dolları göstərilmişdir. -CFN KİMYA SANAYİ VE DİŞ TİCARET A.Ş. 4610 nömrəli invoysda 22800,00 kq mallara görə 20520,00 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. -3045315 nömrəli 23.06.2020-ci il tarixli köçürmə orderindən görünür ki, "xxxx" MMC tərəfindən CFN KİMYA SANAYİ VE DİŞ TİCARET Şirkətinin bank hesabına 20520,00 ABŞ dolları ödəniş edilmişdir. -**********8963 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, rəsmiləşdirilmək üçün verilmiş bəyannamə statistik dəyərin dəqiqləşdirilməsi səbəbi ilə bəyannaməçiyə geri qaytarılmışdır. -"xxxx" MMC tərəfindən təsdiq edilmiş 14.07.2020-ci il tarixli **********8144 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ilkin formalarda stirol polimerləri: köpüklənən polistirol (EXPANDABLE POLYSTYRENE) istehsal ölkəsi Çin olan malın invoys dəyəri 18360,00, gömrük dəyəri 41905,00 manat, statistik dəyəri isə 24650,00 ABŞ dolları göstərilmişdir. -OOO NORİS. 003 nömrəli invoysda 17,000 kq mallara görə 18360,00 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. -3059245 nömrəli 29.06.2020-ci il tarixli və 285101 nömrəli 08.05.2020-ci il tarixli köçürmə orderinlərdən görünür ki, "xxxx" MMC tərəfindən OOO NORİS Şirkətinin bank hesabına ümumilikdə 18360,00 ABŞ dolları ödəniş edilmişdir. -**********8144sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, rəsmiləşdirilmək üçün verilmiş bəyannamə statistik dəyərin dəqiqləşdirilməsi səbəbi ilə bəyannaməçiyə geri qaytarılmışdır. -"xxxx" MMC ilə dolayı təmsilçi "xxxx" MMC tərəfindən təsdiq edilmiş 26.10.2020-ci il tarixli **********9257 sorğu nömrəli gömrük bəyannaməsində tədarükçü “CFN KİMYA SANAYİ VE DİŞ TİCARER A.Ş” istehsal ölkəsi Türkiyə olmaqla ilkin formalarda stirol polimerləri: köpüklənən polistirol (WG 150 A EPS Expandable polystyrene malının invoys dəyəri 21660,00, gömrük dəyəri 41072,00 manat, statistik dəyəri isə 24160,00 ABŞ dolları göstərilmişdir. -CFN KİMYA 6097 nömrəli invoysda 22800,00 kq mallara görə 21660,00 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. -3444946 nömrəli 12.10.2020-ci il tarixli köçürmə orderindən görünür ki, "xxxx" MMC tərəfindən CFN KİMYA SANAYİ VE DİŞ TİCARET Şirkətinin bank hesabına 21660,00 ABŞ dolları ödəniş edilmişdir. - **********9257 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, rəsmiləşdirilmək üçün verilmiş bəyannamə qrafa 43 gömrük dəyərinin müəyyən edilməsi üsulu düzgün göstərilməyib, qrafa 44 nəqliyyat qaiməsinin nömrəsi və ya tarixi düzgün göstərilməyib səbəbi ilə bəyannaməçiyə geri qaytarılmışdır. İş üzrə araşdırma zamanı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş raportda qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən təqdim edilən gömrük bəyannamələri ilə rəsmiləşdirilən malların gömrük dəyərinin müəyyən edilməsi zamanı digər xarici ticarət iştirakçılarının adına rəsmiləşdirilən gömrük bəyannamələrindən istifadə edilmişdir. Həmin gömrük bəyannamələrinin surətləri təqdim edilmişdir. -İddiaçı MMC tərəfindən gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına 06.07.2020-ci il tarixli **********8963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 26.10.2020-ci il tarixli **********9257 saylı gömrük bəyannamələri təqdim edilmiş, 06.07.2020-ci il tarixli **********8963 saylı gömrük bəyannaməsinin 20-ci qrafasından görünür ki, iddiaçı malı EXW Gebze” şərti ilə Türkiyə Respublikasında təhvil almış və Azərbaycana idxal etmiş, 14.07.2020-ci il tarixli **********8144 saylı bəyannamənin 20-ci qrafasından görünür ki, “CİF Poti” şərti ilə təhvil almış və Azərbaycana idxal etmiş, 26.10.2020-ci il tarixli **********9257 saylı gömrük bəyannaməsinin 20-ci qrafasından görünür ki, iddiaçı malı EXW Gebze” şərti ilə Türkiyə Respublikasında təhvil almış və Azərbaycana idxal etmişdir. İddiaçı qeyd edilən 3 gömrük bəyannaməsinin rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edildiyini, gömrük orqanı tərəfindən bəyannamənin bəyannaməçiyə statistik dəyərinin dəqiqləşdirilməsi səbəbi ilə geri qaytarıldığını, Şirkətə məxsus malın gömrük nəzarətində saxlanılması ilə Şirkətə daha yüksək zərər vurulacağı səbəbindən, cavabdehin əsassız şərti ilə razılaşdığını və Gömrük bəyannamələrində gömrük dəyərini onlardan tələb edilən məbləğdə göstərməklə malı gömrük nəzarətindən çıxarmalı olduqlarını, lakin inzibati orqanın bu hərəkətlərinin qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək, inzibati orqanın qeyd edilən hərkətlərinin qanunsuz sayılmasını xahiş etmişdir Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı Rerapier” MMC 06 iyul 2020-ci il tarixli **********8963 saylı, 14 iyul 2020-ci il tarixli **********8144 saylı və 26 oktyabr 2020-ci il tarixli **********9257 saylı gömrük bəyannamələrini rəsmiləşdirmək üçün gömrük orqanına təqdim etmiş, gömrük orqanı tərəfindən bəyannamədə qeyd edilən məlumatların düzgünlüyü qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlanılmış, daha sonra bəyannaməçi tərəfindən gömrük bəyannamələrindəki məlumatlar dəqiqləşdirilərək, təsdiqləyərək gömrük orqanına təqdim etmiş, idxal edilən mallar üçün gömrük ödənişlərini mövcud gömrük qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülməklə bəyan edilən malların gömrük dəyərindən hesablamış və ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən öz növbəsində təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyəyə buraxılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3, 40.2, 102.1, 104.1, 104.2, 121.1, 146.1, 146.2, 148.3, 152.3, 153.2.3, 153.4, 299.3, 302.2-ci maddələrini, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2, 8.1, 10.1, 11, 12.1, 18.1-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrininbəyan edilməsi Qaydaları”nın 1.1, 1.2, 2.2, 2., 2.4, 3.1-ci bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı öz iradəsi ilə cavabdeh inzibati orqana təqdim etdiyi gömrük bəyannamələrində malın statistik dəyərinin yuxarı göstərilməsinə cavabdeh tərəfindən məcbur edildiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük Bəyannamələrinin statistik dəyərin dəqiqləşdirilməsi əsası ilə qaytarılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299.3-cü maddəsinə əsasən fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin qanunun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə aşağıdakılar əlavə edilir: 13.2.1. alıcı tərəfindən çəkilmiş, lakin mallara görə faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş aşağıdakı xərclər: 13.2.1.1. alıcı tərəfindən malların satın alınması ilə bağlı onu təmsil edən nümayəndəsinə malın alınması ilə əlaqədar təmsilçilik xidmətinə görə ödənilmiş və ya ödənilməli xərclər istisna olmaqla, digər komisyon və broker mükafatlandırılmaları üzrə xərclər; 13.2.1.2. idxal edilmiş malların gömrük məqsədləri üçün bir hissəsi hesab edilən konteynerlərin dəyəri; 13.2.1.3. qablaşdırma materiallarının və qablaşdırma ilə əlaqədar işlərin dəyəri daxil olmaqla, alıcının çəkdiyi qablaşdırma xərcləri; 13.2.2. idxal edilən malların istehsalı və ixrac üçün satılması məqsədi ilə alıcı tərəfindən satıcıya birbaşa və ya dolayısı ilə pulsuz və ya aşağı qiymətlə verilmiş aşağıdakı hər hansı malın və xidmətin faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş dəyəri: 13.2.2.1. idxal edilən malların tərkib hissəsi olan materialların, komplektləşdirici hissələrin və digər məmulatların dəyəri; 13.2.2.2. idxal edilən malların istehsalında istifadə edilmiş alətlərin, ştampların, qəliblərin və digər analoji ləvazimatların dəyəri; 13.2.2.3. idxal edilən malların istehsalında sərf edilmiş sürtgü yağları, yanacaq və digər materialların dəyəri; 13.2.2.4. gömrük ərazisindən kənarda həyata keçirilmiş və idxal edilən malların istehsalı üçün zəruri olan layihələndirmə, mühəndis, təcrübi-konstruktor, bədii tərtibat, çertyoj və eskiz işlərinin dəyəri; 13.2.3. patentlər, ticarət nişanları və müəlliflik hüquqları üçün ödənişlər də daxil olmaqla, dəyərləndirilən malların satışı ilə əlaqədar alıcının birbaşa və ya dolayısı ilə ödəməli olduğu royalti və lisenziya haqqı, əgər bunlar faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmişdirsə; 13.2.4. alıcı tərəfindən mallar barədə sərəncam verilməsindən və ya onların istifadəsindən satıcıya birbaşa və ya dolayısı ilə çatan və ya çatmalı olan hər hansı gəlir hissəsinin dəyəri; 13.2.5. idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri. Baxılan iş üzrə cavabdehin bəyannaməni qaytarması üçün səbəb statistik dəyərin dəqiqləşdirilməsi olmuşdur. Gömrük orqanları tərəfindən statistik dəyər hesablanarkən invoys dəyərinin üzərinə daşınma və digər xərclər də əlavə edilir. İddiaçı tərəfindən təsdiq olunmuş gömrük bəyannamələrinin qrafalarının 20-ci qrafasına əsasən iddiaçı malı “EXW Gebze” şərti ilə Türkiyə Respublikasında təhvil almış və Azərbaycana idxal etmiş, eyni zamanda digər bəyannamədə isə “CİF Poti” şərti ilə Gürcüstan Respublikasında təhvil almış və Azərbaycana idxal etmişdir. İddiaçının çəkdiyi başqa xərclər nəzərə alınmasa belə, təkcə yol xərci gömrük dəyərinin artmasına təsir edir və invoysda göstərilən qiymətlə gömrük rəsmiləşdirilməsinin aparılmasını istisna edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətlərində hər hansı qanunsuzluğun olması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-1782/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.