Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2855/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-660/2025 nömrəli, 17 mart 2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı orta məktəbi bitirdikdən sonra 01 sentyabr 1979-cu ildən 16 aprel 1981-ci il tarixədək Bakı şəhəri 88 saylı Texniki Peşə məktəbində oxumuşdur. 17 aprel 1981-05 may 1983-cü illərdə hərbi xidmətdən sonra, 07 sentyabr 1984-cü ildən 05 iyul 1984-cü il tarixdək Tikinti İdarəsində 4-cü dərəcəli betonçu, “BBTİ”-nin 1 saylı Evtikmə Kombinatında 20 avqust 1984-cü ildən 04 dekabr 1984-cü il tarixədək 1-ci dərəcəli fəhlə, 04 dekabr 1984-cü ildən 30 dekabr 2004-cü il tarixədək 2-ci və 3-cü dərəcəli qəlibçi vəzifələrində işləmişdir. 11 noyabr 2014-cü ildən Azərbaycan Televiziya və X7 Səhmdar Cəmiyyətində çilingər santexnik, 1-ci dərəcəli böyük müxanik vəzifəsində və hazırda növbə rəisi vəzifəsində çalışır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-660/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə cavabdeh qurumda baxılmış və cavabdehin xx.xx.2023cü il tarixli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tikinti materiaları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı (14.10) bəndinin fəhlələr yarımbəndində sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri və yeraltı qalereya fəhlələri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən güzəştli iş stajı yoxdur. "xxxx" ASC-nin iddiaçıya dair 17 oktyabr 2023-cü il tarixli 015 nömrəli arayışında xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin baş korpus sahəsində fəhlə, xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə qəlibçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi fəhlə və qəlibçi vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. İddiaçının ümumi sosial sığota stajı işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 32 il 10 ay 16 gün (xx.xx.2006-cı il tarixədək 23 il 2 ay 16 gün əmək stajı (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 9 il 8 ay) təşkil edir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki haları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan halların tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərar əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-cİ ildə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tikinti materialları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı (14.10) bəndinin fəhlələr yarımbəndində sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri və yeraltı qalereya fəhlələri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd edilən məlumatlara əsasən Sizin güzəştli iş stajınız yoxdur. "xxxx" ASC-nin Sizə dair 17 oktyabr 2023-cü il tarixli 015 nömrəli arayışında xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin baş korpus sahəsində fəhlə, xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə qəlibçi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz fəhlə və qəlibçi vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ”BBTİ”-nin 1 saylı Evtikmə kombinatında 20 avqust 1984-cü il tarixindən baş korpus sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (Əmr № 566, xx.xx.1984-cü il). 04 dekabr 1984-cü il tarixindən baş korpus sahəsində dəmir-beton konstrukisiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmişdir (Əmr № 934, xx.xx.1984-cü il). 01 iyul 1987-ci il tarixindən baş korpus sahəsində dəmir-beton konstrukisiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmişdir (Əmr № 375, xx.xx.1987-ci il). 01 sentyabr 1989-cu il tarixindən baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi keçirilmişdir (Əmr № 714, xx.xx.1989-cu il). 30 dekabr 2004-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən işdən azad edilmişdir (Əmr № 65/k, xx.xx.2004-cü il). Göstərilən dövrdə İddiaçı baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə qəlibçi işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 № li qərarı təsdiq edilmiş güzəştli siyahının 14.10 dəmir-beton və beton məmulatlarının istehsalı üzrə öz əksini tapmışdır. Əsas T-2 şəxsi kartoçka. 1 saylı Evtikmə Kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" ASC-nə çevrilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli izahlı arayışdan görünür ki, İddiaçı “BBTİ”-nin 1 saylı Evtikmə Kombinatında 20 avqust 1984-cü il tarixdən baş korpus sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (Əmr № 566, xx.xx.1984-cü il). 04 dekabr 1984-cü il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli qəlibçi vəzifəsinə keşirilmişdir (Əmr № 934, xx.xx.1984-cü il). 01 iyul 1987-ci il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli qəlibçi vəzifəsinə keçirilmişdir (Əmr № 375, xx.xx.1987ci il). 01 sentyabr 1989-cu il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi vəzifəsinə keçirilmişdir (Əmr № 714, xx.xx.1989-cu il). 30 dekabr 2004-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsəasən işdən azad edilmişdir (Əmr № 65/k, xx.xx.2004-cü il). İddiaçı yuxarıda göstərilən dövrlərdə baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə işlədiyi qəlibçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın tikinti materilları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı (14.10) bəndinin fəhlələr yarımbəndində göstərilən peşə ilə eynilik təşkil edir və həmin peşələr arasında əhəmiyyətli fərq yoxdur, eyni əmək funksiyalarını yerinə yetirirlər. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli izahlı arayışdan görünür ki, "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı “BBTİ”-nin 1 saylı Evtikmə Kombinatında 20 avqust 1984cü il tarixdən baş korpus sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (Əmr № 566, xx.xx.1984-cü il). 04 dekabr 1984-cü il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli qəlibçi vəzifəsinə keçirilmişdir (Əmr № 934, xx.xx.1984cü il). 01 iyul 1987-ci il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 2ci dərəcəli qəlibçi vəzifəsinə keşirilmişdir (Əmr № 375, xx.xx.1987-ci il). 01 sentyabr 1989cu il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi vəzifəsinə keçirilmişdir (Əmr № 714, xx.xx.1989-cu il). 30 dekabr 2004-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsəasən işdən azad edilmişdir (Əmr № 65/k, xx.xx.2004-cü il). İddiaçı “BBTİ”-nin 1 saylı Evtikmə Kombinatında işlədiyi 1-ci dərəcəli fəhlə vəzifəsi və 2-ci, 3-cü dərəcəli qəlibçi vəzifəsində yerinə yetirdiyi əmək funksiyaları dəmir-beton və beton məmulatlarını quraşdırmaqdan və digər məmulatları bir yerdən, başqa yerə daşımaqdan ibarər olmuşdur. Formal olaraq vəzifəsi qəlibçi yazılsa da əslində dəmir-beton məmulatlarını fəhlə kimi bir yerdən başqa yerə daşımış və dəmir məmulatlarından istifadə edərək beton istehsal edən fəhlələrin gördükləri digər işləri görmüşdür. Eyni zamanda onun işlədiyi sahə süni isitmə ilə beton məmulatlarının qurudulduğu sahə olaraq insan səhhəti üçün zərərli iş olmuşdur. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın tikinti materilları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı (14.10) bəndində öz əksini tapmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin xx.xx.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı hərbi xidmət müddəti və təhsil də daxil olmaqla xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1979-xx.xx.1981 (təhsil), xx.xx.1981-xx.xx.1983 (hərbi xidmət), xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.2004, xx.xx.2014 -xx.xx.2022 - cəmi 32 il 06 ay 04 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1984-xx.xx.2004-cü illərdə "xxxx" ASC-nin baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə fəhlə və qəlibçi vəzifələrində işləmişdir. Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 14. Tikinti materialları istehsalı; 14.10. Dəmir-beton və beton məmulatlarının istehsalı: fəhlələr. İddiaçının işlədiyi, qeyd olunan sahə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahə və peşələrə aid olduğu işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla da öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (xx.xx.1984-xx.xx.2004 - cəmi 20 il 04 ay 11 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-660/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2855/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2855/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver