Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2856/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(112)-961/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Zəngilan rayonu sakini kimi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(112)-961/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(112)-961/2021 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının DMX-nə qarşı irəli sürdüyü iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinə uyğun deyildir. Belə ki, iddia tələbində DMX-nin qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə yeni qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi məsələsi qeyd olunmalı idi. Əks halda məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında proses iştirakçılasına yardım etməli idi. Ona görə bu halda da iddia mümkün sayıla bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı təmin edilməsi barədə qərar qəbul edərkən DMX-nin qərarını ləğv etməmişdir. Vətəndaşlıq məsələsinə gəldikdə isə DMX tərəfindən sözügedən şəxsə münasibətdə düzgün inzibati icraat aparılmışdır. 1993-cü ildən 1998-ci ilə kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatının olmaması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Qanun Azərbaycan SSR-in vətəndaşlığında olan şəxslərin münasibətdə də müvafiq şərtlər müəyyən edir. Buna görə də, məhkəmənin şəxsin valideynlərinin Azərbaycan Respublikasının vətəndaşlığına istinad edərək belə nəticəyə gəlməsi düzgün deyildir. Bundan başqa, şəxs 1993-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan SSR pasportu ilə Rusiya Federasiyasına getmiş və həmin pasport əsasında RF-nin vətəndaşlığını əldə etmişdir (RF-nin vətəndaşlığını təsdiq edən pasport iş materiallarına əlavə edilmişdir). Bundan əlavə, DMX tərəfindən şəxsə onun Azərbaycan Respublikasında anadan olması faktını əsas götürərək birbaşa vətəndaşlığa qəbulla bağlı DMX-ya müraciət edə bilməsi tövsiyyə olunmuşdur (bu barədə DMX-nin müvafiq məktubu iş materiallarına əlavə edilmişdir). Birinci instansiya məhkəməsi qeyd olunan halların tətbiqi ilə bağlı qaydalara və iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, onları düzgün nəzərə almamış və nəticədə əsassız qərar qəbul etmişdir. Beləliklə, yuxarıda qeyd olunanları rəhbər tutaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(112)-961/2021 saylı qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 oktyabr 2019-cu il tarixli ******* nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığına görə 29 aprel 1972-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. - Zəngilan rayon VVADQ tərəfindən 18.02.2005-ci il tarixdə verilmiş X2 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 29.04.1972-ci il tarixdə Zəngilan rayonu, Baharlı kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1972ci ilin may ayının 12-ci günündə 07 № ilə qeyd edilmişdir. Ata qrafasında X7, ana qrafasında X4 qeyd edilmişdir. - Azərbaycan Respublikası Zəngilan rayon İcra Hakimiyyəti başçısının Çöpdərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2021-ci il tarixli 66 nömrəli arayışından görünür ki, İddiaçı 1992-ci il tarixinə kimi Zəngilan rayon Baharlı kəndində yaşamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin 14.11.2019-cu il tarixli 420 nömrəli arayışından görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı 01.05.1992-ci il tarixdə Zəngilan rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış, 19.05.1992-ci il tarixdən 24.12.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 16.07.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Fərarilər siyahısından keçmir, amnistiya qərarı tətbiq olunmayıb. - Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən X5 verilmiş HЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, 19.05.1992-ci il tarixdən 24.12.1993-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 26.05.1992-ci ildən 24.12.1993-cü ilədək döyüşlərdə iştirak etmiş və 16.07.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis şöbəsinin 12.06.2020-ci il tarixli 202-1716-1220 nömrəli məktubundan görünür ki, 29.04.1972-ci il tarixdə Zəngilan rayonu, Baharlı kəndində anadan olmuş İddiaçı hansı tarixlərdə Zəngilan rayonunda qeydiyyatda olması barədə Zəngilan RPŞ-nin Q və ŞVQ-nin arxivində heç bir məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 16.06.2020-ci il tarixli 018-5668-1220 nömrəli məktubundan görünür ki, 29.04.1972-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.09.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 29 aprel 1972-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Xaqani Vəliyevin məhkumluğu yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçı Zəngilan rayonunda doğulduğu və Azərbaycan Respublikasında həqiqi hərbi xidmət keçdiyi halda cavabdeh onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından formal əsaslarla imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmaqla icraatına qəbul etdiyi iddia ərizəsi üzrə çıxardığı qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də həmin qərar ləğv edilməklə iddia qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın növünü müəyyən edərkən yalnışlığa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-cimaddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göründüyü kimi məcburetmə haqqında iddia inzibati orqanın inzibati aktın qəbulundan imtina etdiyi, inzibati orqanın ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul etdiyi, eləcə də hərəkətsizlik səbəbindən ümumiyyətlə inzibati aktın qəbul edilməsinə dair ərizəyə baxmadığı hallara şamil olunur. Baxılan iş üzrə inzibati orqan tərəfindən vətəndaşın müraciətinə artıq mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edildiyindən, hazırki mübahisə mübahisələndirilmə haqqında iddialara aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.3-cü maddəsinə əsasən iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Həmin məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi baxılan iş üzrə iddia ərizəsində iddiaçı qərarın ləğv olunmasını xahiş etməmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(112)-961/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2856/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2856/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver