Məhkəmə qərarları › İş №2-1(103)-2856/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2856/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2856/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1ci qrup əlilliyin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1532/2022 saylı, 10 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması haqqında qərarın ləğv olunması, İ qrup əlilliyin bərpa olunması, iyun 2020-ci il tarixdən oktyabr 2020ci il tarix daxil olmaqla ümumiyyətlə almadığı pensiya pulunun iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 23 sentyabr 2008-ci il tarixdən 31 iyul 2013-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə «Reneks» Dializ Mərkəzində həftədə üç dəfə xroniki ambulator hemodializ müalicəsi almışdır. 2008ci ildən 1-ci qrup əlil kimi ona pensiya təyin olunub, həmin pensiyanı 1 qrup əlil kimi 2008ci ildən may 2020-ci il tarixdə daxil olmaqla almışdır. İyun 2020-ci il tarixdən oktyabr 2020ci il tarix daxil olmaqla ümumiyyətlə pensiyanı almamışdır. İddiaçı 2020-ci il noyabr ayından hal-hazıradək 2-ci qrup əlil kimi pensiya alır. İddiaçı cavabdehin qərarı ilə razı deyildir. O, böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasına planlı şəkildə «Canlı donorlu böyrək transplantasiyası» əməliyyatı olunmaq məqsədi ilə müraciət etmiş, donor öz anası Sevil İsğəndərova olmuşdur. 31 iyul 2013-cü il tarixdə «Canlı donorlu böyrək transplantasiyası» əməliyyatı keçirmiş, iyun 2020-ci il tarixdən İ qrup əlilliyi ləğv edilmiş, aidiyyatı orqanlara müraciət etdikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona cavab olaraq bildirmişlər ki, o, böyrək köçürülmə əməliyyatı olunmağı ilə bağlı təqdim etdiyi tibbi sənədləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.4.2-ci bəndinə müvafiq olaraq 24.11 2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı bu qərarı qanunsuz və əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-803/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə “xx.xx.2020-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsi, birinci dərəcəli əlilliyin bərpa olunması və iyun 2020-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə “xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması haqqında qərarın ləğv olunması, İ qrup əlilliyin bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-803/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə işin aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, iddia tələbinin “1-ci qrup əlilliyin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1532/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-1532/2022 saylı qərarı ləğv edilməlidir. Belə ki, iddiaçının son müayinə sənədlərinə əsasən xəstəliyi birinci dərəcə əlilliyin təyin edilməsinə əsas vermədiyindən, ona müddətsiz ikinci dərəcə əlillik verilmişdir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığının terminalı mərhələsi diaqnozu ilə 1-ci dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində araşdırma aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş müddətsiz 1-ci dərəcə əlilliyi etibarsız hesab edilmişdir. Füzuli rayon Mərkəzi xəstəxanasının xx.xx.2015ci il tarixli göndərişi əsasında təkrar baxılmış və ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə müttədsiz əlillik dərəcəsi verilmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: - Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: Xr b/ç terminal mərhələ; Meyar: 2.1. Birinci dərəcə əlillik => DİGƏR: Xr b/ç terminal mərhələ” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. - Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: XİV Sinif- Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: XR. Böyrək çatmamazlığı .terminal mərhələ proqramlaşdırılmış hemodializ mərhələsində .Böyrəyin transplatsiyasından sonrakı vəziyyət; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olmuş xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə 1-ci İ dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində məktub araşdırılmışdır. Bildirilir ki, həmin xəstələrdən 15 nəfəri hazırda hemodializ müalicəsi alır, 171 nəfərə böyrəkköçürmə əməliyyatı icra edilib, 929 nəfəri isə vəfat etmişdir. 164 nəfərə hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilmiş, lakin xəstələr həmin mərkəzlərə müraciət etmədikləri üçün qeydiyyatdan çıxarılmışlar. 848 nəfər isə hemodializ xəstələrinin elektron registrində mövcud deyil. Qeyd olunan 1848 nəfərdən yalnız 632 nəfərə “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” vasitəsilə ilə Tibbi-Sosial Ekspert Komissiyalarına göndərişlər verilmişdir, qalan 216 nəfər barədə məlumat mövcud deyil. Beləliklə, işin hallarından göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığının terminalı mərhələsi diaqnozu ilə 1-ci dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində araşdırılma aparılmış və Səhiyyə Nazirliyin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubu ilə İddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş müddətsiz İ dərəcə əlilliyi etibarsız hesab edilmişdir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. - 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. - 3.5. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. - 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş, birinci dərəcə əlilliyi müddətsiz təyin edilmiş, lakin əlilliyi iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, altsistem vasitəsilə etibarsız hesab edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda cavabdeh iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin cavabdehin iddiaçını əyani müayinəyə cəlb etmədən qəbul etdiyi hər hansı qərarı qanuni hesab oluna bilməz. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun: - 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. -28.1-ci maddəsi inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). - 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının əyani müayinəyə cəlb edildiyini və bunun nəticəsində ona 2-ci dərəcə müddətsiz əlillik təyin edildiyini bildirdi. Həmçinin, məhkəmənin sorğularına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin sədrinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanladığı “Xidməti Məruzə”sini və həmin məruzəyə əlavə edilmiş 27 noyabr 2020-ci il tarixli **********3 nömrəli protokolu məhkəmə kollegiyasına təqdim etdi. Həmin Xidməti Məruzədən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticələrinə əsasən proqramlı hemodializ alan şəxslər üzrə şübhə doğuran 848 nəfərin əlillik müayinəsi "Əlillik” altsistemində etibarsız edilmişdir.Həmin qərardan narazı qalan bir sıra vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar çərçivəsində, 14 nəfər Agentlikdə əyani müayinə olunmuş, hazırkı vəziyyətlərini əks etdirən tibbi sənədlər araşdırılmış və müvafiq qərarlar müəyyənləşdirilmişdir.3 nəfərə göstərilən tarixdən müddətsiz İ dərəcə əlillik hüquqları qüvvədə saxlanılmış, 1 nəfər tam reabilitasiya, 10 nəfər isə böyrək köçürülmə əməliyyatı olunması ilə bağlı təqdim etdikləri tibbi sənədləri nəzərə alaraq hissəvi reabilitasiya edilmişdilər. Həmin məruzəyə əlavə edilmiş 27 noyabr 2020-ci il tarixli **********3 nömrəli protokoldan da aydın görünür ki, Əlilliyin müəyyən olunması məqsədilə aparılmış qiymətləndirmə üzrə Agentlikdə mütəxəssislərin iştirakı ilə 14 nəfər şəxsin təqdim etdikləri tibbi sənədlər; eləcə də sağlamlıqlarının mövcud vəziyyətinə əsasən onların əlillik vəziyyətinə yenidən baxılması zəruri hesab edilmişdir. Nəticədə protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 3 nəfərin əlillik dərəcəsi öz təsdiqini tapması, 10 nəfərin hissəvi və 1 nəfərin tam reabilitasiya edilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdeh bu zaman da inzibati icraat haqqında qanunvericiliyin tələblərini riayət etməmiş, iddiaçını əyani müayinəyə tək cəlb etməmiş, onun barəsində ayrıca akt formasında qərar qəbul etməmiş, həmçinin barəsində əvvəllər qəbul edilmiş əlverişli inzibati akta (birinci dərəcə əlilliyin təyini barədə) qiymət verməmişdir (ləğv edilməsi və ya dəyişdirilməsi barədə). Beləliklə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1532/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1532/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar