Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2857/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, "xxxx" İnkişaf Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2022 saylı, 24 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********77 saylı cavab məktubunun qanunsuz hesab olunması və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 saylı sərəncamı ilə ona fərdi ev tikintisi üçün ayrılmış Bakı şəhəri, Turşu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" İnkişaf Şirkəti, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Turşu küçəsintə yerləşən 0,06 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Qeyd olunan torpaq sahəsində tərəfimdən dörd otaqlı mənzil tikilmiş və DƏDRX tərəfindən özəlləşdirilərək ona Reyestr kitabında 244 sayla qeydiyya alınmaqla xx.xx.1999 il tarixli 30/16761 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçı istifadəsində olan 0,06 ha torpaq sahəsini özəlləşdirmək və dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh təşkilata xx.xx.2020 il tarixli ********** saylı ərizə ilə müraciət etmiş və həmin təşkilatdan ona ünvanlanmış xx.xx.2020 il tarixli **********77 saylı cavab məktubu ilə rədd cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazına onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşir. Bu səbəbdən ərizənin icrası mükün olmamış və bu barədə vətəndaşa **********77 saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Əlavə olaraq qeyd edirlər ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında 0.05 ha torpaq sahəsi, texniki pasportda isə 725 kv.m (həqiqi sahə) torpaq sahəsinin ayrılmasının qeyd olunmasına baxmayaraq, iddia ərizəsində 0.06 ha torpaq sahəsinin qeyd alınmasının İdarəyə həvalə edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşir. Əlavə olaraq bildirilir ki, torpaq sahəsinin faktiki ölçüsü 0.05 ha təşkil edir və fərdi yaşayış evinin birinci mərtəbəsində yenidənqurma işləri aparılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin və Xətai Rayon İcra Hakimiyyətinin 3-cü şəxs statusları ləğv edilmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamı ilə ona 0,06 ha torpaq sahəsi ayrılmışdır. İkinci sərəncamla isə tikilən evin və torpaq sahəsinin sənədləşdirilməsi bildirilmişdir. İkinci sərəncam verildikdən sonra həmin torpaq sahəsində tikilmiş evi özəlləşdirmişdi. Faktiki olaraq istifadəsində 7 sotdan artıq torpaq sahəsi olsa da, sənədlə 6 sotdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi üçüncü şəxs "xxxx" İnkişaf Şirkətinin (MMC) hüquqi ünvanına göndərilməsinə baxmayaraq, poçt rabitə orqanı tərəfindən “ünvanda yoxdur” əsası ilə geri qaytarılmışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki tələbə cavab verməli orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı sübutlara nəzər yetirir: - Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq keçmiş Xətai RİHnin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 350 saylı sərəncamının surətini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 350 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı Turşu küçəsində 0,06 ha sahədə fərdi ev tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Sərəncamından çıxarışa əsasən Turşu küçəsindəki 23/8 n-li evin İddiaçı məxsus ümumi torpaq 0,05 ha yaşayış sahəsi 128 kv.m köməkçi sahəsi 101,6 k.m ibarət olan fərdi yaşayış evi istismara qəbul edilmişdir. - xx.xx.1999-cu il tarixli Müqavilədən görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Sərəncamı ilə Turşu küçəsi 23/8 ünvanda ev tikdirən vətəndaş İddiaçı ümumi sahəsi 500 kv.m olan müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 000124 nömrəli xx.xx.1999-cu il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Turşu küçəsində yerləşən 23/8 nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4101 nömrəli Ekspert rəyində göstərilmişdir “Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iddiaçının faktiki istifadəsində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına tərtib edilmiş 30/547 saylı, xx.xx.1999-cu il tarixli texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir.” Apellyasiya baxışı zamanı məhkəmə sorğularına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatının 28 noyabr 2022-ci il tarixli 7-5157/17 nömrəli məktubuna əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 nömrəli 11 iyun 2007-ci il tarixli Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1967 saylı sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı» çərçivəsində, "xxxx" Azərbaycan İnkişaf Şirkətinin xx.xx.2007-ci il tarixli, Ç05/07-018 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli, 22-425 saylı, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, YT-34 saylı razılıq məktubları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2007-ci il tarixli, DEİ 775 saylı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2007-Cİ il tarixli, AƏ-01/97 saylı rəyləri nəzərə alınaraq, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış ünvanları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisinə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı sahiblik və istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan müraciətin təminindən imtina etmişdir. İmtinanın həmçinin, məhkəmə icraatı zamanı etirazın əsasları: 1) elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşməsi; 2) torpaq sahəsinin hüquqmüəyyənedici sənəddə 0.05 ha təşkil etməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə araşdırma nəticəsində imtinanın və etirazın dəlillərini əsassız hesab etmişdir. Hazırda da cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri imtina və etirazın dəlilləri ilə eynilik təşkil edir və Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibatiərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” xx.xx.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 10-cu maddəsinin 4-cü bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün verilir. - 7-ci maddəsinin 2-ci cümləsinə əsasən xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. - 20-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. - 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. - 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. - 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və istifadəyə verilməsi barədə qəbul olunmuş aktlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin “qeyd olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşir” dəlili ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, göstərilən əsas «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Belə ki, cavabdeh inzibati orqanın imtinasının araşdırılması məqsədilə apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 nömrəli 11 iyun 2007-ci il tarixli Sərəncamından və onun verilməsinə əsas olan sənədlərdən görünür ki, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış ünvanları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisi məqsədilə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir. Qeyd edilən sərəncam 2007-ci il tarixli olmaqla yəni hazırda iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədin tarixindən 12 il sonraya aid olmaqla təyinatı məhz müvafiq ərazidə layihələndirilmə və tikinti işlərinin həyata keçirilməsi ilə bağlıdır. Hazırda isə iddiaçının istinad etdiyi və onun barəsində mövcud olan, ləğv edilməmiş, dəyişdirilməmiş və qüvvədən düşməmiş inzibati aktın (sərəncamın) təyinatı isə məhz fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlıdır. İşin hallarından da göründüyü kimi iddiaçı həmin sərəncam əsasında ona ayrılmış 0,06 ha torpaq sahəsinə həmin vaxtdan sahiblik və istifadə edərək, torpaq sahəsinin təyinatına uyğun üzərndə ev tikmiş və bügünkü günədək həmin ev onun mülkiyyətində olmaqla orada yaşayır. "xxxx" Azərbaycan İnkişaf Şirkətinə müvafiq səlahiyyət verən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 nömrəli 11 iyun 2007-ci il tarixli Sərəncamı aid olduğu ərazilərdə mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilməz, hazırki halda isə mülkiyyət hüququnun qeydiyyata alınmasına maneə ola bilməz. Həmin sərəncamın 1.2-ci bəndində də qeyd edilmişdir ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Şirkətə həvalə edilmişdir. Deməli, sərəncamın icrası çərçivəsində Şirkət mülkiyyət hüquqları qeydiyyata alınmış iddiaçının tikilisinin sökülməsi, köçürülməsi və vəsaitin ödənilməsini qanunvericilik çərçivəsində həll edəcəkdir. Apellyasiya şikayətinin digər bir dəlili torpaq sahəsinin faktiki ölçüsünün 0.05 ha təşkil etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan fərdi yaşayış evinin texniki pasportundan və iş üzrə keçirilmiş ekspertiza rəyindən aydın görünür ki, iddiaçının faktiki istifadəsində 725 kvm torpaq sahəsi mövcuddur. İddiaçı isə həmin sahənin bütövlükdə deyil, sərəncamla qeyd edilmiş 600 kvm hissəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Digər bir tərəfdən cavabdeh inzibati orqan birinci instansiya məhkəməsində icraat zamanı etirazında iddiaçının istinad etdiyi Xətai rayon icra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında torpaq sahəsinin 0,05 ha olduğunu qeyd etmişdir. Bununla bağlı da Məhkəmə kollegiyası bir daha nəzərə çatdırır ki, təsdiqlənmiş surəti arxiv idarəsindən təqdim edilmiş və hazırki günədək qüvvədə olan Xətai rayon icra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında ayrılan torpaq sahəsinin ölçüsü dəqiq olaraq 0,06 ha kimi qeyd edilmişdir. Həmçinin, fərdi yaşayış evinin birinci mərtəbəsində yenidənqurma işləri aparılması dəlilinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, qeyd edilən hal torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatına alınmasına maneə ola bilməz və hazırki icraat çərçivəsində ümumiyyətlə araşdırılmamalıdır. Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2857/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2857/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver