Məhkəmə qərarları › İş №2-1(103)-2858/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2858/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2858/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxs "xxxx" MMC-nin direktoru X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3971/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionu cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş Nərimanov rayonu, 830-cu məhəllə T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,3031 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə olan 426 nömrəli xx.xx.2012-ci il tarixli Sərəncamı və həmin sərəncam əsasında qəbul edilmiş 60 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamların etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionu 1994-cü ildə nizamnaməsi təsdiq edilməklə təsis edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetin 2011-ci il tarixli 193 nömrəli qərarla Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilmişdir. Stadionun qanuni sahibliyində olan torpaq sahəsinin bir hissəsi qeyri qanuni şəkildə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərin icarəsinə verilmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 426 nömrəli xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən Nərimanov rayonu, 830-cu məhəllə T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,3031 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 60 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı ilə "Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 426 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış 0,3031 ha torpaq sahəsi "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. Hesab edir ki, hər iki sərəncam tam qanunsuz olmaqla yanaşı həm də səlahiyyətsiz şəkildə verilmiş, iddiaçının hüquq və mənafelərini tamamilə pozmuşdur. İlk öncə sərəncamların etibarsızlığına əsas olan hallara keçməmişdən öncə iddianın mümkünlüyü ilə bağlı məhkəmənin diqqətinə bir neçə məqamı çatdırılmasını zəruri hesab edir. Hazırkı iddia tələbinin predmetini məhz cavabdeh orqan tərəfindən qəbul edilmiş sərəncamların etibarsızlığı təşkil edir. Qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinin predmeti də sözügedən etibarsızlıq olduğundan məhz həmin sərəncamların etibarsızlğı üçün əsaslar mövcuddur və bu əsasları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edir. İlk öncə, sərəncamda göstərilən torpaq sahəsi məhz dövlət obyektinin yerləşdiyi sahə olmaqla iddiaçının qanuni sahibliyində olan torpaq sahəsidir və dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyətinin 426 nömrəli xx.xx.2012ci il tarixli Sərəncamına əsasən Nərimanov rayonu, 830-cu məhəllə, T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,3031 ha torpaq sahəsi icarə əsasında “Rossler İntro" MMC-nin istifadəsinə verilməsi ilə bağlı sərəncam qəbul etmək səlahiyyəti olmamış və həmin səlahiyyət sərəncam verilərkən Əmlak Məsələləri Dövlət Komitəsinə aid olmuşdur. Başqa sözlə, cavabdeh inzibati orqanın həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq inzibati akt qəbul etmək səlahiyyəti olmamışdır. Beləliklə, yuxarıda göstərilən qanunvercilyin tələblərinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 426 nömrəli xx.xx.2012ci il tarixli Sərəncamı bütün müddəaları ilə birlikdə qəbul edildiyi tarixdən yararsız olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Bundan əlavə, həmin sərəncam aşağıdakılara əsasən qanunverciliyin tələblərinə zidd olmuşdur. “Torpaq icarəsi haqqında” Qanunun 12ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Habelə, sözügedən etibarsız sərəncam verilərkən belə bu barədə iddiaçı təşkilatın özünün razılığı alınmamış, torpaq icarəsi müqaviləsi bağlanmamış, həmin icarə müqaviləsi dövlət qeydiyyatına alınmamış, ümumiyyətlə sərəncam özü qeyri-müəyyən olmaqla faktiki səbəblərdən icrası mümkün olmayan sənəd olmuşdur. Həmçinin, həmin sərəncamın heç bir hüquqi nəticəsi olmadığından və səlahiyyətsiz qəbul olunduğundan həmin sərəncam əsasında qəbul edilmiş "Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 426 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış 0,3031 ha torpaq sahəsi "xxxx" MMC-nin adına sənədləşdirilməsi barədə olan Bakı Şəhər İcra Hakimiyyətinin 60 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı da etibarsız olmuşdur. Bundan əlavə, həmin sərəncam əsasında orada tikilmiş yarımçıq tiklidə tikinti zibil tullantılarının, yanğına səbəb ola biləcək qurumuş ot və digər tullantıların atıldığı sahəyə, "evsiz insanların" məskunlaşma məkanına çevrilmişdir. Göstərilən sahədə mövcud olan anti-sanitar şərait real xəstəlik mənbəyi olmaqla yanaşı Tofiq Bəhramov adına Respublika Stadionunda Beynəlxalq və ölkə səviyyəli futbol oyunları və idman tədbirlərinin təşkili zamanı gələn qonaqlarda stadionun imici haqqında mənfi rəy formalaşdırır. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC, "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3971/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin direktoru apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3971/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -"xxxx" MMC-yə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 426 nömrəli sərəncamına əsasən, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 1/802 saylı razılıq məktubunu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2012-ci il tarixli, 43/1730 saylı məktubunu, Gənclər və İdman Nazirliyinin xx.xx.2012-ci il tarixli, 03/R-06/16 saylı məktubunu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2012-ci il tarixli, 01/01-02 saylı müraciətini nəzərə alaraq, Nərimanov rayonu, 830-cu məhəllə, T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,3031 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 426 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin addan ada keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 60 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2019-cu il tarixli, 455/R-06/16 saylı müraciətini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 012- 019 saylı məktubunu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 002-019 saylı məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 426 saylı sərəncamı ilə Nərimanov rayonu, 830-cu məhəllə, T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmış 0,3031 ha torpaq sahəsi "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavab məktublarında bildirilmişdir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun yerləşdiyi ünvan ilə əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş 01-49/24 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən: 1.Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisinin Genplan xəritəsi əsasında sərhədləri naturada müəyyən hissəsi şərti sərhəd olmaqla müəyyən edildi (bax ortofoto görüntüləri).

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-yə 0.3031 ha torpaq sahəsinin 2012-ci ildəki və hazırkı vəziyyətdə yuxarıda göstərilən genplan əsasında Tofiq Bəhramov adına Respublika Stadionunun hüdudları daxilində yerləşir. (bax:şəkil-3)

3. 1989-cu ildə tərtib edilmiş cizgi plan əsasında müəyyən edilmiş stadionun ərazisinin döngə nöqtə koordinatları və mübahisəli torpaq sahəsinin döngə nöqtə koordinatları əks edilməklə ortofoto görüntüsü və sxemi müəyyən edildi. (bax:şəkil-3)

4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-yə verilmiş torpaq sahəsinin 2012-ci il və hazırkı vəziyyətə kateqoriyası senaye, rabitə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyalı, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli sərəncamın və həmin sərəncam əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli sərəncamın etibarsız hesab edilməsini xahiş edir. Tələbin əsası kimi stadionun qanuni sahibliyində olan torpaq sahəsinin bir hissəsinin qeyri-qanuni şəkildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərin icarəsinə verilməsi çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal iddiaçıya sərəncamların mübahisələndirilməsinə hər hansı hüquq vermir. Belə ki, iddiaçının torpaq sahəsinə hüquqi marağını əsaslandıran hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. İddiaçının məhkəməyə təqdim edilmiş və özü tərəfindən təsdiq edilmiş “Genplan xəritəsi” sərəncamların mübahisələndirilməsi üçün əsas hesab edilə bilməz. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair sərəncamların etibarsız hesab edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır, baxmayaraq ki, iddia ərizəsinə əlavə etdiyi fotoşəkillədən və mütəxəsis rəyində ərazinin fototəsvirlərindən aydın görünür ki, mehmanxana binası artıq uzun illərdir ki, tikilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3971/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar