Məhkəmə qərarları › İş №2-1(103)-2858/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2858/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2858/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənişin birdəfəlik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3197/2025 saylı, 30 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənişin birdəfəlik edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 16482,94 manat məbləğdən ödənilməmiş hissənin birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının İİ dərəcəli əlil olduğu üçün ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq 01 iyun 2021-ci il tarixdə dayandırılmışdır. 23 noyabr 2023-cü il tarixdə İİ dərəcəli əlillik təyin edilmişdir. 2024-cü ilin fevral ayında pensiya təminat xərcliyinin 80 faizi məbləğində bərpa edilmiş, eyni zamanda xx.xx.2017-xx.xx.2021-ci il və xx.xx.2023xx.xx.2024-cü il tarixlər arasında dövr üzrə yenidən hesablanmış, keçmiş müddət üzrə ödənilməmiş məbləğ 16482,94 manat fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyanın üzərinə əlavə olunması qərara alınmışdır. Bundan sonra həmin məbləğin birdəfəlik ödənilməsi xahiş edilmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı hesab edir ki, müraciətin təmin edilməməsi əsassızdır. Cavabdeh nəzərə almamışdır ki, pensiya Agentliyin qanunsuz hərəkətləri nəticəsində dayandırılmış, sonradan müraciəti əsasında bərpa edilmiş, pensiya 4 ilə yaxın müddət ərzində dayandırılmasında onun hər hansı təqsiri olmamışdır. İddiaçıya ödənilməli olan pensiya 01 iyun 2021-ci il tarixdən ödənilməli olduğu halda 01 mart 2024-cü il tarixdən ödənilməyə başlanılmışdır. Qanunvericiliyin tələbinə əsasən fərq məbləğinin hissə-hissə ödənilməsindən söhbət getmir. İnzibati orqanın təqsiri səbəbindən borc məbləği 4 il sonrayadək ödənilir. Cаvаbdеh tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya əlillik 25 may 2021-ci il tarixindən bitməsi ilə əlaqədar olaraq pensiya 01 iyun 2021-ci il tarixdən dayandırılmış, 23 noyabr 2023-cü il tarixdən əlillik bərpa edilmiş, 2024-cü ilin fevral ayında pensiya bərpa edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən 16482,94 manat cari aydan etibarən hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3197/2025 saylı, 30 aprel 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - Əmək pensiyasının yenidən hesablanması barədə 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, Qanunun 20.17-ci maddəsi və əlillik təkrar qiymətləndirilməsi ilə əlaqədar təminat xərcliyinin 80 faizi nəzərə alınmaqla pensiya iddiaçıya hesablanmışdır. - Əlillik altsistemindən görünür ki, iddiaçının əlilliyi 23 noyabr 2023-cü il tarixdən bərpa edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2017-xx.xx.2021-ci il və xx.xx.2023-xx.xx.2024-cü il tarixlər arasında dövr üzrə yenidən hesablanmış, keçmiş müddət üzrə ödənilməmiş məbləğ 16482,94 manat pensiya üçün fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş edir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X2 ünvanlanmış 19 mart 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya əlilliyin etibarlılıq müddətinin 25 may 2021-ci il tarixindən bitməsi ilə əlaqədar olaraq pensiya 01 iyun 2021-ci il tarixdən dayandırılmış, 23 noyabr 2023-cü il tarixdən əlillik bərpa edilmiş, 2024-cü ilin fevral ayında pensiya bərpa edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən 16482,94 manat cari aydan etibarən hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə kart hesabına köçürülür. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, imtina qanuni və əsaslı olmaqla, yuxarıda adıçəkilən Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, Qanunun tələbindən də göründüyü kimi ödəniş məhz hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə həyata keçirilməlidir ki, həmin məbləğin birdəfəlik və ya digər qaydada edilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamış, ödənişin edilməsinin prosedur Qaydası məhz adıçəkilən müddəa ilə tənzimlənmişdir ki, cavabdehin mövqeyi və faktiki xarakterli hərəkəti adıçəkilən müddəanın ödənişin edilməsinə dair prosedur qaydasında uyğun olduğundan iddianın təminini istisna edilməkdədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2-ci maddəsinə əsasən sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1ci maddəsinə uyğun ödənilir. 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 32.4-cü maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri bu qanunun 32.1-ci—32.3-cü maddələri ilə əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbindən göründüyü kimi ödənilməmiş pensiya məbləğinin yalnız Qanunun 32.-1-1-ci maddəsinə əsasən hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuş, birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3197/2025 saylı, 30 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar