Məhkəmə qərarları › İş №2-1(103)-2859/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2859/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2859/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi X4 və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məlumat vərəqinin göndərilməsi, əmək pensiyasının yenidən hesablanması, sığorta ödənişinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2421/2022 saylı 20 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25-28 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 xidməti illərinin təqvimi müddətinin 26 il 4 ay 22 gün əsas götürülməklə əmək pensiyasının xidməti illərinə görə 40 %-la vəzifə maaşı və rütbə maaşı ilə yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X.Səfərov 03 mart 1966-cı ildən etibarən polis orqanlarında xidmətə qəbul edilmiş və 09 noyabr 1990-cu ildə Bakı şəhəri Binəqədi Rayon Polis Şöbəsində sahə inspektoru vəzifəsində işləyərkən xidməti vəzifəsini həyata keçirən zaman faciəli surətdə həlak olmuşdur. Bununla əlaqədar iddiaçıya pensiya təyin edilmişdir. Lakin müvafiq müraciətlərdən sonra dəfələrlə də yenidən hesablanmışdır. X.Səfərovun xidmət illəri hər dəfə səhv hesablanmış, bu səbəbdən də həmin səhv hesablama pensiya məbləğində də öz mənfi təsirini göstərmişdir. Qeyd olunur ki, X.Səfərovun xidmət illəri 25 ildən çoxdur bu barədə cavabdehə müraciət etmiş və cavabdeh xidmət müddətinin 26 il 4 ay 20 gün təşkil etməsi ilə əlaqədar məlumat vərəqi tərtib edərək aidiyyəti üzrə göndərmişdir. Lakin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsassız olaraq 26 il 4 ay 20 günə görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığını qeyd etmişdir. Halbuki, xidmət illəri ilə bağlı yeni dəyişiklik nəzərə alınmaqla əmək pensiyası məbləği yenidən hesablanmalı idi. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, mərhum X2 xidməti vəzifəsini həyata keçirən zaman faciəli surətdə həlak olması ilə əlaqədar əmək haqqının 50 aylıq 100 faiz hesablanmaqla sığorta ödənişinin Daxili İşlər Nazirliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini və ya Dövlət Kommersiya Şirkətindən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2421/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək xidmət illərinin təqvim müddətinin 26 il 4 ay 22 gün əsas götürülməklə məlumat vərəqinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsini və həmin məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini və X2 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli 2-1(112)-2421/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi”nə dair iddiası rədd edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli 2-1(112)-2421/2022 saylı qərardadı ilə iddia - İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, X2 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi hissələrində mümkün sayılmamışdır. (hakim: O.Həsənov) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və onun iddia ərizəsini icraata qəbul edilməsi mərhum yoldaşının xidməti illərinin 40%-la vəzifə və rütbə təqaüdünün yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin mövqeyinə qarşı o, ilkin olaraq DİN-dən DSMF-na xidmət illəri üzrə yeni məlumat vərəqəsi verilməsini tələb etməlidir. Daxili İşlər Nazirliyi imtina etdiyi halda ilkin olaraq ona qarşı imtina etdiyinə görə iddia ərizəsi verməlidir. Yalnız bundan sonra yəni məlumat vərəqəsi verildikdən sonra DSMF təmin etməsə, ona qarşı iddia ərizəsi verə bilər. Yəni o, inzibati orqanlara iddia ərizəsinin verilməsi ardıcıllığına riayət etməmişdir. Aşağıda göstərilənlərə əsasən Bakı İnzibati məhkəməsinin qeyd edilən qərardadını yəni iddianın mümkünsüz hesab edilməsinə dair qərardadını qanunsuz və əsassız hesab edir. O, dəfələrlə DİN maliyyə plan idarəsinə müraciət etmişdir ki, şəhid olmuş həyat yoldaşı polis kapitanı Səfərov Xasayın xidməti illərini 26 il 4 ay 20 gün təqvimi olduğunu nəzərə almaqla onun pensiyasını 40% (faizlə) hesablanması üçün DSMF-nə yeni məlumat vərəqəsini verilməsinə görə xahiş etmişdir. X8 Nazirliyi kadr idarəsinin rəisi hörmətli Rafiq Abbasovun № 022 19-7571-1221 nömrəli xx.xx.2021 tarixli məktubunda mərhum həyat yoldaşının xidməti illəri təqvimi qeyd edilərək 26 il 04 ay 20 gün göstərsə də həmin illər üzrə pensiyası 40%lə hesablanmamış, bu barədə yeni məlumat vərəqəsi verilməmişdir və bu hal imtina kimi qəbul edilməlidir. Yalnız bu məktubu alandan sonra o, pensiyanın 40% hesablanmadığı üçün inzibati məhkəməyə müraciət etmişdir. Həmin məktubu iddia ərizəsinə əlavə etməklə inzibati məhkəməyə müraciət etmişdir. Belə olan halda hesab edir ki, inzibati məhkəmənin onun iddiasının mümkünsüz sayılmasına cavab Daxili İşlər Nazirliyinə münasibətdə qanunsuz və əsasızdır. Apellyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdehlər Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından göründüyü kimi iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: xidmət illərinin təqvim müddətinin 26 il 4 ay 22 gün əsas götürülməklə məlumat vərəqinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsi; məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi; X2 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi. Birinci instansiya məhkəməsi iddia tələbini - İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, X2 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi hissələrində mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin: 1.1. Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır: 3.1.13. məcburi dövlət sosial sığortası vəsaiti hesabına əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənilməsini təmin etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra — hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu Xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Adıçəkilən Qaydalara edilmiş əlavədən göründüyü kimi bir sıra məlumatlarla yanaşı məlumat vərəqində şəxsin xidmət illəri ilə bağlı məlumatlarla yanaşı, xidmət illərinə görə əlavənin faiz və məbləğ formasında olması ilə bağlı məlumatların da qeyd edilməli olması öz təsbitini tapmışdır. İş materiallarında olan 17990 nömrəli məlumat vərəqindən də göründüyü kimi Daxili İşlər Nazirliyi tərəfindən X.Səfərovun xidmət illəri 26 il 4 ay 20 gün olaraq müəyyən edilmiş, lakin xidmət illərinə görə əlavə hissəsində iddiaçının qeyd etdiyi kimi 40 faiz kimi yox, yenə də 30 faiz olaraq müəyyən edilmişdir. İddiaçı isə, həmin faizin 40 faiz kimi müəyyən edilməsini Daxili İşlər Nazirliyindən tələb etməklə bərabər, həmin iddia tələbinə baxılması ilə birlikdə cavabdeh pensiya orqanı üzərinə də hesablamanın 40 faizə uyğun aparılmasını iddia edir ki, məhkəmə hesab etmişdir ki, Daxili İşlər Nazirliyinə münasibətdə tələbə qiymət verilmədiyi halda hazırkı iddiaya baxılması mümkün deyildir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının: 10.1. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab etmişdir ki, yuxarıda adıçəkilən müddəanın hazırkı iş üzrə tətbiqi üçün birbaşa əsas vardır. Belə ki, yuxarıda adıçəkilən qanunvericilik aktlarından da göründüyü kimi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona qarsı yönəlmiş iddia tələbinə münasibətdə əmək pensiyasını yenidən hesablamağa yalnız Daxili İşlər Nazirliyi iddiaçının hüquqi marağına uyğun məlumatları məlumat vərəqində sonra reallaşdıra bilər. Lakin, hazırkı işin faktiki hallarından görünür ki, X.Səfərov barəsində tərtib edilmiş məlumat vərəqində Daxili İşlər Nazirliyi xidmət illərinə görə əlavənin 40 faiz deyil, 30 faiz olmasında israrlıdır ki, həmin məlumat vərəqində müvafiq dəyişikliklə bağlı həmin inzibati orqan tərəfindən hərəkət edilmədiyi, yəni yenilənmiş məlumat vərəqi göndərilmədiyi müddətdə cavabdeh pensiya orqanı əmək pensiyasını yenidən hesablamaya bilməz. Məhkəmə onu da əlavə olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, əgər məlumat vərəqində xidmət illərinə görə əlavənin faiz nisbəti 30 faizdən 40 faizə qaldırılsa idi və cavabdeh pensiya orqanı həmin faiz artımını nəzərə almadan əmək pensiyasını hesablamasaydı, həmin hal pensiya orqanına qarşı iddianın mümkünlüyü əsası və təmini əsası olardı ki, hazırkı işin faktiki halları ilə cavabdeh pensiya orqanının ona təqdim edilmiş məlumat vərəqi çərçivəsində əmək pensiyasını hesabladığını təsdiq edir. Bu səbəbdən də məlumat vərəqi yenilənmədiyi və ona təqdim edilmədiyi halda əmək pensiyasının yenidən hesablanmasından söhbət gedə bilməz ki, məhkəmə hesab etmişdir ki, istər ilkin tələbə münasibətdə asılı tələbin olması, istərsə də cavabdehin iddiaçının birbaşa hüquqi marağına toxunan hərəkətinin olmamasına münasibətdə iddianın hazırkı hissədə mümkünlüyündən söhbət gedə bilməz. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd olunan tələblər arasında birbaşa asılılıq olduğundan hazırkı halda icraatın ayrılması da mümkün deyildir. X2 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili i İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsinə dair iddianın həmin hissədə mümkünsüzlüyünə münasibətdə isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.2. sığortaçı - bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2.1.3. sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs - bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək; 4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklər barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortaya yazılı məlumat vermək. 4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır: 4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

5. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) -100 faiz 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 419-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1545 nömrəli 29 dekabr 2021-ci il tarixli Fərmanının: 1.6. həmin Qanunun 4-1.2.1-ci, 4-1.2.2-ci, 4-2.1.2-d, 4-2.1.4-cü, 4-2.2.3-cü maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində, 8-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 9.1-ci və 9.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. 1.7. həmin Qanunun 2.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

3. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Qanunvericiliyin 2022-ci il yanvarın 1-dən olan redaksiyasından da göründüyü kimi hal-hazırda iddiaçının tələb etdiyi sığorta ödənişinin ödənilməsinə cavabdeh olan orqan qismində Daxili işlər Nazirliyi və ya Dövlət Sığorta Kommersiya Şirkəti çıxış etmir. Qeyd olunan tarixdən sonrakı müvafiq qanunvericilik dəyişiklikləri ilə həmin səlahiyyətlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir ki, iddiaçı iddianı həmin hissədə cavabdeh Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı yönəltmişdir ki, qeyd olunan hal da iddianın mümkünsüzlük əsası qismində çıxış edir. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh İddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətin hazırkı iş üzrə yuxarıda qeyd olunan iddianın bir hissəsinə münasibətdə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Məhkəmə həmin tələbə münasibətdə düzgün cavabdehin müəyyən edilməsinə münasibətdə də əlavə araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fonduna sığorta ödənişinin ödənilməsi ilə bağlı müraciəti mövcud deyil. Halbuki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, hazırkı növ iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir ki, iş materiallarından və məhkəmə araşdırmasından da müəyyən edilir ki, Daxili İşlər Nazirliyinə müraciət mövcud olsa da, sığorta ödənişinin ödənilməsi ilə bağlı hazırda səlahiyyətli olan inzibati orqana müraciət olmamışdır. Bu səbəbdən də iddiaçı səlahiyyətli orqan kimi DSMF-na müraciət etmədən hazırkı halda iddianın ona qarşı yönəlmiş olması belə iddianın mümkünlük baxımından şərtlərinin ödənilməsinə imkan vermir. Eyni zamanda, məhkəmə onun da qeyd edilməsini zəruri hesab etmişdir ki, məbləğin ödənilməsi ilə bağlı iddia ərizəsinə əlavə verilərkən iddiaçı Bakı inzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadını da təqdim etmişdir ki, həmin qərardaddan da müəyyən edilir ki, sığorta ödənişinin ödənilməsinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı olan iddia cavabdehin inzibati orqan qismində çıxış etməməsi əsası ilə mümkün sayılmamışdır. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göründüyü kimi inzibati məhkəmə tərəfindən sığorta ödənişinin cavabdeh Dövlət Sığorta Kommersiya şirkətinə qarşı iddianın inzibati məhkəmə icraatı qaydasında yolverilməzliyi barədə qərardad qəbul edilmişdir ki, məhkəmə həmin halı da nəzərə almaqla hesab etmişdir ki, hər bir halda həmin cavabdehə qarşı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Bununla əlaqədar olaraq iddia tələbinin dəqiqləşdirilməsi məhkəmə tərəfindən iddiaçı tərəfə təklif edilməsinə baxmayaraq, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmiş, iddia tələbini qoyulduğu kimi müdafiə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2421/2022 saylı 20 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar