Məhkəmə qərarları › İş №2-1(103)-286/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-286/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-286/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “xəstəlik şəhadətnaməsində dəyişikliyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4591/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01.11.2005-ci il tarixdə hərbi xidmətdə olduğu vaxtı xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəstəliklə əlaqədar Azərbaycan Respublikasının keçmiş MTN-nin (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin) Hərbi Həkim Komissiyası tərəfindən barəsində verilən 18.05.2006-ci il tarixli 507/828 saylı xəstəlik Şəhadətnaməsində göstərilən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” diaqnozunun dəyişdirilib “hərbi travmadir (hərbi xəstəlikdir), hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alinmişdir” ifadələri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, 1992-ci ilin sentyabr ayından 2006-cı ilin iyun ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə, Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətində, keçmiş Azərbaycan Respublikası MTN-də həqiqi hərbi xidmətdə olmuşdur. 20.06.2006-cı il tarixində “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası MTN-dən ehtiyata buraxılmışdır. Belə ki, hərbi xidmətdə olarkən iş vaxtı xidməti vəzifənin yerinə yetirilməsi zamanı idarə etdiyi avtomobildə halı qəflətən pisləşəndən sonra beyin infaktı keçirtmişdir. Səbəb də uzun müddət istirahətsiz və məzuniyyətsiz xidməti vəzifələrinin yerinə yetirilməsi olmuşdur. Baş verən hadisəyə qədər səhhətində olan problemləri hiss etsə də, xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar işin çoxluğu ucbatından həkimə müraciət etməyə vaxt tapa bilməmişdir. Məhz həmin səbəbdən Azərbaycan Respublikası MTN-nin İİİ Baş İdarəsinin (eyni zamanda N saylı hərbi hissədir) HHQ və HHMQ (Hərbi Hava Qüvvələri və X2 Qoşunları) üzrə şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində həqiqi hərbi xidmətdə olarkən iş vaxtı xidməti vəzifənin yerinə yetirilməsi ilə əlaqədar şəxsi avtomobili ilə daimi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.” Xidmət yeri olan şöbədən əməliyyat zərurəti ilə əlaqədar əməliyyat xidməti göstərdiyi AR Müdafiə Nazirliyinin Qala qəsəbəsində olan N saylı hərbi hissəsinə gedərkən, Xəzər rayonunun Türkan qəsəbəsi yaxınlığında Türkan-Mərdəkan yolunun Qala istiqamətinə dönən dördyol ayrıcısından hərbi hissə istiqamətinə hərəkət edən zaman kəskin baş ağrısı ilə müşayiət olunan beyin damarlarının tutulması nəticəsində huşunu itirərək avtomobili bir təhər saxlamışdır. Gizir Z.Pirməmmədovun zəngindən sonra vəziyyəti ona izah edərək köməyə çağırmışdır. Xəstəxanada müayinə zamanı məlum olmuşdur ki, onda beyindaxili qansızması baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar ona sığorta pulunun verilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində şahid Z.Pirməmmədov tərəfindən verilən şahid ifadəsi də onun xəstəliyinin hərbi xidmət zamanı xidməti vəzifənin yerinə yetirilməsi ilə bağlı olduğunu sübut edir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı 1994-cü ildə təhlükəsizlik orqanlarına hərbi xidmətə qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi (darədə əməliyyat müvəkkili, daha sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, 2006-cı ilin iyun ayında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. O, keçmiş MTN-in Kadrlar idarəsinin 09.05.2006-cı il tarixli göndərişinə əsasən hərbi xidmətə yararlığının təyin olunması məqsədi ilə 10.05.06-18.05.06-cı il tarixlərdə MTN-in Mərkəzi Hərbi-həkim Komissiyasında (HHK) şəhadətləndirilmişdir. Şəhadətləndirmə zamanı İddiaçı aparılmış kliniko-funksional və laborator müayinələr nəticəsində “Baş beyin sağ orta beyin arteriyası hövzəsində qan dövranının keçirilmiş hemorragik tipli insultu, soltərəfli hemiparez, hemihiposteziya; Beyindaxili hematomanın və arterio-venoz malformasiya kələfinin xaric edilməsi cərrahi əməliyyatından sonrakı plastik materialla əvəz edilməmiş sümük deffekti (44 kv.sm); Hər iki gözün yüksək dərəcəli miopiyası (korreksiyasız görmə itiliyi sağ gözdə=0.06, sol gözdə=0.08, korreksiya ilə hər iki gözdə=0.6); Hər iki gözün angiopatiyası” diaqnozları aşkar edilmişdir. Göstərilən xəstəliklər həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2000-ci il tarixli 48 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəlinin” 24 “a”, 81 “a” yarımbəndinin İİİ qrafasına uyğun gəlmiş və iddiaçı hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmiş və xəstəliyin səbəb əlaqəsi Qərarın 45-ci bəndinin ç) Xəstəlik hərbi xidmət dövründə alınmışdır” yarımbəndinə uyğun olaraq təyin edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıya təyin olunmuş xəstəlik travmanın (xəsarətin) deyil, xəstəliyin (baş beyin sağ orta beyin arteriyası hövzəsində keçirilmiş hemoragik insultun) nəticəsi kimi qiymətləndirilir. Bu səbəbdən təyin olunmuş xəstəliyin travma (xəsarət) kimi rəsmiləşdirilməsi, yəni Qərarın 45-ci bəndinin c) “Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” yarımbəndinə uyğun olaraq təyin edilməsinə və dəyişdirilməsinə əsas vermir. Bundan əlavə, Qərarın 46-cı bəndinə əsasən HHK xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin alınma şəraiti, habelə xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. 01.11.2005-ci il tarixdə iddiaçının travma almasını təsdiq edən arayış təqdim edilməmişdir. Yuxarıda göstərilənlərdən əlavə bildirirlər ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iddia ərizəsi 14 may 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur ki, bununla da iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Qeyd olunan məsələ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-jqtisadi Kollegiyasının 26.09.2019-cu il tarixli 2-1(103)-2363/2-19 nömrəli qərardadında da əks olunmuş və mahiyyət üzrə eyni məsələ ilə bağlı İddiaçı iddiası mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4591/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və iddia tələbinin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilsə də, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı əvvəllər eyni iddia tələbi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1627/2019 saylı 13 iyun 2019-cu il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibti-İqtisadi Kollegiyasının 2-1(103)-2363/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1627/2019 saylı 13 iyun 2019-cu il tarixli Qərarı ləğv edilmiş, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibti-İqtisadi Kollegiyasının 2-1(103)-2363/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qərardadında qeyd edilmişdir ki, iddiaçı 18.05.2006-cı il tarixli 507/828 nömrəli xəstəlik şəhadətnaməsinin 2006-cı ildə ona təqdim olunduğunu mübahisə etmir. Həmçinin, iddia ərizəsində iddiaçının 20.06.2006-cı il tarixdə xəstəliyə görə ehtiyata buraxıldığı göstərilmişdir ki, bu da məhz mübahisəli xəstəlik şhadətnaməsi alındıqdan sonra baş vermişdir. Göründüyü kimi, iddiaçının hazırki tələbinə yuxarı instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, İddiaçı iddia ərizəsinin mümkünlük şərtlərinə cavab verməmiş, o cümlədən Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; (8.1-ci bənd) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; (8.2-ci bənd). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3-cü bənd) Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Qərarın həmçinin 15.5-ci bəndində İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğu qeyd olunmuşdur. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.(15.6-cı bənd) Plenumun qeyd olunan Qərarinin tələbi baxımından göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüquququnun olması o halda mümkündür ki, iddia tələbi mümkünlük şərtlərinə əməl edilməklə verilmiş olsun. Lakin hazırkı halda iddiaçı eyni tələblə mümkünlük şərtlərinə əməl etmədən məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 18 may 2006-cı il tarixli 507/828 saylı xəstəlik şəhadətnaməsini müsbahisələndirməkdədir. Hazırki iddia ilə məhkəməyə müraciət olunan zaman istər Azərbaycan Respublikası İPM-nin 38-ci, istərsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə müəyyən edilmiş müddətlər ötürülmüşdür. Halbuki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı şəhadətnamənin mövcudluğundan uzun illərdir ki, xəbərdar olmuşdur. Birinci instansiya məhkəməsi məhkəmənin proses iştirakçılarına hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya iddiaçıya ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etsə də, iddiaçı tərəfindən müvafiq addım atılmamışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, müddətin ötürülməsi səbəbindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4591/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar