Məhkəmə qərarları › İş №2-1(103)-286/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-286/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-286/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna götürülməsi vəzifəsinin cavabehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5642/2021 saylı 05.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluqçuların siyahısında mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 09.11.1979-cu il tarixdən 11.11.1981-ci il tarixinədək Sovet Ordusunda əsgər, 09.07.1993-cü il tarixdən 12.07.2012-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmət keçmişdir. Daha sonra səhhəti ilə əlaqədar ehtiyata buraxılmışdır. Hazırda istefada olan polkovnikleytenantdır. Dövlət Sərhəd Xidmətində xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır, mülkiyyətində hər hansı daşınmaz əmlak yoxdur. Hazırda o, beş nəfər ailə üzvü ilə birgə yaşayış sahəsi 35.4 kv.metr olan mənzildə yaşamaqda çətinlik çəkir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5642/2021 saylı 05.07.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: S.Salahova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, hal hazırda istefada olan polkovnik leytenantdır. Mənzil növbəsinə alınmağı üçün Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin rayon icra hakimiyyəti həyat yoldaşının adına mənzil olduğu üçün mənzil növbəsi siyahısına qediyyata alınmasından imtina etmişdir. Düşünür ki, Cavabdeh imtinası qanunsuz, qanunsuz olduğu qədər də hüquqlarının kobud surətdə pozulmasıdır. Belə ki, hərbi qulluqçuların mənzillə təmin edilməsi, ehtiyata buraxıldıqdan sonra işlə təmin edilməsi, ehtiyatda olan hərbi qulluqçuların sosial müdafəsinin gücləndirilməsi Dövlətin vəzifəsidir. Dövlət bu vəzifəsini onun və ya ailəsinin üzərinə yükləməsi qanun pozuntusudur. Odur ki onun mənzil növbəsinə alınmağından imtina edilməsinin qanun pozuntusu hesab edir. O, Azərbaycan Respublikasının Silahı Qüvvələrində qüsursuz xidmət etmiş, həyatının yarısından çoxunu dövlətin sərhədlərinin qorunmasında iştirak etmşdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. Bildirir ki, qanunvercilikdə mənzilin verilməsi ilə bağlı hər hansı qadağanedici norma yoxdur. İddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə iddiasını təmin etməmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı hərbi qulluqçuların siyahısında mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. İş materialları ilə İddiaçının 15 təqvim ilindən artıq xidmət etməsi tam sübut olunur. Belə ki, iş materiallarında olan sənədlərdən (AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin, ГР 041764 nömrəli hərbi biletin surətləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 04.02.2021-ci il tarixli, 29 nömrəli arayışı) görünür ki, 1960-cı il təvəllüdlü istefada olan polkovnik leytenant İddiaçı həqiqətən 09.11.1979-cu il tarixdən 11.11.1981-ci il tarixədək Sovet Oordusunda əsgər, 09.07.1993-cü il tarixdən 12.07.2012- ci il tarixədək Aazərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmət keçmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə (xəstəliyə görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən SQ ehtiyatına buraxılmışdır. 10.10.2012-ci il tarixdən SHXÇDX-nın Nəsimi rayon idarəsində hərbi qeydiyyatdadır. Deməli, hazırkı halda İddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilir. Lakin məhkəmə qeyd etmişdir ki, hazırkı iddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni iddiaçının yaşayış sahəsinin olmaması iş üzrə müəyyən edilmir. Belə ki, iş materialları ilə iddiaçının adına yaşayış sahəsinin qeydə alınması müəyyən olunmasa da, işdə olan MA Seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.8 kv.metr olan mənzil İddiaçının arvadı X2 mülkiyyətindədir. İş materiallarında olan 018438 nömrəli 13.12.1996-cı il tarixli və 21.11.1997-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı həmin mənzili X12 almış, 27 noyabr 1997-ci il tarixdə isə arvadı X3 bağışlamışdır. Beləliklə, məhkəmə tərəfindən hazırda iddiaçının özünün olmasa da, onun ailə üzvü olan arvadının adına yaşayış sahəsinin qeydə alınması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsi” Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları: 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddia tələbindən və apelyasiya şikayətindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, müharibə veteranı kimi mənzil uçotuna alınması ilə bağlı olmuşdur. İddiaçının müharibə veteranı olması tərəflər arasında mübahisə olunmur. İşin mübahisəli halı - iddiaçının mənzil uçotuna alınmamasının əsası - onun həyat yoldaşının adına mənzil olduğundan, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməməsi olmuşdur. Belə ki, cavabdehin imtinasından göründüyü kimi iddiaçının arvadının adına fərdi yaşayış evi olduğundan, onun mənzil sahəsini yaxşılaşdırmağa ehtiyacı olan qismində uçota götürülməsi mümkün olmamışdır. İddiaçı isə bununla razılaşmır və mövqeyini onunla əsaslandırır ki, Cavabdeh imtinası qanunsuz, qanunsuz olduğu qədər də hüquqlarının kobud surətdə pozulmasıdır. Belə ki, hərbi qulluqçuların mənzillə təmin edilməsi, ehtiyata buraxıldıqdan sonra işlə təmin edilməsi, ehtiyatda olan hərbi qulluqçuların sosial müdafəsinin gücləndirilməsi Dövlətin vəzifəsidir. Dövlət bu vəzifəsini onun və ya ailəsinin üzərinə yükləməsi qanun pozuntusudur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır və onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinə əsas vermir. Belə ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd olunmuş 50-ci maddəsnin tələbindən göründüyü kimi, uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar və uçot norması hesablanarkən vətəndaşa və onun ailə üvlərinə mülkiyyət hüququ ilə məxsus olan bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmalıdır. Yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi və yaşayış sahəsinin uçot normasının miqdarı ilə bağlı qeyd edilməlidir ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, üç ay müddətində həmin Məcəllənin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin. Məcəllənin qüvvəyə minməsindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən belə qaydalar qəbul edilməmişdir. Qüvvədə olan Mənzil Məcəlləsində isə yalnız yataqxanalarda və manevr fondu yaşayış sahələrində adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması müəyyən edilmişdir (104.1; 105.1). Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. İş materialları ilə iddiaçının adına yaşayış sahəsinin qeydə alınması müəyyən olunmasa da, işdə olan MA Seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.8 kv.metr olan mənzil iddiaçının arvadı X2 mülkiyyətindədir. İş materiallarında olan 018438 nömrəli 13.12.1996-cı il tarixli və 21.11.1997-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı həmin mənzili X12 almış, 27 noyabr 1997-ci il tarixdə isə arvadı X3 bağışlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin bağışlama yolu ilə hədiyyə şəklində iddiaçının mülkiyyətinə keçməsi iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun məzmununa təsir etmir. Belə ki, bağışlama, şəxsin əmlakının bir hissəsinin başqasına hədiyyə şəklində verilərək onun mülkiyyətinin zənginləşdirilməsidir. Başqa sözlə, bağışlama müqaviləsi də nəticə etibarı ilə hədiyyə alanın mülkiyyət hüququnu yaradır. Mülkiyyət hüququnun hansı əsaslarla (alqısatqı, vərəsəlik, bağışlama və s.) yaranması isə hüquqi nəticəni dəyişmir. Yəni ki, iddiaçı mülkiyyətində yaşayış sahəsi olan şəxs kimi qəbul olunur. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən 27.01.2021-ci il tarixdə verilmiş 05/Q-321-69 nömrəli arayəşdan görünür ki, iddiaçının ailə üzvlərinə arvadı X6, qızları X9 və X11 (evli) daxildir. İşdə olan BQJ-24 saylı mənzil-tikinti kooperativi tərəfindən verilmiş 09/21 nömrəli arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 2 ünvanında yerləşən mənzildə İddiaçı ilə birlikdə yaşayan onun həyat yoldaşı X6 ilə yanaşı qızları X9, X11, nəvələri X4 və X1r. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16.12.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” İddiaçının qızlarının əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara şamil edilməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda həmin şəxslər şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində (buna müvafiq olaraq MM-in 50-ci maddəsi) nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir. Belə olduqda isə müəyyən olunur ki, iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə 52.8 kv.m. ümumi, hər adama 8 kvadratmetrdən çox olan - hər adama düşən sahə 17,6 kv.m olan ibarət yaşayış sahəsinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırki halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Belə ki, iddiaçının arvadının mülkiyyətində fərdi yaşayış evinin olması iddiaçını yaşayış sahəsinə ehtiyacı olan vətəndaş olmaq hüququndan məhrum edir. Belə olduqda isə iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün də hər hansı əsas müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5642/2021 saylı 05.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar