Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-286/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR (İş № 2-1(103)-286/2023) Bakı şəhəri 19 sentyabr 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 1(112)-1959/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra, cavabdeh) qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi kimi ********** VÖENlə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən 15 iyul 2021-ci il tarixdə **********131900 nömrəli kameral vergi yoxlaması barədə qərar qəbul edilmişdir. Qərar qanunsuz və əsassızdır. İddiaçı pandemiyadan əziyyət çəkmiş müəssisə olduğu üçün yardım edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Bu müraciətə əsasən cavabdeh bildirmişdir ki, koronovirus (COVİD-19) pandemiyasından əziyyət çəkilməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətə baxılmış və iddiaçıya ayrılmış vəsait ərizəsində onun qeyd etdiyi bankdakı hesabına köçürülmüşdür. Muzdlu işçilərə əmək haqqının ödənilməsi məqsədilə müraciət etmiş və müraciəti təmin olunmuş vergi ödəyicilərinin ikinci dəfə müraciət etmələrinə ehtiyac yoxdur, belə ki, proqram təminatı bir aydan sonra ayrılmış vəsaitin ikinci hissəsinin sahibkarın hesabına köçürülməsini təmin edəcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi üçüncü dəfə iddiaçının ərizəsinə eyni məzmunlu məktubuna cavab olaraq bildirmişdir ki, iddiaçının pandemiyadan zərər çəkməsi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən ayrılmış üçüncü mərhələdə iddiaçıya ayrılmış vəsait qeyd olunan bankdakı hesabına köçürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəssisəyə qeyd olunan məzmunda ünvanlanaraq bildirilmişdir ki, ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Pandemiyanın ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əmək haqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün nəzərdə tutulan maliyyə dəstəyinin alınması və İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq metodiki göstəriş və müraciət forması hazırlanmışdır. X7 İdarəsində mövcud olan şəxsi elektron kabinetində yaradılmış “Pandemiya ilə bağlı dəstəyi proqramı” bölməsindən elektron formada vergi orqanına göndərə bilər. Müraciətin bütün bölmələr üzrə tam doldurulması zəruridir. Daxil edilmiş məlumatlar vergi orqanının uçot baza məlumatları ilə yoxlanılacaqdır. Uyğunsuzluq aşkar edildikdə bu barədə məlumat ekranda əks olunacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış ərizələrə cavab məktublarına əsasən, İddiaçı MMC Koronovirus (COVİD-19) pandemiyasından zərərçəkmiş müəssisədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş sözügedən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı dördüncü mərhələ (dekabr ayı üzrə, xx.xx.2021-ci il tarixə olan məlumat) siyahının 130-cu səhifəsinin 6050-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd olunmuşdur. Bu xüsusat da iddiaçının Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş müəssisə olduğunu sübut edir. Cavabdehin 14 iyul 2021-ci il tarixli **********604100 saylı qərarda qeyd olunur ki, idxal faktiki dəyər, e-qaimə faktura və e-alış aktı bazasına əsasən alınmış mallar, o cümlədən Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən malın dəyərində əks etdirilməli xərclər (beynəlxalq daşıma (ÖMV və e-qf məlumatlarına əsasən), yükün saxlanılması, boşaldılması, anbara təhvil vermə, terminal, yük-gömrük broker, YGB tərtibatı və digər xərclər) ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar (mallar) üzrə mədaxil göstəricilərindən 198790,71 manat fərqlənmişdir ki, bu da bəyannamənin bölməsində mallar, xammal və materiallar kodlu sətirlərində göstərilən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Araşdırma zamanı 2020-ci ilin sonuna MMCnin mal qalığı 880254,73 manat olaraq müəyyən edilmişdir. Vergi Məcəllənin 224.1.2 və 222.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılır.” Bu qərarın nəticəsində iddiaçıya 7941,78 manat məbləğində vergi borcu hesablanmışdır. Həmin qərardan bir gün sonra 15 iyul 2021-cü il tarixdə mübahisələndirilən **********131900 nömrəli qərar qəbul olunaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 136925,69 manat məbləğində vergi borcu hesablanmışdır. Bir gün keçdikdən sonra hansı hala görə cavabdeh vergi orqanı bu qanaətə gəlməsi aydın deyildir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 23.1-ci, 37-ci maddələrinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 328279,64 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Həmin kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********832900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olnan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qadırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddəsinə əsasən vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 7941,78 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********604100 nömrəli qərar göndərilmişdir. İddiaçı 2020-ci il Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində 2589677,62 manat ehtiyatların daxil olması göstərmişdir, lakin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı YGB və E-QF ilə faktiki dəyəri 2264471,38 manat olan mallar əldə etmişdir, (2191488,18 manat + 73012,70 manat mal). Odur ki, faktiki statistik kənarlaşma yaranmış və kameral yoxlama zamanı bu kənarlaşma aradan qaldırılmışdır. Bundan başqa, Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********998400 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 136925,69 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli Qərar göndərilmişdir. Belə ki, iddiaçınin fəaliyyəti sahəsi “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlı olmağına baxmayaraq E-QF topdan satış fəaliyyəti ilə bağlı olmuşdur və bu səbəbdən Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan istiqamətləri üzrə fəaliyyət göstərən ödəyicilərinin siyahısına aid edilməmiş və 75% güzəşt hüququ ödəyiciyə şamil edilməmişdir. İddiaçı iddia ərizəsində kameral vergi yoxlama müddətinin ötürülməsi dəlili ilə əlaqədar bildirir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 2020-ci ilin mənfəət vergi bəyannaməsi təqdim etdikdən sonra cavabdeh tərəfindən 14 və 15 iyul 2021-ci il tarixlərdə kameral vergi yoxlaması aparmaqla müddəti ötürməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1959/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxsdir, Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün iddiaçının Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ olmuşdur. İddiaçı da qanunvericiliklə həmin hüququndan istifadə etməklə mənfəət bəyannaməsini tətbiq etməsinə baxmayaraq cavabdeh iddiaçının azadolma hüququnu nəzərə almadan ona kameral qaydada əlavə mənfəət vergisi hesablamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 222-224-cü maddələrinin tələblərini və yuxarıda istinad edilən digər normalarını pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməyinə baxmayaraq tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət məbləğinə 75 faiz vergi azadolması tətbiq edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********998400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeydolunan müddətdə kənarlaşma aradan qarldırılmaqla dəqiqləşmiş vergi bəyannnaməsinin əsaslandırılmış yazılı izahatın və zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 136.925,69 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dıyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, öz xidməti vəzifəsinə uyğun olaraq ətraflı araşdırma həyata keçirilməmişdir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir. İşin tərəflər arasında mübahisələndirilən halı iddiaçının fəaliyyət sahəsinin koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olub-olmamasıdır. İddia tələbinin əsası kimi ona istinad edilmişdir ki, iddiaçı pandemiyadan zərər çəkən müəssisə olduğundan və 2020-ci ildə ona maliyyə yardımı edildiyindən, müəssisə mənfəətinin (gəlirinin) 75 faizi miqdarında vergidən azaddır. Cavabdeh isə o hala istinad edir ki, iddiaçı 2020-ci il Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində 2589677,62 manat ehtiyatların daxil olması göstərmişdir, lakin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı YGB və E-QF ilə faktiki dəyəri 2264471,38 manat olan mallar əldə etmiş, bununla da faktiki-statistik kənarlaşma yaranmış, iddiaçının fəaliyyəti sahəsi “ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlı olmağına baxmayaraq E-QF topdan satış fəaliyyəti ilə bağlı olmuşdur və bu səbəbdən Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan istiqamətləri üzrə fəaliyyət göstərən ödəyicilərinin siyahısına aid edilməmiş və 75% güzəşt hüququ ödəyiciyə şamil edilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə iş materiallarında olan aşağıdakı sübutları nəzərdən keçirir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə fəaliyyət növləri üzrə gəlir və xərclərin bölgüsü barədə” uyğunsuzluq məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Vergi Məcəlləsinin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyasından əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. İddiaçının hər bir fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlərin (müqavilələr, bank çıxarışları, online kassa məlumatları və zəruri hesab etdiyi digər sənədlər) 5 iş günü müddətində vergi orqanına təqdim edilməsinə zərurətin yaranması, göstərilən müddət ərzində məlumatlar təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 bə 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərin yenidən hesablamaq hüququ olması bildirilmişdir. İddiaçıya vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün cavabdein çağrı mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi haqqında məlumat verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktubuna əsasən, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi əsasında aparılan araşdırma ilə əlaqədar 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 328279,64 manat fərqin xərclərin (mal, xammal, ammortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilməsi nəticəsində məlumaltarın araşdırmaya 5 (beş) iş günü müddətinə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçıya vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün cavabdein çağrı mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi də bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş Koronovirus (COVİD-19) pandemiyasından zərər çəkməsi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı - İV mərhələ (dekabr ayı üzrə, xx.xx.2021-ci il tarixə olan məlumat) siyahısına əsasən, həmin siyahının 6050-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd olunmuşdur. İnternet Vergi İdarəsində “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışın surətinə əsasən iddiaçı xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir, qanuni təmsilçisi X3r, nizamnamə kapitalı 10.00 AZN-dir. Cavabdeh tərəfindən məhkəməyə Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatları özündə əks etdirən siyahılar, 15 iyul 2021-ci il tarixli **********131900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubların surətləri təqdim olunmuşdur. İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlanan “Koronovirus (COVİD-19)” pandemiyası ilə bağlı maliyyə dəsttəyi almaq barədə müraciətə baxılması haqqında” bildirişinə əsasən, Koronovirus (COVİD-19) pandemiyasından əziyyət çəkilməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətə baxılmış və iddiaçıya ayrılmış vəsait ərizəsində onun qeyd etdiyi bankdakı hesabına köçürülmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanlanan “Koronovirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi haqqında” məktuba əsasən, müraciətin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada vergi orqanına göndərilə bilməsi haqqında məlumat verilmişdir. Müraciətin bütün bölmələr üzrə tam doldurulması zəruridir. Daxil olunmuş məlumatlar vergi orqanının uçot baza məlumatları ilə yoxlanılacaqdır. Uyğunsuzluq aşkar edildikdə bu barədə məlumat ekranda əks olunacaqdır.Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 iyul 2021-ci il tarixli **********604100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, idxal faktiki dəyər, e-qaimə faktura və e-alış aktı bazasına əsasən alınmış mallar, o cümlədən Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən malın dəyərində əks etdirilməli xərclər (beynəlxalq daşıma (ÖMV və e-qf məlumatlarına əsasən), yükün saxlanılması, boşaldılması, anbara təhvil vermə, terminal, yük-gömrük broker, YGB tərtibatı və digər xərclər) ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar (mallar) üzrə mədaxil göstəricilərindən 198.790,71 manat fərqlənmişdir ki, bu da bəyannamənin bölməsində mallar, xammal və materiallar kodlu sətirlərində göstərilən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Araşdırma zamanı 2020-ci ilin sonuna MMCnin mal qalığı 880254,73 manat olaraq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 224.1.2 və 222.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılır. Kameral yoxlama nəticəsində İddiaçı MMC-yə 7941,78 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən cavabdehin qəbul etdiyi 15 iyul 2021-ci il tarixli **********131900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə həyata keçirilmiş kameral vergi yoxlaması zamanı İddiaçı MMC-nin baza iqtisadi göstəricilərini araşdırarkən (əvvəlki dövr bəyannamə məlumatları ilə müqayisə, təqdim edilmiş e-qaimə məlumat, obyektlər, yerləşdiyi ünvan, fəaliyyət, əldə edilmiş eqaimə məlumat, idxal, bank hesabından çıxarışlar, digər uçot-baza məlumatları) Vergi Məcəlləsinin 224.1.2 və 222.5-ci maddələrinə əsasən pandemiyadan əziyyət çəkənlər üçün güzəşt əldə etmə hüququnun olmadığı müəyyən edildiyindən, tətbiq edilmiş güzəşt məbləği silinməklə hesablama aparılmış, nəticədə 2020-ci il üçün mənfəət vergisi üzrə 136925.69 manat əlavə vergi məbləği hesablanmışdır Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 31 May 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdə koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləmək məqsədilə 18-ci fəsil daxil edilmişdir. Həmin fəsilə aid olan Vergi Məcəlləsinin 222-ci maddəsinə əsasən: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Vergi Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. Göründüyü kimi, 222.5-ci maddədə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə fəaliyyəti ya tam, ya da qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə onların əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadolma tətbiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarının 3-cü bəndinə əsasən, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə qadağan edilir: 3.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisindəki ticarət mərkəzlərində (həmin ticarət mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla) xidmətlər; 3.2. istirahət və əyləncə məkanları üzrə xidmətlər; 3.3. mədəniyyət obyektlərinin, eləcə də muzey və sərgi zallarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; 3.4. masaj və hamam xidmətləri; 3.5. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; 3.6. dərzi xidmətləri (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.7. fotoatelye/fotostudiyalar (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.8. tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); 3.9. idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); 3.10. fərdi mənzillərdə təmizlik xidmətləri; 3.11. qrup halında fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət). 4-cü bəndinə əsasən, bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir: 4.5. əsas istehsalat növləri: 4.5.1. müdafiə sənayesi məhsullarının istehsalı; 4.5.2. neft avadanlıqlarının və qurğularının istehsalı; 4.5.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; 4.5.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.5.5. kimyəvi məhsulların istehsalı; 4.5.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.5.7. əkinçilik və məhsul yığımı; 4.5.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı; 4.5.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi; 4.5.10. metallurgiya sənayesi üzrə fəaliyyət; 4.5.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.5.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.5.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri; 4.5.14. qablaşdırma məhsullarının istehsalı; 4.5.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.5.16. mebel istehsalı və təmiri; 4.5.17. diri heyvanların kəsimi. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılsın: 1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; 1.1.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər (açıq hava sahəsində müştərilərə yerində xidmətlər istisna olmaqla); 1.1.3. muzey və sərgi zallarının fəaliyyəti; 1.1.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); 1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); 1.1.6. açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi. Həmin Qərara əlavədə fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, yalnız maddi yardımların edilməsi özü-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və qismən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilər. Yuxarıda sadalanan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarlarında (120 və 208 nömrəli) fəaliyyəti tam məhdudlaşdırılan sahələr ilə bağlı aşkar müddəalar olsa da, fəaliyyəti qismən məhdudlaşdırılan sahələr barədə hər hansı açıqaşkar müddəa əks olunmamışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması ilə bağlı müddəa mövcuddur. Həmin müddəaların birgə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, həmin bənddə qeyd olunan sahələr fəaliyyəti qismən məhdudlaşan sahələrə aiddir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının işçilərinin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırılması aparılmışdır. İnnovasiya və X4 tərəfindən təqdim edilmiş 01 avqust 2023-cü il tarixli 3-27-104/2- 482/2023 nömrəli məktuba əlavə edilmiş iddiaçının icazə verilmiş işçilərinin siyahısından görünür ki, elektron portal üzərində sürücülər, fəhlə,marketinq üzrə mütəxəssis, baş menecer, mühasib, maliyyə işləri üzrə menecer, anbardar, direktor, satış təmsilçisi, marketinq üzrə mütəxəssis işə çıxmalarına icazə verilmişdir. Müvafiq olaraq pandemiya başlanılan ay üzrə aprel və may aylarında 10 işçiyə, iyun ayında 9 işçiyə, iyul ayında 15 işçiyə, avqust ayında 04 işçiyə, sentyabr ayında 02 işçiyə, oktyabr ayında 02 işçiyə, dekabr ayında 13 işçiyə icazə verilmişdir. Göründüyü kimi pandemiya dövründə (2020-ci il üzrə) iddiaçının işçilərinə aylar üzrə demək olar ki, tam tərkibdə (50 faizdən çox) işləməyə rəsmi icazə verilmişdir. Belə olan halda, yəni iddiaçının yalnız ona maddi yardım edilməsi əsası ilə müvafiq güzəştən istifadə etməsi barədə dəlilləri qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, işdən görünür ki, iddiaçınin fəaliyyəti sahəsi “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlı olmağına baxmayaraq, faktiki olaraq topdan satış fəaliyyəti ilə bağlı olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının digər oxşar iş üzrə 2-1(102)-1651/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli Qərarında analoji məsələyə münasibət bildirilərək göstərilmişdir ki, yalnız maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və qismən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilməz. ilk növbədə, iddiaçının işçilərin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırılması üçün müvafiq qurumlara sorğular verməli və elektron portal üzərində iddiaçının işçilərinin işə çıxmaları ilə bağlı məhdudiyyətin olub-olmamasını müəyyən etməli və əldə olunmuş mötəbər məlumatlar əsasında qərar qəbul etməlidir. Eyni zamanda, işə təkrar baxan məhkəmə qiymətləndirməni həyata keçirərkən iddiaçının faəliyyət sahəsini dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəlillərindən biri iddiaçının qeydiyyatdan keçdiyi fəaliyyət sahəsi ilə faktiki həyata keçirdiyi fəaliyyət sahəsinin bir-birindən fərqlənməsi barədədir ki, aşağı instansiya məhkəmələri tərəfindən bu hallar araşdırılmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-378/23 nömrəli 03 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsinn tələblərində ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışının və ya topdan satışı ilə bağlı müddəa öz əksini tapmamışdır. Aparılan tədqiqat nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” 15 iyun 2021-ci il tarixli **********131900 nömrəli qərarın, həmçinin kameral vergi yoxlamasının, yoxlamanın nəticələrinin vergi qanunvericiliyinə uyğunluğu müəyyən edilmişdir. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarından göründüyü kimi, şirkətlərə xüsusi karantin rejminin tətbiq olunduğu dövrlərdə müvafiq faktiki fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. Odur ki, iddiaçı "xxxx" MMC-nin mübahisələndirilən dövr üzrə faktiki fəaliyyət göstərdiyi sahənin pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapmır. İddiaçı iddia tələbində həmçinin qeyd etmişdir ki, cavabdeh inzibati orqan əvvəl 14 iyul 2021-ci il tarixli qərar qəbul edərək, 7941,78 manat əlavə vergi məbləği hesablamış, bir gün sonra isə başqa inzibati akt qəbul etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı hər bir halda cavabdeh inzibati orqanın 15 iyul 2021-ci il tarixli qərarını mübahisələndirmişdir. Bununla yanaşı, cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 328279,64 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Həmin kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********832900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olnan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qadırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddəsinə əsasən vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 7941,78 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********604100 nömrəli qərar göndərilmişdir. İddiaçı 2020-ci il Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində 2589677,62 manat ehtiyatların daxil olması göstərmişdir, lakin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı YGB və E-QF ilə faktiki dəyəri 2264471,38 manat olan mallar əldə etmişdir, (2191488,18 manat + 73012,70 manat mal). Odur ki, faktiki statistik kənarlaşma yaranmış və kameral yoxlama zamanı bu kənarlaşma aradan qaldırılmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 150 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68- 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Nəticəvi hissə: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-1959/2022 saylı qərarı ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddiaçıdan aparılmış ekspertizanın dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-286/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-286/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver