Məhkəmə qərarları › İş №2-1(103)-286/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-286/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-286/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2249/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və pensiyanın səbəbsiz yerə ödənilməyən məbləğlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-2249/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala iddiaçı tərəfindən təqdim edilən 20 dekabr 1979-cu il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 3 avqust 2021-ci il tarixli 13 nömrəli arayışında xx.xx.1979-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə işlədiyi qeyd olunmuşdur. Araşdırılma zamanı vaxtilə iddiaçıya Fondun Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunduğu, lakin xx.xx.2019-cu il tarixindən isə etibarsız edilməsi əmək stajına dair məlumatların düzgünlüyünə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar iddiaçının "xxxx" ASC-də olan iş stajına aid məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı adıçəkilən müəssisənin baş verən yanğın səbəbindən yanaraq məhv olduğu müəyyən olunmuşdur. Buna görə də ona dair müvafiq məlumatları dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcıdluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icaat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəalar baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilir: Mərkəzi Filiala təqdim edilən 20 dekabr 1979-cu il tarixli ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC-nin Sizə dair 3 avqust 2021-ci il tarixli 13 nömrəli arayışıt xx.xx.1979-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə işlədiyiniz qeyd olunmuşdur. Araşdırılma zamanı vaxtilə X5 rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunduğu, lakin xx.xx.2019-cu il tarixindən etibarsız edilməsi əmək stajınıza dair məlumatların düzgünlüyünə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar "xxxx" ASC-də olan iş stajınıza aid məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı adıçəkilən müəssisənin baş verən yanğın səbəbindən yanaraq məhv olduğu müəyyən olunmuşdur. Buna görə də Sizə dair müvafiq məlumatları dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə SSRİ Metallurgiya Nazirliyi Bakı X3 Alüminium məftilin sürüdülməsi üzrə sexə 2-ci dərəcəli yandırıcı qəbul edilmişdir, xx.xx.1980-ci ildə eyni sexdə 3-cü yandırcı dərəcəsi verilmişdir, xx.xx.1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin 205 saylıl xx.xx.1986-cı il tarixli qətnaməsinə əsasən BƏMEZ və BAPZ birləşdirilib və onların bazasında Azərrənglimetal İdarəsinin Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır, xx.xx.1988-ci ildə 4-cü yandırıcı dərəcəsi verilmişdir, xx.xx.1990-cı ildə SSRİ Metallurgiya Nazirliyinin 118 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən BƏMƏEZ Bakı əlvan metalların emalı üzrə 2 zavoda yenidən qurulmuşdur, xx.xx.1992-ci ildə Maddi-texniki təchizat şöbəsinə 3-cü dərəcə ilə nəzarətçi-tərəziçi işinə keçirilmişdir, xx.xx.1994-cü ildə texniki nəzarət şöbəsinə nəzarətçi keçirilmişdir, xx.xx.1998-ci ildə təmir-tikinti sahəsinə köməkçi fəhlə işinə keçirilmişdir, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır, xx.xx.2004-cü ildə işdən azad edilmişdir, xx.xx.2004-cü ildə "xxxx" ASC 1 nömrəli sexə köməkçi fəhlə işinə qəbul edilmişdir, xx.xx.2005-ci ildə işdən azad edilmişdir, xx.xx.2005-ci ildə A.S.Makarenko adına internat məktəbinin yeməkxanasına aşbaz qəbul edilmişdir, xx.xx.2006-cı ildə Baş aşbaz işinə keçirilmişdir, xx.xx.2009-cu ildə aşbaz işinə keçirilmişdir, xx.xx.2013-cü ildə işdən azad edilmişdir, xx.xx.2014-cü ildə "xxxx" MMC-də aşbaz vəzifəsinə qəbul edilmişdir, xx.xx.2015-ci ildə işdən azad edilmişdir, xx.xx.2015-ci ildə "xxxx" MMC-də aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə işdən azad edilmişdir, xx.xx.2016-cı ildə "xxxx" MMC-də aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmişdir, xx.xx.2019-cu ildə "xxxx" MMC-də aşbaz vəzifəsinə qəbul edilmişdir, xx.xx.2020-ci ildə işdən azad edilmişdir, xx.xx.2021-ci ildə "xxxx" MMC Pirallahı rayonu üzrə Təmizlik işləri və Sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işinə qəbul edilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2019-cu ildə cavabdeh tərəfindən dayandırılmışdır. Həmin materiallarda iddiaçının pensiyasının dayandırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması (maraqlı şəxslərin iştirakının təmin edilməsi və s.) və pensiyasının dayandırılması ilə bağlı qərar aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci ilədək olan redaksiyası). Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İşin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh orqan iddiaçıya daha əvvəl qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişi dayandırarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Belə ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ilə müəyyən olunmuş qaydada iddiaçıya pensiya təyin edilməsi barədə qərarın ləğv olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh orqan pensiya ödənişinin dayandırılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun yaşa görə əmək pensiyası hüququnun verilməsi və pensiya ödənişinin dayandırılması məsələlərini tənzimləyən normalarını, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks halda, pensiyanın təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə faktiki hərəkətlərlə pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi xx.xx.2019-cu il tarixindən dayandırılmışdır, lakin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı, eləcə də pensiyanın dayandırılması ilə bağlı olaraq cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun hər hansı inzibati icraat aparılmamış, iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmiş, onun dinlənilmə hüququ təmin edilməmiş və pensiyasının dayandırılması barədə qərar qəbul edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən qanunvericiliyin qeyd olunan tələblərinə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir, habelə cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2249/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar