Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2860/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının və üçüncü şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6, X7) «üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3675/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxslər (qanuni nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X6, X7 və X2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi X22, ev 20, giriş 2, mənzil 184 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsini Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-15929/2023 nömrəli qərardadı ilə X6, X7, X8 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-15929/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək X6 və X3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi X22, ev 20, giriş 2, mənzil 184 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin həvalə edilməsi şəklində icraata qəbul edilmiş, X2 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslanıdırmışdır: "…Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massiv X22, ev 20, giriş 2, mənzil 184-dən yerləşən mənzilə dair ona ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Mülkiyyətində olan həmin mənzildə qeydiyyatda olan 3-cü şəxslər hazırda ona məxsus mənzildə yaşamırlar və mənzildə onlara məxsus heç bir əmlak yoxdur. Qohumluq əlaqəsi var və lakin mənzildə qeydiyyatları formal xarakter daşıyır. Onların qeydiyyatda qalmaları mülkiyyətçi kimi mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır …" Cavabdeh iddiaçının tələblə bağlı müraciətinə ünvanlnnmış xx.xx.2023-cü il tarixli cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə üçüncü şəxslərin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilcəyini və iddiaçının məhkəməyə müraciət etməli olduğunu bildirərək dolayısı ilə müraciətin təmin olunmasından imtina etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3675/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X6 və X3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X22, ev 20, giriş 2, mənzil 184 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxslərin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkün hesab olnmuşdur. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Məhkəmə tərəfindən tutarlı əsaslandırma olmadan və konkret hal göstərilmədən qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunvericiliyin mənasına görə, qeydiyyat iki mənada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Göründüyü kimi, övladları, yəni iş üzrə üçüncü şəxslər iddiaçının özünün razılığı ilə mənzilə qeydiyyata alınmışlar. Hazırki halda iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər iddiaçının 10 və 12 yaşı olan yetkinlik yaşına çatmayan nəvələridir. Övladları onun ailə üzvü olduğu üçün, iddiaçının nəvələrinin həmin mənzildə yaşamaq hüququ tanınmalıdır. Qeyd etmək istəyirəm ki, keçmiş həyat yoldaşı ilə aralarında olan nikah pozulduğundan və barışıq sazişi əsasında övladları X9 və X10 onun himayəmə verildiyindən mübahisəli evdə müəyyən müddət yaşamırlar. Hazırda övladları onunla, birgə kirayədə yaşayır. Övladlarının qeydiyyatı ləğv olunduğu halda, onun da mülkiyyətində hər hansı yaşayış sahəsi və yaxud əmlak mövcud olmadığı üçün, həmçinin kirayədə yaşadıqları mənzilin sahibi həmin mənzilə qeydiyyata düşməyə icazə vermədiyi üçün qeydiyyatdan çıxarılma gələcəkdə uşaqların hüquqlarının pozulması ilə nəticələnəcək. Belə ki, şəxsiyyət vəsiqəsinin alınması mümkün olmayacaq və bu da nəticə etibarilə uşaqların ailə vəziyyətində, təhsilində qeydiyyatda olmadıqları üçün problem yaşadacaq. Lakin birinci instansiya məhkəməsi uşaqların hüquqlarının pozulacağını, kifayət qədər problemlə üzləşəcəyi məsələsini və s. bu kimi halları nəzərə almamış, iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarmışdır. Kirayədə yaşadığın mənzilin bu və ya digər sahibi kirayəçini heç bir halda öz şəxsi mənzilinə qeydiyyata düşməyə icazə vermir. Bu səbəbdən övladlarımın babalarının evindən qeydiyyatdan çıxarılması gələcəkdə onların digər hüquqlarının pozulması halı ilə nəticələnir. Bir daha nəzərə çatıdırır ki, övladlarım hazırda qeydiyyatda olduğu mənzildə deyil, onunla birlikdə kirayədə yaşayırlar. Lakin bu hal övladlarının qeydiyyatda olduğu həmin mənzildən istifadə hüququnun mövcud olmadığı nəticəsinə gəlməyə əsas vermir. Həmçinin bununla bağlı qeyd etmək istəyir ki, tərəfimdən övladlarımın həmin mənzildən istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məhkəməyə müraciət olunması üçün hazırlıqlar görülür…» Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin qanuni nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək üçüncü şəxslər faktiki olaraq onun yanında yaşasalar da, atalarına münasibətdə onların mübahisəli mənzildə yaşamaq hüququna malik olduqlarını bildirərək apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı isə onunla razılaşmamış, mənzilin mülkiyyət hüququ ilə ona məxsus olduğunu və üçüncü şəxslərin mənzildə yaşamadıqlarını qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı dəqiqləşdirilmiş iddia tələbində üçüncü şəxslər X6 və X3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massiv X22, ev 20, giriş 2, mənzil 184 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, işdə olan sənədlərə və məhkəmə sorğusu əsasında əldə olunmuş sənədlərə əsasən müəyyən olunan faktiki hallar aşağıdakılardan ibarətdir: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014- cü il təvəllüdlü X7 və xx.xx.1987-ci il təvəllüdlü X8 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massiv X22, ev 20, giriş 2, mənzil 184 ünvanında qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, **********81 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 20, 184 saylı mənzilində sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş hüquqmüəyyənedici sənədlərin surətinə əsasən "xxxx" MTKnın üzvlərinin xx.xx.2017-ci il tarixli 010 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı X1 üzv qəbul olmaqla MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X23, bina 20 ünvanda yerləşən 18 mərtəbəli binanın 2-ci girişində 16-cı mərtəbəsində 2 otaqlı ümumi sahəsi 80 kv.m, yaşayış sahəsi 41.7 kv.m olan 184 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən həmin mənzil xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-37898/2023 nömrəli məktubunda bildirilmişdir ki, X8, övladları -xx.xx.2012 ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X22, giriş 2, ev 20, mənzil 184 ünvanında üzrə qeydiyyatdadırlar. - Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışına əsasən xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014- cü il təvəllüdlü X7 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massiv X22, ev 20, giriş 2, mənzil 184 ünvanında qeydiyyatdadırlar. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, İddiaçı xx.xx.2018-ci il tarixdən - Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massiv X22, ev 20, giriş 2, sahəsi ünvanıda yerləşən 74.9 kv.m. olan 184 nömrəli mübahisəli mənzilin xüsusi mülkiyyətçisidir. Onun qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər X6 və X7 isə onun oğlu X8 ilə Qanuni nümayəndə arasındakı birgə nikahdan doğulmuş azyaşlı (14 yaşına çatmayan) nəvələridir. Lakin işə əlavə olunmuş, Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2661/2023 nömrəli xx.xx.2023- cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçının oğlu X8 ilə Qanuni nümayəndə arasındakı Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 27 fevral 2009-cu il tarixdə 109 nömrəli akt qeydinə əsasən rəsmiləşdirilən nikah pozulmuş və onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən hər iki tərəf razılaşmışdır ki, onların övladları (yəni hazırkı iş üzrə üçüncü şəxslər) - X6 və X7 anaları X5 (hazırkı iş üzrə üçüncü şəxslərin qanuni nümayəndəsi) ilə qalırlar. Eyni zamanda, işə əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 010 nömrəli arayışına əsasən müəyyən olunur ki, X8, yoldaşı -Qanuni nümayəndə, övladları - X6 və X12 iddiaçının mülkiyyətində olan mənzildə 1 (bir) ildir yaşamırlar. Ümumiyyətlə, üçüncü şəxslərin apellyasiya şikayətinə, eyni zamanda, qanuni nümayəndəsinin hazırkı məhkəmə iclasında verdiyi izahatına əsasən müəyyən olunur ki, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamadıqları, onların anaları ilə birlikdə başqa ünvanda yaşadıqdarı işin mübahisələndirilməyən halıdır. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında şərh etmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 3“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşamadıqları halda, onların mübahisəli həmin mənzildə pasport qeydiyyatının qalmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə olan halda, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyi baxımından, cavabdeh orqan tərəfindən iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları bardə ərizəsinin təmin olunmasından imtina edilməsi, onun qanunla qorunan mülkiyyət hüquqlarının birbaşa pozur. İPM-in 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da üçüncü şəxslərin (qanuni nümayəndəsinin) apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3675/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya iqstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3675/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.