Məhkəmə qərarları › İş №2-1(103)-2861/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2861/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2861/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1340/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-1340/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixdək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 20 il 5 ay təşkil edir.Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının xx.xx.1974-cı il tarixli əmək kitabçasında qeyd olunmuş, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Belə ki, “Bakıbaştikinti” X2 xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına verilməmiş, bu səbəbdən də qeyd edilən dövlərdəki əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 sentyabr 2022-ci il tarixli məktubuna, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 sentyabr 2022-ci il tarixli məktubuna, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il li məktubuna istinad edilmiş və qeyd edilmişdir ki, müəssisə ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bakıbaştikinti” X3na dair məlumat mövcud deyildir. Eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03 aprel 2023-cü il tarixli məktubuna istinad edilməklə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli, 374s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin tabeliyinə verilmişdir. Eyni zamanda həmin Sərəncamla Cəmiyyətin istifadəsində olan 18.3 ha torpaq sahəsi məcburi köçkün ailələrinin mənzilməişət şəraitinin yaxşılaşdırılması üçün çoxmərtəbəli yaşayış kompleksinin tikintisi məqsədilə Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin daimi istifadəsinə verilmiş, əmlakı isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilərək özəlləşdirilmişdir. Müraciətdə adı qeyd olunan İddiaçı barəsində Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmə araşdırması nəticəsində əldə edilmiş məktublarda müəssisə barədə məlumat olmadığı, arxiv sənədlərinin təhvil verilmədiyi, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə özəlləşdirildiyi göstərilmişdir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Həmçinin, qərarda qeyd olunur ki, iddiaçının əmək kitabçasının surətindən görünür ki, “Bakıbaştikinti” X4 xx.xx.1996-cı il tarixdən etibarən X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatı adlandırılmışdır. İddiaçının əmək kitabçasındakı həmin qeyd aydın deyildir. Həmin qeyd müəssisənin adının dəyişdirilməsi barədə olsa belə, dəyişdirildikdən sonra iddiaçının həmin müəssisədə olduğunu iddia etdiyi əmək fəaliyyəti ilə bağlı hər hansı faktı nə aydınlaşdırmır, nə də dəqiqləşdirmir. Həmin qeydin mötəbərliyi də məhkəmə araşdırmasının obyekti olmalı idi. Bundan başqa, məhkəmə qərarda X1 Birliyinin “X6rdaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq qaydada ləğv edilərək xx.xx.2022-ci il tarixində kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığını qeyd etmişdir. Göründüyü kimi, sözügedən “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatı xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyət göstərmişdir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü əhatə edir. İddiaçının iddia etdiyi “Bakıbaştikinti” X4nda xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatında xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri müəssisə xx.xx.2022-ci il tarixədək aktiv əziyyətdə olduğundan araşdırılmalı, eləcə də əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsinin səbəbi məhkəmə araşdırması zamanı tədqiq olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında əmək kitabçasının tarix yazılmalı hissəsində işdən azad olunması tarixi göstərilmədən, “mülkiyyətçinin dəyişməsi ilə əlaqədar işdən azad edilsin” barədə qeyd edilmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur (65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur). İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixdək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 20 il 5 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının xx.xx.1974-cı il tarixli əmək kitabçasında qeyd olunmuş, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X10 filialının xx.xx.2021-ci il tarixli BA-05797-2021 nömrəli arxiv arayışına əsasən əmək kitabçasında qeyd olunmuş “Bakıbaştikinti” X2 xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək arxiv sənədləri Dövlət arxivinin Bakı filialına təhvil verilməyib. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixində orta məktəbə məktəbin katibi işinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1979-cu il tarixdə fəhlə qismində sovxoza işə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdə sovxoza fəhlə işinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1989-cu il tarixdə DSK/4 DSZ KPO Qlavbakstroy baş korpusa ikinci dərəcəli fəhlə işinə qəbul edilmiş və müvəqqəti olaraq Azpromstroy 4 saylı trestinin 46 saylı Tİ sərəncamına keçirilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Bakıbaştikinti” X4nda, xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “Bakıbaştikinti” SEİB “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatında işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində “Bakıbaştikinti” X3 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı “Bakıbaştikinti” Tikinti Konstruksiya Zavodunun xx.xx.1996-cı il tarixdə D-1024 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, "Bakıbaştikinti’ X3na dair məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 03 aprel 2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli, 374 s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin tabeliyinə verilmişdir. Eyni zamanda həmin Sərəncamla Cəmiyyətin istifadəsində olan 18.3 ha torpaq sahəsi məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün çoxmərtəbəli yaşayış kompleksinin tikintisi məqsədilə Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin daimi istifadəsinə verilmiş əmlakı isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilərək özəlləşdirilmişdir. Müraciətdə adı qeyd olunan İddiaçı barəsində Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Aydın və Fəxrəddin Quliyev qardaşları adına” 4 saylı Evtikmə Kombinatına ... dair məlumat mövcud deyildir. 4 saylı Evtikmə Kombinatı 14 iyun 1996-cı il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 31 mart 2022-ci il tarixindən 13 iyun 2022-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 02 mart 2023-cü il tarixli məktubda qeyd edilir: X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq qaydada ləğv edilərək xx.xx.2022-ci il tarixində kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. İddiaçının xx.xx.2021-ci ildə 65 yaşı tamam olmuşdur. Qeyd olunan normalardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.2006-ci il tarixədək işlədiyi “Bakıbaştikinti” X2 arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi səbəbindən həmin dövrün araşdırılması mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.2006-ci il tarixədək işlədiyi “Bakıbaştikinti” X2 arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan hal hesab edilə bilməz. Eyni zamanda iddiaçının əmək kitabçasının surətindən görünür ki, “Bakıbaştikinti” X4 xx.xx.1996-cı il tarixdən etibarən X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatı adlandırılmışdır. Məhkəmə araşdırması zamanı X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının mövcud olması öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrü (xx.xx.1974-xx.xx.1975, xx.xx.1979-xx.xx.1981, xx.xx.1981-xx.xx.1988, xx.xx.1989-xx.xx.1992, xx.xx.1992-xx.xx.2006) daxil olmaqla iddiaçının ümumilikdə iş stajı 25 ildən artıqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, iddiaçının 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur və həmin tarixə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1340/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı, İddiaçı yaşa görə əmək pensiyasının xx.xx.2021-ci ildən hesablanaraq ödənilməsi göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar