Məhkəmə qərarları › İş №2-1(103)-2861/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2861/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2861/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı ("xxxx" Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) “sərəncamın ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3896/2024 saylı 01 may 2024-cü il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın Astara şəhəri, Mirzə Rəhimov (hazırda 28 may) küçəsində inşa etdiyi 2 girişli, 4 mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı şəhərsalma əsaslandırmasının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 40 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilərək, "xxxx" Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3896/2024 saylı 01 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı ("xxxx" Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) “sərəncamın ləğvi” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Əsasnaməsinin 1-ci bəndinə görə şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. (6) Komitə Bakı şəhərində yerləşir. Komitə (8.1.) müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək; (8.2.) dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək və sair fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri yerinə yetirir. Komitə (7.2-1.) müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir. Beləliklə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri çox məhkəmənin yurisdiksiyasına aid olan əraziləri əhatə edir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı tələbi “"xxxx" MTK-nın Astara şəhəri, Mirzə Rəhimov (hazırda 28 may) küçəsində inşa etdiyi 2 girişli, 4 mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı şəhərsalma əsaslandırmasının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 40 nömrəli Sərəncamının ləğv edilməsi” barədədir. Azərbaycan Respublikası Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Yuxarıda qeyd edilən normanın tələbindən belə bir qənaətə gəlmək olur ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələr üçün qanunvericilikdə müstəsna aidiyyat müəyyən olunmuşdur. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də inzibati işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İddiaçının tələbi "xxxx" MTK-nın Astara şəhəri, Mirzə Rəhimov (hazırda 28 may) küçəsində inşa etdiyi 2 girişli, 4 mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı şəhərsalma əsaslandırmasının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 40 nömrəli Sərəncamının ləğv edilməsi barədədir. Yəni, mübahisəli daşınmaz əmlak Astara şəhəri, Mirzə Rəhimov (hazırda 28 may) küçəsində yerləşir. Ona görə də hazırki inzibati mübahisəyə müstəsna aidiyyat qaydaları tətbiq olunmalıdır. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Astara rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (18.2-ci bənd). İstinad olunan Qanunun tələbinə əsasən Astara şəhəri Şirvan İnzibati Məhkəməsinin ərazi vahidi hesab olunduğundan, hazırki inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəziyəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Odur ki, iş üzrə 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəmənin 2-1(112)-3896/2024 saylı 01 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 81, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: 3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3896/2024 saylı 01 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar