Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2863/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş müavinətin tutulmasına dair qərarın ləğvi, ailə başçısını itirməyə görə pensiya təyini tarixinədək hesablanmaqla dayandırılmış sosial müavinətin ödənilməsi” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1376/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəmədə iddia qaldıraraq, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə xx.xx.2021-ci il tarixli 43704 nömrəli artıq ödənilmiş müavinətin tutulmasına dair qərarın ləğvi, ailə başçısını itirməyə görə pensiya təyini tarixinədək hesablanmaqla xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3 uşağa görə 2017-ci il tarixdən fiziki şəxs olmadığı üçün sosial müavinət alırdı. 2020-ci ilin dekabr ayında 90-95% ag ciyərlərin buzlaşması (tutulması) ilə Covidə yoluxduğu üçün mart ayının sonuna qədər müalicə olunaraq süni oksigendən asılı olmuşdur. O vaxtdan ona müavinət verilmir. Dəfələrlə DOST mərkəzinə müraciət etmiş, ona bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsindən adına açılan VÖEN-in qanunsuz açılmasını və aktiv olmaması barədə arayış təqdim etsə, ona ödənilməyən ayların müavinəti ödəniləcək. Lakin arayış təqdim etsə də, ona müavinət ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli qərara əsasən yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubundan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN aşkarlanması olmuşdur. Buna görə də iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək 710.67 (yeddi yüz on yeddi manat 67 qəpik) məbləğində artıq ödəmə olduğu aşkarlanmış və həmin məbləğin yaşa görə müavinətdən tutulması bardə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərar qəbul edilmişdir. Yaranmış 710,67 manat artıqalma İddiaçı yenidən təyin olunmuş yaşa görə sosial müavinətindən xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək ödənilməyən dövr ilə tam əvəzləşdirilərək bərpa ediləcək. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1376/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və qərara alınmışdır ki, iddiaçı X2 artıq ödənilmiş müavinətin tutulmasına dair xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərar ləğv edilmiş və həmin qərarın icrası nəticəsində tutulmuş məbləğ iddiaçıya geri qaytarılsın, ailə başçısını itirməyə görə pensiya təyin olunduğu xx.xx.2022-ci il tarixədək hesablanmaqla sosial müavinətin ödənilməsinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən olan dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, eyni zamanda mübahisələndirilmişdir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün göstərilən faktlara münasibət bildirmədən, əsassız olaraq iddianı təmin edərək maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Qaraşova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İİ. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarının 56-cı vərəqindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN-i olduğu dövrdə artıq ödənilmiş yaşa görə müavinətin tutulması barədə xx.xx.2021-ci il tarixli 43704 №-li qərar qəbul edilmişdir. Konkret halda iddiaçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə, cavabdehin xx.xx.2021-ci il tarixli 43704 nömrəli artıq ödənilmiş müavinətin tutulmasına dair qərarın ləğv edilməsi və həmin qərarın nəticələrinin aradan qaldırılmasını tələb edir. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən aşağıdakıları qeyd etmişdir: «… faktiki olaraq sosial müavinətin ödənilməsinin dayandırlması haqqında qərar yoxdur. İddiaçı barəsində xx.xx.2021-ci il tarixli sosial müavinətin təyin edilməsinin mümkün olmaması, daha sonra artıq ödənilmiş yaşa görə müavinət tutulması haqqında xx.xx.2021-ci il tarixli qərar var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və bu zaman inzibati icraatın lazımı qaydada aparılması tələbinə riayət edilməlidir." Məhkəmə hesab edir ki, qeyd edilən yanaşma sosial müavinətin ödənilməsinə münasibətdə də tətbiq edilməlidir. Yəni vətəndaşın razılığı olmadan sosial müavinətdən tutmanın aparılması qanuni hesab edilə bilməz. Odur ki, vətəndaşın sosial müavinətindən tutmaya dair hərəkətlər qanunsuz hesab edilməklə həmin qərar ləğv edilməli, həmin qərarın icrasının nəticələri aradan qaldırılaraq artıq ödənilmiş hesab edilmiş və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalı, sosial müavinətin ödənilməsinin dayandırıldığı tarixdən (xx.xx.2021-ci il) ailə başçısının itirilməsinə görə pensiya təyini tarixinədək (xx.xx.2022-ci il) olan müddət üçün sosial müavinət iddiaçıya ödənilməlidir.» Məhkəmə kollegiyası birinci instansiiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işə əlavə olunmuş Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin iddiaçının müraciətinə ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə vergi uçotuna alınmış, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyətinin dayandırmış, xx.xx.2021-ci il tarixdə isə vergi uçotu ləğv edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının müavinət işindən görünür ki, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixənədək aktiv VÖEN olduğu dövrdə artıq ödənilmiş yaşa görə müavinət tutulmuşdur. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) xx.xx.2015ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sahibkarlıq fəaliyyətinin dayandırılması və xx.xx.2021-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat mövcuddur. Eyni zamanda məlumat bazasında İddiaçı fəaliyyətinin aktiv olan dövrlərində məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrinin olması barədə məlumat mövcud deyildir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, xx.xx.2015-ci il tarixdən vergi uçotuna alınmış iddiaçı, xx.xx.2015-ci il tarixdən xx.xx.2020ci il tarixədək sahibkarlıq fəaliyyətinin dayandırmış, bundan sonra isə xx.xx.2021-ci il tarixdə, ümumiyyətlə, onun vergi uçotu ləğv edilmiş və həmin müddət ərzində onun hər hansı bir əməliyyat apardığı və gəlir əldə etməsi barədə vergi orqanında məlumat aşkar olunmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh orqan tərəfindən də iddiaçının mübahisələndirilən dövrdə faktiki olaraq fəaliyyət göstərərək gəlir əldə etdiyi sübuta yetirilmir. Halbuki, İPM-in 14.1-ci maddddəsinin tələbinə görə 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Digər tərəfdən, iddiaçının münasibəti öyrənilmədən və məhkəmə qərarı olmadan mübahisələndirilən dövr üzrə ödənilmiş müavinətin geri tutulması barədə qərarın qəbul olunması da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Sosial müavinətlər haqqında» Qanunun 12.2-ci maddəsinin tələbinə görə müavinətlərin (himayədar ailəyə verilmiş uşağın,o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna edilməklə) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatlarnı verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qanunun qeyd olunan tələbindən aydın görünür ki, birincisi, ilk öncə müavinət alan şəxsə artıq müavinət ödənilməsi barədə məlumat verilməli, həmin məbləği qaytarmadıqda yalnız, müavinət verən orqan məhkəmə qaydasında ondan artıq ödənilmiş müavinətin ödənilməsini tələb edə bilər. Cavabdeh inzibati orqan tərəfindən isə bu qaydaya riayət olunmamışdır. İkinci tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.5-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İddiaçı tərəfindən «İnzibati icraat haqqıda» Qanunun 67.6-cı maddəsinin tələbində sadalanan hallara yol verilməsinə dair cavabdehin heç bir dəlili mövcud deyil və iddiaçının belə hallara yol verdiyi mübahisələndirilmir. Cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərara əsasında iddiaçıdan tutmalı olduğu 710,67 manat pul vəsaitinə gəldikdə, qeyd edilən dövr “Pandemiya”nın ilkin vaxtlarına - sərt karantin dövrünə düşürdü ki, belə olan halda da müavinət alan iddiaçının həmin cüzi pul məbləğini artıq xərclədiyi, bu dövrün reallığından irəli gələn tələbatı olması şübhə doğura bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini və cavabdehin mübahisələndirilən qərarının ləğv edilərək onun qeyd olunan nəticələrinin aradan qaldırılmasının cavabdehə həvalə olunması işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi göstərilən faktlara münasibət bildirmədən, əsassız olaraq iddianı təmin edərək maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından isə əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1376/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1376/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2863/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2863/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver