Məhkəmə qərarları › İş №2-1(103)-2864/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2864/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2864/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili X2, 3-cü şəxslər X9 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8028/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxslər X1, X9, X4, X5 və X6 ünvan 3 ünvanından qeydiyyatdan çıxarmaları öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus yaşayış sahəsinə dair arayış götürdükdə mənzildə başqa şəxslərin qeydiyyatda olduğunu görmüşdür. Halbuki, həmin yaşayış sahəsində həmin şəxslər yaşamırlar, həmin şəxslərin kim olduğundan məlumatsızdır. Cavabdehin həmin şəxslərin qeydiyyatdan çıxarılmasına imtinası onun mülkiyyətçi kimi hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8028/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qərar onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, ünvan 3 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətindədir və 2006-cı ildə həmin evə çıxarış almışdır. Tərəflərin izahatları: İddiaçının vəkili X10 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. 3-cü şəxs X16 izahatında yaşadığı evin iddiaçıya məxsus evdən 15 ev aralı məsafədə olduğunu, onun iddiaçının mülkiyyətində olan evə yaşadığı evin əvvəlki mülkiyyətçisinin dövründən qeydiyyata düşdüyünü, zibil pulu, torpaq pulunu da həmin dövrdən ödədiyini bildirmiş, bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər 3-cü şəxs X13 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 08.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında digər 3-cü şəxslər X7, X14 və X15 iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh inzibati orqan 19.11.2021-ci il tarixdə daxil omuş məktubla işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin və digər 3-cü şəxslərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan MH seriyalı ******* saylı 24.05.2006-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə küçəsində istifadədə olan 0.12158 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64 kv.m sahədən ibarət olan 24 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsudur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-1635-2007 saylı 05.07.2007-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X3 ailə üzvləri və yeznəsi X8 ilə birlkdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən 24 saylı evə pasport qeydiyyatına alınmış, qətnamə 2007-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə 3-cü şəxs həmin yaşayış sahəsini 2018-ci ilin may ayında həmin şəxsdən (məhkəmə qətnaməsində adı çəkilən şəxsdən) aldığını qeyd etmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəlləsində yerləşən 24 saylı evdə X7, X16, X13, X14, X15 və digər şəxslər qeydiyyatdadırlar. İddiaçı sözügedən şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 01.06.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onun səlahiyyətləri daxilində deyil və bununla bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası mümkün sayılmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazıki iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki işdə iddiaçı onun mülkiyyətində olan evdən 3-cü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Həmin 3-cü şəxslər onun ailə üzvləri olmamaqla yanaşı, onun evindən təxminən 15 ev aralıda yerləşən başqa evdə yaşayırlar. Birinci instansiya məhkəməsi iddiaçı və 3-cü şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin ayrı-ayrı olsalar da, onlara verilmiş mülkiyyət və gözlənilən mülkiyyət hüququna dair sənədlərində ünvanların eyni göstərilməsinə, iddiaçı və 3-cü şəxslərin eyni ünvana “yaşayış evi üzrə” qeydiyyata alınmalarına, 3-cü şəxslərin qeydiyyata alındığı ünvanın iddiaçının yaşayış yeri üzrə qeydiyyat yeri sayılmadığına, iddiaçının onun mülkiyyətində olmayan 3-cü şəxslərin gözlənilən mülkiyyət hüququna iddia edə biləcəyi, həmin şəxslərin istifadəsində olan, birgə təsərrüfat apardıqları yaşayış sahəsinə dair iddia qaldırmasına, cavabdeh inzbati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyinin öz təsdiqini tapmadığına, odur ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun mövcud olmadığına istinad edərək iddianı qeyri-mümkün saymışdır. Bu barədə məhkəmə kollegiyası bir daha qeyd edir ki, 24.05.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsudur və sonuncu məhz öz mülkiyyətində olan evdən 3-cü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kollegiya hesab edir ki, 3-cü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, ondan 15 ev aralı başqa evdə yaşasalar da və həmin evlə bağlı gözlənilən mülkiyyət hüquqları olsa da, həmçinin indiyənədək yaşadıqları evə müvafiq ünvan almamaları hazırki vəziyyətdə iddiaçının mülkiyyətində olan ünvan üzrə evində onların qeydiyyatda qalmaları üçün əsas vermir və bu cür qeydiyyatda qalma mülkiyyətçinin qanunla qorunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan evindən 3-cü şəxslərin qeydiyyatdan çıxarılması barədə tələbini onun subyektiv hüququnun olmaması əsası ilə mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 13.09.2021-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8028/2021 saylı 13 sentyabr 2021-ci il tarixl qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar