Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2864/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2517/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04-13 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Bərdə rayon Dövlət Arxivinin 02 mart 2021-ci il tarixli, 61 saylı arxiv arayışında göstərilən Bərdə rayonu, Otuzikilər kolxozunda işləmiş olduğu 13 il əmək stajı müddətinin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1973-cü ildən başlayaraq 13 il ərzində müxtəlif dövrlərdə Bərdə rayonu, “Otuzikilər” kolxozunda işləmişdir. Lakin kolxozda 13 il işləyib əmək haqqı almasına baxmayaraq əmək kitabçasında işlədiyi müddət barədə qeydiyyat aparılmamışdır. İddiaçının qeyd olunan stajı Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli, 61 saylı arxiv arayışında öz təsdiqini tapmışdır. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 04 iyun 2021-ci il tarixli **********3 saylı məktubla ərizəsinin təmin edilməsindən imtina edilərək göstərilmişdir ki, arxiv arayışı əsasında sabiq “Otuzikilər” kolxozundakı fəaliyyət dövrü əmək kitabçasında öz təsdiqini tapmadığına görə həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1511/2021 saylı qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2517/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: H.Ağalarov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1956-ci il tarixdə anadan olmaqla yaşa görə əmək pensiyası yaşına xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla Fondun 18 saylı regional ərazi filialına (indiki Gəncə-Daşkəsən filialı) müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərə (l/İT № ******* nömrəli əmək kitabçası, hərbi bilet və təhsil haqqında sənəd) müvafiq olaraq, 14 il 8 ay 26 gün ümumi iş stajı onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir. İddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi 61 nömrəli arxiv arayışına əsasən 1973, 1974, 1989- 1999-cu illərdə işlədiyini iddia etdiyi illər onun mübahisələndirilən sığorta stajıdır və 11 il təşkil edir. İddiaçının Bərdə rayon sabiq “32-lər kolxozu”nda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması qeyrimümkündür. Bərdə rayon Dövlət Arxivinin 61 nömrəli arayışına əsasən İddiaçı Bərdə rayon sabiq “32-lər kolxozu”nda əmək fəaliyyəti dövrünə 1974, 1989-1999-cu illər daxildir. Bundan başqa həmin arxiv arayışında 1973,1995 və 1996-cı illərə dair sənədlərdə Xuduyev Nazim adı qeyd olunduğu üçün bu illərin İddiaçı aidliyi şübhə doğurur və həmin sənədin mötəbərliyinə xələl gətirir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçı mübahisəsiz iş stajı cəmi 14 il 8 ay 26 gün təşkil edir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci mədəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuşdur. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 02 mart 2021-ci il tarixli 61 №-li arxiv arayışının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı sabiq “32-lər” kolxozunda 1973-cü ildə 34, 1974-cü ildə 28, 1989-cu ildə 243, 1990-cı ildə 475, 1991-ci ildə 325, 1992-ci ildə 370, 1993-cü ildə 430, 1994-cü ildə 838 əmək günü işləmiş, 1995-ci ildə 316.000, 1996-cı ildə 485.000, 1997-ci ildə 750.000, 1998-ci ildə 619.020 və 1999-cu ildə 195.000 əmək haqqı almışdır. “32-lər” kolxozunda 1973-1974, 1989-1999-cu illər üzrə minimum əmək günü norması 220 olmuşdur. İş materiallarında olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 04 iyun 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş, ИТ-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 14 il 8 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyi ərizə və arxiv arayışı əsasında sabiq “32-lər” kolxozundakı fəaliyyət dövrünün əmək kitabçasındakı öz təsdiqini tapmadığına görə həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyası yaşına çatmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1973-xx.xx.1974-cü illər, hərbi biletin surətinə əsasən xx.xx.1974-xx.xx.1976-cı illər, əmək kitabçasının surətinə əsasən xx.xx.1977- xx.xx.1977-ci illər, xx.xx.1977-xx.xx.1981-ci illər, xx.xx.1981-xx.xx.1989-cu illər üzrə onun xx.xx.2006-cı il tarixinədək ümumilikdə mübahisələndirilməyən sığorta stajı 14 il 8 ay 26 gün təşkil edir. Vətəndaşın təqdim etdiyi Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışının surətinə əsasən “32-lər” kolxozunda minimum əmək günü normasının 220 gün olduğunu nəzərə almaqla vətəndaşın həmin kolxozda işlədiyi 1973- 1974-cü illər, 1989-1999-cu illər üzrə sığorta stajı 11 il (1989-1998-ci illər üzrə minimum əmək günü normasını tam yerinə yetirməklə 10 il, 1973, 1974, 1999-cu illər üzrə 1 il (34+28+195):220=1,17)) təşkil edir. Vətəndaşın təqdim etdiyi əmək kitabçasında “32-lər” kolxozunda olan əmək fəaliyyəti dövrü qeyd edilmədiyindən həmin dövrün sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Həmçinin İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 14 il 8 ay 26 gün sığorta stajına əsasən həmin tarixədək fərdi hesabının sığorta kapitalı 4510,09 manat təşkil edir: (14+8/12+26/30/12)x306=4510,09, xx.xx.2006-cı il tarixinədək olan fərdi hesabının sığorta kapitalının yaşa görə əmək pensiyası yaşına çatdığı xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 11231,92 manat təşkil edir. İşdən görünür ki, iddiaçı ona 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1973-1974, 1989- 1999-cu il tarixlərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə kolxozda işlədiyi Bərdə rayon Dövlət Arxivinin arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışı və əmək haqqı cədvəllərində göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquq“ müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışı, əmrlərdən çıxarışlar və əmək haqqı cədvəlləri əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı qeyd olunan sənədlər ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışı, əmrlərdən çıxarışlar və əmək haqqı cədvəlləri nəzərə alına bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Bərdə rayon Dövlət Arxivinin 16 noyabr 2021-ci il tarixli 225 nömrəli arxiv arayışındakı məlumatlar nəzərə alındıqda Bərdə rayon “32-lər” kolxozunda tələb olunan minimum əmək iştirakı norması 1973-1974 və 1989-1999-cu illər üzrə 220 əmək günü olmuşdur. Buna qarşılıq iddiaçı 1973-cü ildə 34, 1974-cü ildə 28, 1989-cu ildə 243, 1990-cı ildə 475, 1991-ci ildə 325, 1992-ci ildə 370, 1993-cü ildə 430, 1994-cü ildə 838 əmək günü işləmiş, 1995-ci ildə 316.000, 1996-cı ildə 485.000, 1997-ci ildə 750.000, 1998ci ildə 619.020, 1999-cu ildə 195.000 əmək haqqı almışdır. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasının ödənilməsi 1989-1999cu illər üzrə olmuşdur. Digər illərdə isə, iddiaçı minimum əmək iştirakı normasından az işlədiyindən, həmin illər ona tam əmək stajı kimi hesablanmamalı, həmin illər iş stajına yalnız faktiki müddət nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablanma isə iddiaçının faktiki işlədiyi günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama nəticəsində iddiaçının 1973-cü il üzrə 1,85 ay, 1974-cü il üzrə 1,52 ay olmaqla, ümumilikdə həmin illərdə kolxozda işlədiyi müddət 3 ay 11 gün təşkil edir. İddiaçının minimum əmək iştirakı normasını ödədiyi illər də nəzərə alındıqda ümumilikdə kolxozdakı iş stajı 11 il 3 ay 11 gün müəyyən edilir. Cavabdehin digər dəlili olan, arxiv arayışında 1973, 1995 və 1996-cı illərə dair sənədlərdə “Xuduyev Nazim” adının qeyd edilməsi ilə bağlı məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində 1999-cu ilədək Bərdə rayon sabiq “32-lər” kolxozunda işlədiyini, həmçinin İddiaçı da həmin kolxozda işlədiyini, iddiaçının adını Nazim kimi bildiyini, qeydiyyat aparılarkən sənəd tələb edilmədiyini, İddiaçı adlı şəxslə Xuduyev Nazim adlı şəxsin eyni şəxs olduğunu bildirmişdir. Şərh olunanlara əsasən, məhkəmə qeyd etmişdir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Həmçinin cavabdeh orqanın məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi cavab məktubuna, eyni zamanda imtinasına əsasən iddiaçının təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1973-xx.xx.1974-cü illər, hərbi biletin surətinə əsasən xx.xx.1974-xx.xx.1976-cı illər, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-xx.xx.1977-ci illər, xx.xx.1977-xx.xx.1981-ci illər, xx.xx.1981-xx.xx.1989-cu illər üzrə onun xx.xx.2006-cı il tarixinədək ümumilikdə mübahisələndirilməyən sığorta stajı 14 il 8 ay 26 gün təşkil edir. İddiaçının təqdim etdiyi Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışının surətinə əsasən “32-lər” kolxozunda minimum əmək günü normasının 220 gün olduğunu nəzərə almaqla vətəndaşın həmin kolxozda işlədiyi 1973- 1974-cü illər, 1989-1999-cu illər üzrə sığorta stajı 11 il (1989-1998-ci illər üzrə minimum əmək günü normasını tam yerinə yetirməklə 10 il, 1973, 1974, 1999-cu illər üzrə 1 il (34+28+195):220=1,17)) təşkil edir. Vətəndaşın təqdim etdiyi əmək kitabçasında “32-lər” kolxozunda olan əmək fəaliyyəti dövrü qeyd edilmədiyindən həmin dövrün sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Beləliklə, iddiaçının 1973, 1974, 1989-1999-cu illərdə Bərdə rayon sabiq “32-lər kolxozu”nda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1973-1999-cu illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi Bərdə Rayon Dövlət Arxivinin 02 mart 2021-ci il tarixli 61 №-li arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun kolxozda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr xx.xx.2020-xx.xx.2021, kişilər üzrə pensiya yaşı 65 il. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə iddiaçı 25 ildən çox sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. İddiaçının xx.xx.1956-cı ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 65 yaşında, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2517/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2864/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2864/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver