Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2864/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Nikolayevanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun təkrar qeydə alınması və çıxarışın verilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7887/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun adına Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Özəlləşdirmə və Sahibkarlığa kömək Baş İdarəsinin İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 19 oktyabr 1993-cü il, 30/7736 saylı qeydiyyat vəsiqəsi əsasında ünvan 1 ünvanda 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: Bakı şəhəri İHB-nin aparatının özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 19 oktyabr 1993cü ildə verilən qeydiyyat vəsiqəsinə görə ünvan 2 ünvanda 2 otaqlı mənzil X2 adına özəlləşdirilərək onun mülkiyyətinə verilmişdir. Eyni zamanda, onun arvadı X1 mənzil özəlləşdirilərkən onunla birlikdə ər arvad kimi yaşamışlar. Xətai rayonu qeydiyyat şöbəsinin vermiş olduğu ölüm haqqında şəhadətnaməyə görə X5 9 aprel 2013-cü ildə vəfat etmişdir. Mərhumun yas mərasimini X1 keçirmişdir. Xətai Rayon Qeydiyat Şöbəsinin verdiyi arayışa görə X1 ilə X5 11 iyul 1975-ci ildə nigaha girmişlər, 11 avqust 2005-ci ildə nigahları pozulmuşdur. X1 və X5 birgə nigahda olduqları dövrdə Azərbaycan Respublikası Bakı şəhəri İHBnin aparatının özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 19 oktyabr 1993-cü ildə verilən qeydiyyat vəsiqəsinə görə ünvan 3 ünvanda 2 otaqlı mənzil X3 adına özəlləşdirilərək onun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası DİN -nin vermiş olduğu yaşayış yeri üzrə arayışa görə iddiaçı ilə birlikdə ünvan 2 ünvanda 2 otaqlı mənzildə oğlu X7, X8, X9, X10 yaşayırlar. Həmin ünvanda qeydiyyatda olan şəxslər olaraq, notariat qaydada təsdiq olunmuş razılıq ərizələri ilə mənzilin onun adına keçməsinə etiraz etmirlər. Buna baxmayaraq, cavabdeh İdarəsi iddiaçının mənzil üzərində mülkiyyət hüququnun təkrar dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsinə dair ərizəsini "Daşınmaz Əmlakın Dövlət Reyesteri haqında" qanunun 15-ci maddəsini əsas gətirərək Lyudmila Nikalayevnanın ərizəsini təmin etməkdən və mənzilin onun adına dövlət qeydiyyatına alınmasından imtina etmişdir...” İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli imtina məktubunda isə bildirilmişdir ki, “qeyd olunan ünvanda yerləşən 53 saylı mənzil digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müraciət ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsi 55 saylı mənzilə aiddir. Bundan başqa, bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)- 14584/2023 saylı, xx.xx.2014-cü il tarixli qərardadı əsasında qeyd olunan ünvanda yerləşən mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. “ Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********33 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, M.Hadi küçəsi, 113 saylı evin 55 saylı mənzili üzərində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2178/2014 saylı, xx.xx.2014- cü il tarixli qərardadı əsasında özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilməmişdir. Belə ki, qadağanın götürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olduqdan sonra, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər. Əlavə olaraq, iddiaçının İdarəyə müraciəti zamanı ərizədə mənzilin nömrəsi “53” qeyd olunmuş, lakin müraciət ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsi 55 saylı mənzilə aiddir. 53 saylı mənzil isə daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7887/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləriənə uyğun verilmiş, apellyasiya mümkündür.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsi belə bir yanlış nəticəyə gəlmişdir. Belə ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır”. Əslində, hakim idia ərizəsinin inzibati məhkəməyə deyil ümumi məhkəməyə aid olmasına dair mövqeyini bildirdi. Bundan sonra idiaçı Xətai rayon məhkəməsinə mülkiyyət hüququnun tanınmasına və dövlət qeydiyyatına alınmasına dair analoji iddia ərizəsi ilə müraciət etdi. Xətai Rayon Məhkəməsinin e-2(011)-5279/2024 saylı 22. 05.2024-cü il tarixli qərardadı ilə :- “İddia ərizəsinin icraata qəbulundan imtina edildi ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” 5-ci Bakı İnzibati Məhkəməsi belə bir yanlış nəticəyə gəlmişdir : Məhkəmə mənasız vərəsəlik münasibətləri barədə mübahisə açır, halbuki İddiaçı iddia ərizəsində 2005-ci ildə məhrum əri ilə boşandığını bildirmiş və məhkəməyə bu barədə arayış təqdim etmişdir. İş materiallarında olan Xətai Rayon Qeydiyat Şöbəsinin arayışına əsasən İddiaçı ilə X3 11 iyul 1975-ci idə bağladıqları nikah 11 avqust 2005-ci ildə pozulmuş, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 19 oktyabr 1993-cü il, 30/7736 saylı Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 X3 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş, ölüm haqqında şəhadətnamənni surətinə əsasən X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. Xətai Rayon Qeydiyat Şöbəsinin verdiyi arayışa görə X1 ilə X5 11 iyul 1975-ci ildə nigaha girmişlər ,11 avqust 2005-ci ildə nigahları pozulmuşdur. Birgə nigahda olduqları dövrdə Azərbaycan Respublikası Bakı şəhəri İHB-nin aparatının özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin ,inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 19 oktyabr 1993-cü ildə verilən qeydiyyat vəsiqəsinə görə ünvan 3 ünvanda 2 otaqlı mənzil X2 adına özəlləşdirilərək onun mülkiyyətinə verilmişdir. Mənzil birgə nigah dövründə əldə edilmişdir. İddiaçının həmin mənzilə mülkiyət hüququ vardır. Məhkəmə tərəfindən iddiaçının Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci maddəsinə görə ünvan 3 ünvanda 2 otaqlı mənzilə mülkiyyət hüququ qanunla tanınmışdır. Bu mənada məhkəmə onun 2 otaqlı mənzilə subyektiv hüququnun olmamasına dair gəldiyi nəticə kökündən yanlışdır. Məhkəmə həqiqətin müəyyən edilməsini təmin edə bilməmişdir nəticədə iddiaçının konsititutsiyada təsbit edilmiş mülkiyyət, ədalətli məhkəmə hüqları pozulmuşdur. Neçə illər iddiaçı mülkiyətçi olduğu halda, həmin mənzilə öz mülkiyyət hüququnu qeydiyyata aldıra bilmir. Məhkəmə isə cavabdehin “kaprizlərinə” göz yumur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş iddia müddəti çərçivəsində cavabdehlik özdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iş materiallarına əsasən işin aşağıda göstərilən faktiki halları müəyyən olunur: -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş adıçəkilən - ünvan 1 ünvanında yerlşən mübahisəli mənzil - 19 oktyabr 1993-cü il, 30/7736 saylı Qeydiyyat vəsiqəsinə əsasən X3 (iddiaçının keçmiş əri) adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. - Bakı şəhər Xətai Rayon Qeydiyat Şöbəsinin arayışına əsasən İddiaçı ilə həmin mənzilin mülkiyyətçisi mərhum X6 arasında 11 iyul 1975-ci il tarixdə bağlanmış nikah müqaviləsi 11 avqust 2005-ci il tarixdə pozulmuşdur. X11 tərəfindən 09 aprel 2013-cü il tarixdə verilmiş 612741 nömrəli ölüm haqqında şəhadətnamədən isə görünür ki, mənzilin mülkiyyətçisi X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Konkret halda, iddiaçı tələb edir ki, ünvan 1 ünvanında yerlşən mənzil birgə nikah dövründə əldə olunan əmlak kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci və 32.2.2-ci maddələrin tələbələrinə müvafiq olaraq onun onun mülkiyyətidir və reyestrdə mülkiyyət hüququ ilə qeydə alınmalıdır. Lakin iddiaçı bu zaman nəzərdən qaçırır ki, Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Eyni zamanda, həmin Məcəllənin 36.9-cu maddəsi nəzərdə tutur ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İşin qeyd olunan faktiki halarından isə göründüyü kimi, Məcəllənin qeyd olunan 36.1-ci və 36.9-cu maddələrinin tələblərinə müvafiq olaraq, nə birgə nikah dövründə, nə də ki həmin nikah 2005-ci ildə pozulduqdan sonra, üç illik iddia müddəti çərçivəsində, ümumi əmlak kimihəmin mənzilin bölünməsi tələbi barədə iddiaçı tərəfindən ərizə verilməmişdir. Sözügedən iddia müddətinin artıq keçdiyi hazırkı halda isə, keçmiş ərindən miras qalmış həmin mənzil üzərində vərəsə kimi də Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən olunan nə qanun üzrə saylır, nə də 1168-ci maddəsinə müvafiq verilən vəsiyyətnamə əsasında vərəsə hüququna malik deyil. Digər trəfdən, adıçəkilən Məcəllənin 1163-cü maddəsi onu da nəzərdə tutur ki, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün subyektiv hüququ yoxdur. Belə olan halda ida onun tərəfindən irəli sürülən hazırkı iddia, İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilməsiə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticə kimi qiymətləndirir Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, məhkəmənin yanlış nəticəyə gəldiyini və onun konsititutsiyada təsbit edilmiş mülkiyyət, ədalətli məhkəmə hüqlarının pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7887/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7887/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2864/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2864/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver