Məhkəmə qərarları › İş №2-1(103)-2865/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2865/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2865/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3917/2023 saylı 26 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində leytenant hərbi rütbəsində xidmət etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, almadığı geyim əşyaları əvəzinə pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli iddiaçının müraciətinə cavab məktubunda bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmrinin 56-cı bəndinin tələblərinə əsasən əşya əmlakı əvəzinə pul kompensasiyası almaq hüququna malik deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ehtiyata buraxılarkən almadığı geyim əşyaları əvəzinə pul kompensasiyası ödənişinin qanunvericiliyə müvafiq qaydada hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissənin X7 taborunun Mühafizə bölüyünün komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0315 nömrəli əmrinə əsasən xidmət müddəti başa çatdığına görə xx.xx.2016-cı il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 200 nömrəli qərarına əsasən zabit heyətindən olan şəxslər ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər. O, ehtiyata buraxılarkən ona almadığı geyim əşyaları əvəzinə pul kompensasiyası ödənilməmişdir. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə məktubla müraciət edərək ona ehtiyata buraxılarkən almadığı geyim əşyaları əvəzinə pul kompensasiyası ödənişini Qanunvericiliyə müvafiq qaydada hesablayıb ödənilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən ona xx.xx.2022-ci il tarixli 3014 nömrəli məktubla cavab verilərək sözügedən kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Həmin imtina cavabını əsassız hesab edir. Belə ki, imtina məktubunda Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmrinin 56-cı bəndinə əsaslanılaraq bildirilmişdir ki, 1,5 il (1 il 6 ay) müddətinə çağırılmış zabitlərə tərxis olunduqdan sonra əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilmir. Həmin məktubun son cümləsində isə qeyd olunur ki, Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmri xx.xx.2004-xx.xx.2016-cı illər ərzində 1,5 il (1 il 6 ay) müddətində hərbi xidmət keçən və xidmət müddəti başa çatıb ehtiyata buraxılan hərbi qulluçulara şamil edilir. Cavab məktubundan da göründüyü kimi, məktubun 1-ci və 2-ci abzaslarının mətni 3-cü abzasının mətninə tam ziddir. Cavab məktubunda istinad edilmiş 112 nömrəli əmrin mətni yaxud həmin əmrdən çıxarış da məktuba əlavə edilməmişdir. Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmrində 1,5 il (1 il 6 ay) müddətinə ehtiyatdan çağırılmış zabitlərə tərxis olunduqdan sonra əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməməsi barədə hər hansı bir maddə, yaxud bənd mövcuddursa belə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 200 nömrəli qərarı ilə həmin əmrin mətni ziddiyyət təşkil etdiyi halda Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 05 noyabr 2014-cü il tarixdən 28 may 2016-cı il tarixədək leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissənin X7 taborunun Mühafizə bölüyünün komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 05 may 2016-cı il tarixli müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə 28 may 2016-cı il tarixdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 15 mart 2004-cü il tarixli 112 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında Əsasnaməsi”nin 56-cı bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan zabit heyəti (ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər istisna olmaqla) buraxılma gününə verilməli olan əşya əmlakı ilə mövcud qanunvericiliyə uyğun (natura və ya pul kompensasiyası ilə) təmin olunurlar. Qeyd edilən əsasnamənin 56-cı bəndinə əsasən ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər normanın təsir dairəsinə düşmədiyindən normanın müddəaları onlara şamil edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı almadığı geyim əşyaları əvəzinə pul kompensasiyasının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3917/2023 saylı 26 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 mart 2004cü il tarixli 112 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında Əsasnaməsi”nin 56-cı bəndinə əsaslanmışdır. Məhkəmənin qərarda əsaslandığı Əsasnamənin 56-cı bəndində həqiqətən ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər istisna edilmiş olsa belə həmin maddə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 200 nömrəli qərarı ilə ziddiyyət təşkil edir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Müdafiə nazirinin 15 mart 2004-cü il tarixli 112 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında Əsasnaməsi”nin 56-cı bəndinə əsasən ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər normanın təsir dairəsinə düşmədiyindən normanın müddəalarının iddiaçıya şamil edilmədiyinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında” Əsasnamənin 56-cı bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan zabit heyəti (ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər istisna olmaqla) buraxılma gününə verilməli olan əşya əmlakı ilə mövcud qanunvericiliyə uyğun (natura və ya pul kompensasiyası ilə) təmin olunurlar. Göründüyü kimi, qanunvericilikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan 1,5 ildən artıq müddətə çağırılmış zabit heyətinin buraxılma gününə verilməli olan əşya əmlakı ilə təmin olunması nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək (1,5 il) hərbi xidmətdə olub ehtiyata buraxıldığı nəzərə alınaraq onun almadığı geyim əşyaları əvəzinə pul kompensasiyası ilə təmin olunmalı olan şəxslər sırasına aid olmadığı müəyyən olunur. Bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. İddiaçı isə həmin halların əksini təsdiq edən hər hansı sübutu istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Yeganə əsas olaraq iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 saylı xx.xx.2016-cı il tarixli Qərarına istinad etmişdir ki, bu barədə də məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hərbi xidmətdə olub, ehtiyata buraxıldığı dövr - xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrü əhatə edir ki, həmin dövrdə də iddiaçının istinad etdiyi xx.xx.2016-cı il tarixli Qərar deyil, Azərbaycan Respublikası Müdafiə nazirinin 15 mart 2004-cü il tarixli 112 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında Əsasnaməsi” qüvvədə olmuşdur. Buna görə də həmin Əsasnamənin tələblərinin həm cavabdeh inzibati orqan tərəfindən, həm də birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya şamil olunması düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiy halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3917/2023 saylı 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3917/2023 saylı 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar