Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2865/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: " ictimai birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “ictimai birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5889/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ
1. “X4 ictimai birliyinin yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında” təsis yığıncağının xx.xx.2023-cü il tarixli 1 saylı Qərarına əsasən, “X4” İB-nin ədalətin təmin olunması üçün hüquq sahəsində fəaliyyət göstərmək, Azərbaycan Respublikasında demokratiyanı inkişaf etdirmək, insan hüquqlarının qorunmasına yardım etmək, hüquqi dövlət prinsipini inkişaf etdirmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etmək məqsədi ilə təsis edilməsi, “X4” İB-nin nizamnaməsinin təsdiq edilməsi, ictimai birliyin nizamnaməsinə uyğun olaraq qanuni təmsilçilik funksiyalarına malik sədri vəzifəsinə İddiaçı təyin edilməsi, ictimai birliyin təsis sənədlərinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır.
2. “X4” ictimai birliyinin nizamnaməsinin “Birliyin təsisçiləri” adlanan 5-ci hissəsinin 5.1-ci bəndində qeyd edilmişdir ki, birliyin təsisçisi aşağıdakı şəxsdir: İddiaçı, Ş/v: AA*******/ASAN7, xx.xx.2033-cü il tarixədək etibarlıdır. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 7, mənzil 163.
3. İddiaçı təsisçisi olduğu “X4” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə yazılı müraciət ünvanlamışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13-10568/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurum bir fiziki şəxs tərəfindən təsis edilmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacaqdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” ictimai birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin (hazırkı adı Notariat, qeydiyyat və reyestr baş idarəsi) üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təsisçisi olduğu “X4” ictimai birliyinin (xx.xx.2023-cü il tarixli təsis yığıncağının Qərarı əsasında təsis olunmuşdur) dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə sahəsində xidmətlər baş idarəsinə siyahısı qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə birlikdə yazılı müraciət ünvanlamışdır. Müraciəti xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13-10568/2023 nömrəli məktubla cavablandırılmış, təqdim edilmiş sənədlərin yoxlanılması zamanı qurumun bir fiziki şəxs tərəfindən təsis edildiyi məlum olmuş, bununla da “Qeyri-hökümət təşkilatları haqqında” Qanunun 2.1-ci maddəsinin tələbinə riayət edilmədiyi əsas gətirilərək müvafiq sənədlər geri qaytarılmışdır. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13-10568/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Hilal” Hüquq Mərkəzi ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurum bir fiziki şəxs tərəfindən təsis edilmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdır. (əlavə olunur). Məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacaqdır.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-390/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, qurumun təsis sənədləri xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023cü il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılır. Lakin “X4” ictimai birliyi bir fiziki şəxs tərəfindən təsis olunmuşdur. Qeyd etmək lazımdır ki, Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. Cavabdeh tərəfindən göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5889/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun ictimai birliyin təsis edilməsi ilə bağlı şərtlərə əməl edilməmişdir. Qanunvericilikdə ictimai birliyin bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılması mexanizminin təsbit edilməsinə baxmayaraq, “X4” ictimai birliyinin Nizamnaməsinin 5-ci bölməsinin 5.1-ci bəndindən də göründüyü kimi, ictimai birliyin təsisçisi qismində yalnız İddiaçı göstərilmişdir. Sahəvi qanunvericilik aktında ictimai birliyin bir nəfər tərəfindən təsis olunması istisna edildiyindən, iddiaçının ictimai birliyin bir təsisçinin qərarı əsasında təsis edilməsindən ibarət tələbi əsassızdır. Odur ki, qanunvericiliyin tələbləri baxımından cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasında ifadə edilən hərəkətləri qanuni və əsaslı olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5889/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtinanın səbəbi təsisçinin bir nəfər olmasıdır. Halbuki, həmin qanunda qanunverici təsisçinin 1 nəfər olmasını qadağan etmir. Siyasi partiyalar, fondlar, hətta kommersiya hüquqi şəxslər olan səhmdar cəmiyyətlər belə 1 nəfər tərəfindən təsis edilə bilər. Həmçinin, iddia ərizəsində yazılı qaydada göstərilmiş və məhkəmə iclasında şifahi formada səsləndirilmiş əsasların heç biri məhkəmə qətnaməsində göstərilməyib.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 58. Birləşmək hüququ İİ. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.
Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı 48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər. 48.3. Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır.
17.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu:
Maddə 1. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Maddə 2. Əsas anlayışlar 2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.3. hüquqi şəxs statusu almaq istəyən qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur;
Maddə 5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır.
Maddə 11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.
18. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Bu Qanunun məqsədi 1.1. bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir.
Maddə 2. Qeyri-hökumət təşkilatı 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.
Maddə 3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer 3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.
Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı 16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.
Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
Maddə 25. İctimai birliyin idarə olunmasının əsasları 25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində birinci instansiya məhkəməsinin aktının əsaslığı tam olaraq yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş və iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
28. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiçının hüquqi marağı ctimai birliyin dövlət qeydiyyatına alınmasının təmin olunmasından ibarətdir.
30. Məhkəmə kollegiyası, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təsisçisi olduğu “X4” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə yazılı müraciət ünvanlamışdır. İddiaçının müraciəti cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13-10568/2023 nömrəli məktubla cavablandırılmış və imtina məktubunda qeyd etmişdir ki, “X4” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurum bir fiziki şəxs tərəfindən təsis edilmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdır.
31. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh çatışmamazlıqları və imtinaya səbəb olan halları imtina və etiraz məktubunda əsaslandırmışdır. Cavabdeh inzibati orqan “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz.
32. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya nöqsanlı halların aradan qaldırılmasından sonra müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh, qeyd edir ki, sənədlərin qaytarılması ilə bağlı pozuntular (nöqsanlar) aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır.
33. İddiaçı müraciətə cavab aldıqdan sonra məhkəməyə müraciət etmiş və öz mövqeyini iddia tələbində və apellyasiya şikayətində onunla əsaslandırmışdır ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina barədə verilmiş inzibati aktdan görünür ki, imtinanın səbəbi təsisçinin bir nəfər olmasıdır. Halbuki, həmin qanunda qanunverici təsisçinin 1 nəfər olmasını qadağan etmir. Siyasi partiyalar, fondlar, hətta kommersiya hüquqi şəxslər olan səhmdar cəmiyyətlər belə 1 nəfər tərəfindən təsis edilə bilər.
34. Apellyasiya şikayərində göstərilənlərlə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Göründüyü kimi, qanunvericilikdə ictimai birliyin yaradılması üçün bir neçə fiziki şəxsin təşəbbüsü tələb olunur. Hazırkı işin mübahisəsiz halı isə ondan ibarətdir ki, dövlət qeydiyyatına alınması tələb olunan qurum yalnız bir nəfərin iradə ifadəsi ilə yaradılmışdır.
35. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsi konkret olaraq müəyyən edilmişdir ki, hüquqi şəxsin qeydiyyata alınması ilə bağlı ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiq edilməlidir. Həmin Qanunun 11.3.1-cü maddəsində isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər. Belə ki, qeyd olunan tələbə riayət edilməməsi hüquqi şəxs statusu almaq istəyən qurumun,eləcədə ictimai birliyin dövlət qeydiyyatına alınmasından imtina əsası qismində çıxış edir.
36. Məhkəmə kollegiyası iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini qanun hesab edərək qeyd edir ki, qanunvericilikdə ictimai birliyin bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılması mexanizminin təsbit edilməsinə baxmayaraq, “X4” ictimai birliyinin Nizamnaməsinin 5-ci bölməsinin 5.1-ci bəndindən də göründüyü kimi, ictimai birliyin təsisçisi qismində yalnız İddiaçı göstərilmişdir. Bu baxımdan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbləri gözlənilmədiyindən, həmin tələbə riayət edilməməsi isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3-cü və 11.3.1-ci maddələrinin şərtləri baxımından imtinaya səbəb olan hal sayıldığından cavabdeh orqanın imtinasının qanuni olduğunu və bu baxımdan cavabdeh tərəfindən iddiaçının hüquq və azadlıqlarının pozulmadığı və cavabdehin inzibati icraat qaydalarına uyğun nəticəyə gəldiyi, həmçinin iddiaçının qeyd olunan pozuntunu aradan qaldıraraq ictimai birliyi qeydə almaq üçün yenidən müraciət etmək hüququnun olduğunu nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
37. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı onu da qeyd edir ki, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı iş üzrə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Lakin cavabdeh imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirir və cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuşdur.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış və cavablandırılmışdır.
39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5889/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5889/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.