Məhkəmə qərarları › İş №2-1(103)-2866/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2866/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2866/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3860/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3860/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünün əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iş materialları araşdırılarkən iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verildiyi müəyyən olunmuş, bu barədə iddiaçıya məhkəmə bildirişi göndərilməklə, hazırkı günə, yəni, xx.xx.2024-cü il tarixinə apellyasiyanın mümkünlük məsələsinə baxılması üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermə müddəti ötürldüyünə görə apellyasiya mümkün sayılmamalıdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3860/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının surəti e-məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixidə (saat 14:12-də) rəsmi qaydada iddiaçının elektron kabinetinə yerləşdirilməklə, ona təqdim edilmişdir (i.v.72). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qanunun qeyd olunan tələbi baxımından, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş qərarı xx.xx.2024-cü il tarixdə ona təqdim edilmiş sayılır. xx.xx.2024-cü il tarixdən etibarən İPM-in 85.1-ci və 22.1-ci maddələrinin tələbləri qaydasında hesablanan 30 günlük apelllyasiya şikayəti vermə müddətinin son günü xx.xx.2024-cü il tarixinə düşür. İş materiallarından isə görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə, yəni, bir ay ötürülməklə, Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya ünvanlanmış məhkəmə bildirişində İPM-in 13, 24 və 62.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, müddətin ötürülməsi ilə bağlı prosessual hüquqları ona izah edilmiş və məhkəmə iclasına gəlmədiyi təqdirdə onun iştirakı olmadan mümkünlük məsələsinə baxılacığı barədə məlumat verilmişdir. Lakin iddiaçı, hazırkı məhkəmə iclasına gəlməmiş, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İPM-in 1.2-ci və 81.2-ci maddələrinin tələbləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayıla bilməz. İPM-in 87.3-cü maddəsi isə nəzərdə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3860/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar