Məhkəmə qərarları › İş №2-1(103)-2866/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2866/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2866/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3708/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə tərkibi ilə birlikdə (arvadı X4 və 2 uşağı - X3 və X2) Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında faktiki yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Üçüncü dərəcəli əlilliyi vardır. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Mənzil uçotuna götürülməyi ilə bağlı iş üzrə cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-3708/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə (özü, arvadı X4 və 2 uşağı X3 və X2) Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə alınması tələbi ilə Bakı İnzibati Məhkəməsinə verdiyi iddia üzrə xx.xx.2025-ci il tarixli qərarla iddia təmin edilmiş və iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota götürülməsi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. Lakin qeyd olunan qərar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa və digər aidiyyəti hüquq normalarına zidd olaraq qəbul edilmişdir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xəzri küçəsi, ev 11, mənzil 1 ünvanına daimi qeydiyyata alınaraq yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınması ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilib ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, son beş il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmadığı üçün onun müraciətinin təmin edilməsi mümkün deyil. Qanunvericiliyin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərar əsassız və qanunvericiliyə zidd hesab olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X5 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd olunur: Vətən müharibəsi iştirakçısı kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmağınıza köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. RİH-ə təqdim etdiyiniz sənədlərdən Sizin Bakı şəhərində 5 il daimi qeydiyyatınız olmadığından qeyd olunan qaydalara əsasən müraciətinizin təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bərdə rayonu, Yeni Əyricə kəndində, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-4/2-31343/2024 nömrəli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X12 Dispanserindən Z00036397PNB nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə 2 (iki) il müddətinə (xx.xx.2024-cü il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan TSEK-da sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2026-cı ilədək üçüncü dərəcəli əlillik (orqanizmin funksiyalarının 35 faiz pozulması) təyin edilmişdir (əlillik səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar). İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İİİ dərəcə Vətən müharibəsi əlili İddiaçı Bərdə rayon İcra Hakimiyyəti başçısının 17 may 2023-cü il tarixli, 133 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində birinci növbəlik üzrə mənzil növbəsinə alınmışdır. Sonradan İddiaçı Bərdə rayon İcra Hakimiyyətinə (xx.xx.2025-ci il tarixli, 5-38/1-H-106/2-068/2025) ərizə və müvafiq sənədlərlə müraciət edərək yaşayış yerini dəyişdiyini, 25 iyul 2024-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyata alındığını qeyd edərək mənzil növbəsinin Bərdə rayon İcra Hakimiyyətindən çıxarılaraq qeydiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə köçürülməsini xahiş etmişdir. Bərdə rayon İcra Hakimiyyəti başçısının 01 oktyabr 2025-ci il tarixli, 5-38/3-3- 155/2025 nömrəli sərəncamı ilə İddiaçı Bərdə rayon İcra Hakimiyyətində olan yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsindən çıxarılmış və sənədləri Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. İşin faktiki hallarından görünür ki, iddiaçı onun Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi ailə tərkibi (özü, arvadı və iki uşağı) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının son beş il ərzində yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olmaması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bərdə rayonu, Yeni Əyricə kəndində, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı yalnız xx.xx.2023-cü il tarixdən Bakı şəhərində qeyd olunun ünvana pasport qeydiyyatına alınmışdır. Eyni zamanda iddiaçı beş ildən artıq Bakı şəhərində faktiki daimi yaşaması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3708/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar