Məhkəmə qərarları › İş №2-1(103)-2867/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2867/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2867/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin bərpa edilməsi” tələbnə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7688/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 xx.xx.2018-ci ildə təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vəfat etmiş X4 həyat yoldaşıdır. X6 xx.xx.2018-ci ildə ümumi xəstəlik-Gözdən əlilliyi olan şəxs səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46-H48 - Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H47 - Görmə sinirinin (2-ci) və görmə yollarının digər xəstəlikliri => H47.2..." qeyd olunmuşdur. Həyat yoldaşı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən X6 təyin edilmiş əlillik ona heç bir məlumat verilmədən Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. X9 vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu və “İnzibati icraat haqqında” qanunun tələblərini kobud formada pozmuşdur. İddia ərizəsinə əlavə təqdim edilərək bildirilmişdir ki, hazırki mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmasına və mövqeyinə əsasən hazırkı mübahisə üzrə əsas diqqət yetirilməli olan 4 məqam vardır. İnzibati icraat aparılıbmı? Yəni inzibati icraatın başlanılması barədə qərar qəbul edilibmi? İnzibati icraat aparılan zaman vətəndaşın, yəni maraqlı şəxsin iştirakı təmin edilibmi? Əlilliyin etibarsız hesab edilməsi barədə yekunda inzibati akt formasında qərar qəbul edilibmi? Hətta inzibati icraat aparılmış olsaydı belə, yəni müvafiq sorğular verilmiş olsaydı əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlilliyin qərarının ləğv edilməsinə yönələ bilərdi, etibarsız hesab edilməsinə yox. Hazırkı mübahisə üzrə göründüyü kimi yuxarıda sadalanan dörd məqamın heç biri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş və bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassız olduğundan əlilliyin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1.9-cu bəndində qeyd olunur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. İddiaçı xx.xx.2020-ci il tarixli Sumqayıt şəhəri 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin verdiyi göndəriş əsasında Agentliyə müraciət etmiş və ona xx.xx.2020-ci il tarixində “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun fəsadlarını dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir” səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin iddiaçı iddia müddəti çərçivəsində inzibati orqanın qərarını mübahisələndirməmişdir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hesab edilir ki, iddia müddətinin 4 il 2 ay ötürülməsinin üzrlü səbəbi ola bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2-1(112)-7688/2024 nömrəli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və X6 xx.xx.2018-ci ildə təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qərardadda göstərilmiş cavabdeh tərəfindən xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərində aparılmış qiymətləndirilmənin və gəlinən nəticənin İddiaçı iddia tələbi ilə heç bir hüquqi bağlılığı olmamış, məhkəmə qərardadında X4 adı qeyd edilsə də, həmin hallar və faktlar X6 deyil, İddiaçı aid olmuşdur. Halbuki, iddia ərizəsindən də aydın olmuşdur ki, X6 xx.xx.2018-ci ildə ümumi xəstəlik-Gözdən əlilliyi olan şəxs səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46-H48 - Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H47 - Görmə sinirinin (2-ci) və görməyollarının digər xəstəlikliri => H47.2..." qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi etirazın iddianın əsası və iddia predmeti ilə heç bir bağlılıq təşkil etmədiyi aydın görünmüşdür. Belə ki, cavabdehin etirazında və əlavə etdiyi sənədlərdə məlumatlar və sübutlar X9 ilə deyil, İddiaçı ilə bağlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini işin hallarından asılı olaraq prosesin digər iştirakçılarına göndərir. Lakin cavabdeh orqan tərəfindən iddia üzrə hər hansı sübut təqdim edilməmiş və inzibati aktın qəbul edilməsini istisna edən şərtlərin mövcudluğu sübut edilməmişdir. Halbuki, İddiaçı iddia ərizəsində iddianın predmetini X6 xx.xx.2018-ci ildə təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması təşkil etmişdir. Məhkəmənin qərardadda işin halları ilə bağlı apardığı araşdırmadan və gəldiyi nəticədən də aydın olmuşdur ki, işin halları İddiaçı vəfat etmiş əri X2 əsasında deyil İddiaçı sənədləri əsasında qiymətləndirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin iddiaçının vəfat etmiş əri X8 barəsində olmadığı məhkəmə tərəfindən araşdırılmamış, iddiadan imtina edilməsi üçün hər hansı əlavə sübut toplanılmamışdır. Yuxarıda qeyd etdiyi səbəblərə görə məhkəmənin həmin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən işin halları tam müəyyənləşdirilməmiş və düzgün qiymətləndirilməmişdir. Məhkəmə qərardadında heç bir hal və gəlinən nəticə X9 ilə bağlı olmamış, cavabdehin təqdim etdiyi etirazda qeyd etdiyi halların və etiraza əlavə etdiyi sənədlərin İddiaçı aid olduğu, cavabdeh orqan tərəfindən iddia üzrə hər hansı sübut təqdim edilmədiyi və inzibati aktın qəbul edilməsini istisna edən şərtlərin mövcudluğu sübut edilmədiyi nəzərə alınmamış, araşdırma tam aparılmamış, işin halları tam müəyyənləşdirilməmiş və düzgün qiymətləndirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və X6 xx.xx.2018ci ildə təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -xx.xx.2019-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması - səbəb: Kardiologiya İnstitutunda müayinə və müalicə davamı məsləhət görülür. -xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması - səbəb: diaqnozun fəsadlarını (ÜÇ) dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir. xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması - səbəb: əsas diaqnozun ağırlaşmaları (ÜÇ), ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona əlillik təyin edilməsinə yönəlmiş hazırkı iddiası məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. Hazırkı işin hallarından görünür ki, iddia tələbi iddiaçının mərhum əri X6 xx.xx.2018ci ildə təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçının mərhum ərinin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddialar üzrə xüsusi mümkünlük şərtinə - iddia qaldırmaq müddətinə cavab vermir. Belə ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 əlillik vəziyyəti 4 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin göndərişləri əsasında müvafiq olaraq xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərində qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilərək əlilliyin təyinindən imtina edilmişdir. Sonuncu dəfə müraciəti ilə X4 əlillik vəziyyətinə xx.xx.2020-ci il tarixdə 4 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin 0530003AAFJ0 nömrəli xx.xx.2020ci il tarixli göndərişi əsasında baxılaraq “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmaları (üç), ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmiş və göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində inzibati orqanın qərarını mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı 3 ildən artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7688/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar