Məhkəmə qərarları › İş №2-1(103)-2867/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2867/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2867/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və s.”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3835/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-7129/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçının pensiya məbləği 4577,56 manatdan 3628,19 manata endirilmişdir. Yenidən hesablanma səbəbi 45-ci maddə tətbiq edilməklə xx.xx.2023-cü il tarixdən artıq vermə müəyyən edilməsi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qurum tərəfindən onun pensiya məbləğinin əvvəlki məbləğə 4116,51 manat bərpa edilməsi və azaldıldığı tarixdən etibarən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. Həmin pensiya Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş 13 iyun 2024-cü il tarixli, 3-17-1/2- S-139951/2024 nömrəli məktubdan da göründüyü kimi azaldılaraq 3628,19 manat müəyyən edilmişdir. Həmçinin pensiya yenidən azaldılaraq hesablandıqdan sonra 8161,81 manat məbləğində artıq ödəmə hesablanmışdır. Cavabdeh qurumun pensiya məbləğinin azaldılması ilə bağlı hərəkətlərinin qanunsuz və əsassız olduğu qeyd edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və onun işdə iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Hazırki işdə pensiyanın yenidən hesablanmaqla azaldılmasından öncə cavabdeh qurum tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılması və inzibati icraatın başlanması barədə qərarın qəbul edildiyi müəyyən olunmur. Bundan əlavə inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13- cü maddələrinin müddəaları baxımından yolverilməzdir. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə barədə qüvvədə olan qərar cavabdeh qurum tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qutarmamış və ya başqa səbəblərdən qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Nəticə etibarilə əmək pensiyasının məbləği yenidən hesablanaraq azaldılması zamanı cavabdeh inzibati qurum “İnzibati icraat haqqında” Qanunun tələblərini kobud surətdə pozmuşdur.

6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2007-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 205 aya (94753,05 : 205 ay (65 il – 53 il 11 ay + (144 ay – 72 ay)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya 8161,81 manat artıq pul vəsaiti ödənilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3835/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Vadim Viktoroviç barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-7129/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin və əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQ-dən çıxarmışdır.

9. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3835/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının iddianın təmin edilən hissədə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanaraq 3262,77 manat indeksləşdirilmə nəzərə alınmaqla hazırda 3628,19 manat) məbləğində müəyyən edilməli olduğu halda, 4116,51 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən“Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilməlidir. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv edilməli və ya dəyişdirilməlidir. Bununla bağlı bildiririk ki, iddiaçıya Mərkəzi Filial tərəfindən göndərilmiş 13 iyun 2024-cü il tarixli dəvət məktubu ilə şəxs barəsində inzibati icraat başlanmışdır. Göstərilən vaxtdan etibarən inzibati orqana “inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal” məlum olmuşdur. Yuxarıda göstərilən maddənin tələblərinə əsasən müddət axımı 13 iyun 2024-cü il tarixindən etibarən başlamış və müddət ötürülmədən “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-7129/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasının mahiyyəti güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin vəziyyətini yaxşılaşdırmaqla əlaqədardır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin birinci instansiya məhkəməsi bir maddi normanı tətbiq edərkən digər normanın, yəni keçid müddəanın da tətbiqini nəzərə almalı idi. Halbuki, Bakı İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli e-2-1(112)-3835/2025 nömrəli qərarında Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasının məqsədlə nömrəli qərarından da göründüyü kimi keçid müddəa birinci instansiya məhkəməsi tərəfindən təhrif olunmuş şəkildə təfsir edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: ü bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixinədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması;həmin günədək, yəni xx.xx.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; həmin günədək, yəni xx.xx.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Birinci instansiya məhkəməsi isə qərarında qeyd edir ki, “iddiaçıya əmək pensiyası 01 iyul 2017-ci il tarixədək təyin edilmiş, mübahisələndirilən hesablama qaydasının tətbiq olunduğu, yəni pensiya kapitalının 72 aya bölünməsinə dair qaydaya dair hesablama isə xx.xx.2022-ci il tarixindən olmuşdur. Göründüyü kimi istər pensiya təyinatının aparıldığı dövrdə, istərsə də mübahisələndirilən hesablamanın aparıldığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur.” Başqa sözlə desək, məhkəmə dolayısı ilə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixinədək təyin edilmiş yaşa görə əmək pensiyalarının xx.xx.2022-ci il tarixinədək yenidən hesablanması zamanı tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz təqdim olunmamışdır.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (xx.xx.2022-dək qüvvədə olan redaksiya)

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanun: 1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

19. Qanunvericiliyin tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.(İPM-in 82ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

21. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir.Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

22. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir.

23. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə pensiya təyin edilmişdir. Onun pensiyası sonuncu dəfə xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 4116,51 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyasının aylıq məbləği 4577,56 manata qaldırılmışdır. Lakin daha sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-7129/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının pensiya məbləği 4577,56 manatdan 3628,19 manata endirilmişdir. Yenidən hesablanma səbəbi 45-ci maddə tətbiq edilməklə xx.xx.2023-cü il tarixdən artıq vermə müəyyən edilməsi göstərilmişdir.

24. İddiaçı hazırkı iddia tələbi ilə qeyd edilmiş qərarın ləğv edilməsini və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsini xahiş edir.

25. Cavabdeh iddia tələbinə etirazda və apellyasiya şikayətində mövqeyini onunla əsaslanıdırmışdır ki, Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə görə (Keçid müddəa) istinadən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 205 aya bölünməli olduğu halda 72 aya bölünərək hesablanmışdır.

26. Məhkəmə tərəfindən ilkin olaraq araşdırılmalı məsələ sözügedən Keçid müddəanın iddiaçıya münasibətdə tətbiq edilməli olub-olmamasıdır.

27. Məhkəmə işin göstərilən hallarını hallarını nəzərə alaraq, qeyd edir ki, ƏPQ-nin tələblərinə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. (maddə 37.3.1)

28. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur).( xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45.)

29. ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir:

30. “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”.

31. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır.

32. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur.

33. İşdən görünür ki, cavabdeh iddiaçının 6 il işləməsi ilə bağlı əmək pensiyasını xx.xx.2023-cü tarixdə yenidən hesablamış, bu zaman ƏPQ-nin 45-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayını, yəni 144 ayı 72 ay azaltmaqla, 72 ay müəyyən etmişdir.

34. Lakin sonradan xx.xx.2024-cü il tarixli qərarla əvvəlki qərarını etibarsız saymış və xx.xx.2017-xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır.

35. Cavabdeh bu zaman xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli X4 istinad edir. Belə ki, həmin 2.2-ci maddəyə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

36. Məhkəmə cavabdehin bu istinadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

37. Belə ki, ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir.

38. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir.

2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur.

39. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir.

40. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır.

41. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi).

42. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur.

43. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir.

44. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır.

45. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQdən çıxarmışdır.

46. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur.

47. Nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil.

48. Bundan başqa məhkəmə Kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

49. Beləliklə, qanunvericilikdə pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməsi qeyd edilmişdir. Bu baxımdan iddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin ödənilməsi tələbində haqlıdır. (Birdəfəlik ödənilməsi hissəsində iddia rədd olunmuş və apellyasiya baxışının predmeti deyil.)

50. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə Kollegiyası diqqətə çəkir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə qeyd edildiyi kimi yuxarıda hüquqi qiymət verilmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3835/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3835/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar