Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2868/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovun və X4 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-927/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2186 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
2. İddiaçı ərizəsindən görünür ki, o, Binəqədi qəsəbə bələdiyyəsində 2186 saylı, xx.xx.2006-cı il tarixli sərəncama əsasən onun adına verilmiş 300 kv.m torpaq sahəsindən 150 kv.m torpaq sahəsinin sərəncamının X1 adına rəsmiləşdirilməsinə etiraz etmir. Ərizə onun “oxudum, razıyam” qeydi ilə imzalanmışdır. Ərizə xüsusi notarius X5 xx.xx.2012-ci il tarixli, 7E-4226 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir.
3. Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 204 nömrəli qərarının surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi ərazi hüdudlarında vətəndaş İddiaçı və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsinin 150 kv.m-i yaşayış evinin tikintisi üçün X2 verilmişdir.
4. Bakı şəhər 27 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş: İddiaçı ərizəsindən görünür ki, o, 7E-06/4180 reyestrlə X2 vermiş olduğu etibarnamənin ləğv edilməsini xahiş edir. Ərizə xüsusi notarius X5 xx.xx.2012-ci il tarixli, 7E06/4225 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir. Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E Reyestrinin surətindən görünür ki, İddiaçı ərizəsi xx.xx.2012-ci il tarixdə 4225 nömrəsi ilə qeydə alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə sahiblik hüququnun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 204 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin 2186 saylı, 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə adına rəsmiləşdirilmiş 300 kv.m torpaq sahəsinin 150 kv.m hissəsini etibarnamə ilə qohumu X1 istifadəsinə vermiş, lakin aralarında yaranmış ailə münaqişəsində olan problemlərə görə həmin gün, yəni 25 aprel 2012-ci ildə vermiş olduğu etibarnaməni ləğv etməyinə baxmayaraq Binəqədi qəsəbə bələdiyyəsi onun razılığı olmadan qohumu X1 adına 150 kv.m torpaq sahəsini Binəqədi qəsəbə bələdiyyəsinin 204 saylı, 29 may 2012-ci il tarixli qərarı ilə sənədləşmə həyata keçirilmişdir.Tərəfindən Binəqədi qəsəbə bələdiyyəsinə müraciət edilərək qərarın ləğv olunması xahiş edilsə də, qərarın ləğv edilməsi inzibati qaydada məhkəmə qətnaməsi olmadan qərarın ləğv olunmasının mümkünsüzlüyü barədə ona 02/H-159 saylı 21 fevral 2024-cü il tarixli məktubla cavab verilmişdir.
8. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-927/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı bildirdiyinə görə o, onun adına verilmiş 300 kv.m torpaq sahəsindən 150 kv.m torpaq sahəsinin sərəncamının X1 adına rəsmiləşdirilməsi ilə bağlı Binəqədi qəsəbə bələdiyyəsinə ümumiyyətlə ərizə verməmişdir. Üstəlik Binəqədi qəsəbə bələdiyyəsinin 2186 saylı 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə adma rəsmiləşdirilmiş 300 kv.m torpaq sahəsinin 150 kv.m hissəsini qohumu X1 istifadəsinə verməsinə dair 25 aprel 2012-ci ildə vermiş olduğu etibarnaməni də ləğv etdirmişdir. Belə ki, İddiaçı Bakı şəhər 27 saylı notariat ofisinə müraciət edərək X2 verdiyi etibarnamənin ləğv etməsini xahiş etmişdir. X7 verdiyi torpağa görə Davud Hüseynovu aldadaraq ona pul verməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
20. Belə ki, iddiaçı Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 204 saylı qərarının ləğv edilməsini tələb edir.
21. İş materiallarında olan İddiaçı ərizəsindən görünür ki, o, 7E-06/4180 reyestrlə X2 vermiş olduğu xx.xx.2022-ci il tarixli etibarnamənin ləğv edilməsini xahiş edir. Ərizə xüsusi notarius X5 xx.xx.2012-ci il tarixli, 7E06/4225 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir. Daha sonra iddiaçı elə həmin gündə ərizə ilə müraciət edərək, Binəqədi qəsəbə bələdiyyəsində 2186 saylı, xx.xx.2006-cı il tarixli sərəncama əsasən onun adına verilmiş 300 kv.m torpaq sahəsindən 150 kv.m torpaq sahəsinin sərəncamının X1 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, ərizə onun “oxudum, razıyam” qeydi ilə imzalanmışdır. Ərizə xüsusi notarius X5 xx.xx.2012-ci il tarixli, 7E-4226 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir.
22. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən 25 aprel 2012-ci il tarixli etibarnamənin ləğv edilməsi bildirilsədə araşdırma nəticəsində qeyd olunan 25 aprel 2012-ci ildə 7E- 06/4225 reyester nömrəsi ilə hər hansı bir etibarnamə təstiq edilməyib, həmin tarix və reyester nömrəsi altında olan notariat əməliyyatı xx.xx.2012-ci ildə verilmiş 7E-06/4180 reyester nömrəli etibarnamənin ləğv edilməsi ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin İddiaçı ünvanladığı 02/H-159 saylı 21 fevral 2024-cü il tarixli məktubdan məlum olmuşdur ki, xx.xx.2012-ci ildə verilmiş 7E-06/4180 reyester nömrəli etibarnamə həmin torpaq sahəsindən X1 istifadə etməsi ilə bağlı olmuşdur. Lakin iddiaçının 25 aprel 2012-ci ildə verdiyi ərizələrdən biri torpaq sahəsinin bir hissəsindən istifadə üçün verilən etibarnamənin ləğvi, sonra verdiyi 25 aprel 2012-ci ildə 7E-06/4225 reyester nömrəsi ilə qeydə alınmış ərizə həmin torpaq sahəsinin 150 kv.m hissəsinin X1 adına rəsmiləşdirilməsinə razılığın olması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın bir hissəsinin başqa şəxsin adına rəsmiləşdirilməsi ilə bağlı iradə ifadəsi təmsilçilik sənədi hesab edilən etibarnamə əsasında deyil, verilən razılıq əsasında bildirilir.
23. Bu səbəbdən Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 204 nömrəli qərarına əsasən, Binəqədi qəsəbə bələdiyyəsi ərazi hüdudlarında vətəndaş İddiaçı və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsinin 150 kv.m-i yaşayış evinin tikintisi üçün X2 verilmişdir.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 4-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında” Təlimatın 2.14-cü bəndinə əsasən sənədin qeydiyyat nömrəsi işin nomenklatur nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir, sənədin qeydə alınması zamanı verilir və qeydiyyat ştampında vərəqlərin sayından və tarixdən əvvəl əks etdirilir. 10.22-ci bəndinə əsasən sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında məlumatların göstərilməsidir. 10.24-cü maddəsinə əsasən hər bir sənəd notariat ofisində ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər onların notariat ofisinə daxil olduğu gün, göndərilən və daxili sənədlər isə imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-927/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-927/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.