Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-287/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2912/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin **********0 nömrəli xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, onun xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Səhiyyə Nazirliyinin Bakı Tibb Məktəbində əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin istinad etdiyi peşə şifri iddiaçıya aid edilə bilməz. Bundan əlavə, iddiaçı kifayət qədər pensiya kapitalına malik deyil. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətinə görə iddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. xx.xx.1986-cı il tarixli 016172 nömrəli diplomun notariat təsdiqli surətinə əsasən iddiaçı 1984-cü ildən 1986-cı ilədək 1 №-li Bakı Tibb məktəbində təhsil almışdır. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilmiş və notariat təsdiqli surətinə görə iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər ofisiant, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Veteranların ailəvi istirahət pansionatında ofisiant işləmiş, xx.xx.1984-cü ildən xx.xx.1986cı ilə qədər 1 №-li Bakı Tibb Məktəbində təhisl almış, xx.xx.1986-cı ildən xx.xx.2005-ci ilə qədər Semaşko adına Şəhər Klinik Xəstəxanasının 11, 12 və 9-cu yoluxucu şöbələrində tibb bacısı və baş tibb bacısı, xx.xx.2005-ci ildən xx.xx.2014-cü ilə qədər X2 9-cu yoluxucu şöbəsində tibb bacısı vəzifələrində çalışmışdır, xx.xx.2014-cü ildən hal-hazıra qədər AR SN Respublika QİÇS-lə Mübarizə Mərkəzində RQMM-nin stasionar şöbəsində tibb bacısı işləyir. AR SN Bakı şəhər Baş Səhiyyə İdarəsi X1 xx.xx.2019-cu il tarixli 217 nömrəli arayışına əsasən iddiaçı həqiqətən 1 saylı Şəhər Klinik Xəstəxanasının (1 saylı Şəhər Klinik Xəstəxanası və M.Nağıyev adına TTY xəstəxanasının birləşdirilməsi ilə əlaqədar AR SN Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2005 il tarixli 49 nömrəli əmrinə əsasən X5 yaradılmışdır) yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləmişdir: xx.xx.1986-cı il tarixdən (xx.xx.1986-cı il tarixli 238 nömrəli əmrlə işə qəbul edilmişdir) xx.xx.2014-cü il tarixədək (xx.xx.2014-cü il tarixli 676 nömrəli əmrlə işdən öz xahişi ilə azad edilmişdir ) və işlədiyi şöbə zərərli olduğuna görə əmək haqqısına əlavə 15% almışdır. “Kurort” səhmdar cəmiyyəti “Pirşağı” Sanatoriya-kurort birliyinin xx.xx.2019-ci il tarixli 9 nömrəli arayışına əsasən iddiaçı həqiqətən “Pirşağı” Sanatoriya-kurort birliyində xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək və xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək xörək paylayan vəzifəsində işləmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq cavabdehin verdiyi Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktuba görə təqdim etdiyi sənədlərdən göründüyü kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. AR İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə X4 Mərkəz publik hüquqi şəxsin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 1330 nömrəli məktuba görə iddiaçı X2 9-cu yoluxucu (kəskin bağırsaq infeksiyaları) şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən (xx.xx.1986-cı il tarixli 238 nömrəli əmrlə işə qəbul olunmuşdur); xx.xx.2014-cü il tarixədək (xx.xx.2014-cü il tarixli 676 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir). İşlədiyi şöbə zərərli olduğuna görə əmək haqqısına əlavə 15% almışdır. AR İTSDA TƏBİB X5 publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 619 nömrəli arayışı da eyniməzmunlu olmuş, arayışda iddiaçının xx.xx.1986-xx.xx.2014-cü il tarixlərdə işlədiyi vəzifənin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bölməsinin a) bəndinə vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyətinə uyğun gəldiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun: 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsaəsn, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, cavabdehin imtinasında xüsusi və ümumi stajı topladığı mübahisə edilməsə də, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi yoluxucu xəstəliklər şöbəsinin tibb bacısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan “22600000 - XXİVİ. Səhiyyə və sosial təminat idarələri - 22600000-1754b - bilavasitə xəstələrə xidmət edən işçilər - 2260000a - a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində - 2260000a - orta tibb heyəti” - peşəsinə uyğun gəlir, iddiaçının xx.xx.2006-cı il tarixədək 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 10 ildən, təhsil müddəti də daxil edilməklə ümumi iş stajının 20 ildən çox olması onun əmək kitabçası və iş yerlərindən arayışlar, o cümlədən güzəştli arayışla təsdiq olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Birincisi, iddiaçının əmək kitabçasında və güzəştli arayışında işlədiyi qeyd olunan yoluxucu xəstəliklər şöbəsinin tibb bacısı vəzifəsinin “2260000a - orta tibb heyəti” peşəsi ilə eyni olması sual yaratmır, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır, cavabdeh də Məhkəməyə bu barədə və ya təcrübədə yoluxucu xəstəliklər şöbəsinin tibb bacısının əslində infeksion idarələrində, bölmələrində, kabinetlərində bilavasitə xəstələrə xidmət edən orta tibb heyəti işçilərinə aid olmamasına dair yaxud ümumiyyətlə faktın əksini sübut edəcək heç bir mötəbər dəlil təqdim etməmişdir, onun bununla bağlı heç bir araşdırma aparmadan, hər hansı tədbir görmədən apellyasiya şikayətində bu fakta istinad etməsi, habelə bundan fərqli əsasla ərizənin icrasından imtina etməsi inzibati icraatın “Formal tələblərdən sui-istifadənin qadağan olunması”, “Mütənasiblik prinsipi” və “Mötəbərlik prezumpsiyası” kimi ümumi prinsipləri ilə uzlaşmır. Apellyasiya şikayətinin iddiaçının qanunla tələb olunan pensiya kapitalına malik olmaması barədə dəlili də, həmin tələb xx.xx.2017-ci il tarixdən qüvvəyə mindiyi, iddiaçının pensiya hüququ isə xx.xx.2006-cı il tarixədək qazanıldığı üçün, əsaslı deyil. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2912/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-287/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-287/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver