Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-287/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Məmmədova Şərafət Asif oğlundan ibarət tərkibdə, üçüncü şəxsin iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3) «üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanından X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddianın əsaslarına görə Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 124 saylı ev iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs X3 iddiaçının gəlini olmuş, xx.xx.2014-cü il tarixdə oğlu X5 arasında bağlanmış nikah pozulmuşdur. Uzun müddətdir həmin ünvanda yaşamır. Keçmiş gəlini olan üçüncü şəxsin qeyd olunan evdən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda məhkəməyə müraciət etməyi tövsiyə edərək dolayısı ilə müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki, üçüncü şəxsin onun evində qeydiyyatda qalması onun mülkiyyətçi hüquqlarını məhdudlaşdırır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs Pərvanə Bədəlova apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticəni və ümumiyyətlə məhkəmənin bu işə baxmasını tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, qeyd edilən evə istifadə hüquqlarının olmasına baxmayaraq, məhkəmə bu halı, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələni tənzimləyən qanunvericilik normaları ilə bağlı şərhini nəzərə almadan işə baxaraq tamamilə qeyriqanuni və əsassız qərar çıxarmışdır. Məhkəmə bununla bağlı təqdim etdiyi sübutlara da heç bir əhəmiyyət verməmişdir. Belə ki, 2014-cü ildə iddiaçının oğlu ilə arasında olan nikah pozulsa da, həmin tarixədək mübahisə predmeti olan ünvanda daimi yaşamışdır. Himayəsində azyaşlı övladları olduğundan, həmin ünvanda istifadə hüquqları vardır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs P.Bədəlova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və 2002-ci ildən evə gəlin gəldiyini və həmin evdə yaşadığını bildirərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə 03 noyabr 2022-ci il tarixli iclasında iştirak edən İddiaçı üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmamış, onun evə gəlin gəlməmişdən əvvəl 2001-ci ildə mülkiyyət hüququna dair evə çıxarış alındığını, sonradan isə yeniləndiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia qaldıraraq üçüncü şəxsin onun mülkiyyətində olan ünvan 2 ünvanında olan evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, məhkəmə tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İş materiallarında olan aşağıdakı sənədlərə əsasən müəyyən olunur ki: - daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 124 saylı ev xx.xx.2021 xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına dövlət qeydiyyatına (№**********) alınmışdır; -Bakı şəhəri Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil Kommuanal İstismar Sahəsinin («MKİS»)1156 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı mülkiyyət hüququ ilə ona məxsus həmin evdə qeydiyyatdadır; -həmin MKİS-in 395 saylı, xx.xx.2022-ci il tarixli digər arayışına əsasən iddiaçının keçmiş gəlini üçüncü şəxs X3 da iddiaçının mülkiyyətindəolan həmin evdə qeydiyyatdadır; -Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 204958 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən üçüncü şəxs X3 ilə X5 arasında olan nikah müqaviləsi ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 468 nömrəli qeyd aparılmışdır; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda isə bildirilir ki, ünvan 1 iddiaçının adına qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir və üçüncü şəxs X1 həmin ünvanda istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir; -hazırkı apellyasiya mərhələsində cavabdehin Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş mübahisəli evin çıxarışı, iddiaçının qeydiyyatla bağlı cavabdeh idarəyə təqdim etdiyi ərizəsinə və vərəsəlik şəhadətnaməsinə əsasən mübahisəli ev xx.xx.1974-cü ildə X4 mülkiyyəti kimi qeyd alınmış, 19 yanvar 1993cü il tarixdə o, vəfat etdikdən sonra həmin ev miras əmlak kimi iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş, həmin şəhadətnamə əsasında ona verilmiş qeydiyyat vəsiqəsi itdiyinə görə iddiaçı 09.062021-ci il tarixdə yenisinin verilməsini cavabdehdən xahiş etmiş və sonuncu tərəfindən ona xx.xx.2021-ci il tarixdə evə dair mülkiyyət hüququnu təsdiq edən yeni çıxarış verilmişdir. Məhkəmə iclaslarında iştirak iddiaçının və üçüncü şəxsin verdiyi izahatlarından da göründüyü kimi, üçüncü şəxs həmin evə 2002-ci ildə gəlin gələnədək ev iddiaçıya məxsus olmuş və onun razılığı ilə evə qeydiyyata alınsa da, daşınmaz əmlakın dövlət reyestrində onun istifadə hüququ qeydə alınmamış və mülkiyyətçi (iddiaçı) ilə aralarında notarial qaydada bağlanmış razılaşma (müqavilə) də mövcud deyildir. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni amanda, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən yaşayış sahəsinin icarədarı və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas icarədardan icarəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər. Eyni zamanda, xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən: - 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. -30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında şərh etmişdir ki: 1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 3“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən üçüncü şəxsin ona məxsus evdən pasport qeydiyyatından çıxarılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu şərtləri sübuta yetirilir. Lakin işin hallarından göründüyü kimi,cavabdeh tərəfindən ona imtina cavabı verilmiş, bununla da onun qanunla qorunan hüquqları pozulmuşdur. İPM-in 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qeyri-qanuni və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya iqstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-287/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-287/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver