Məhkəmə qərarları › İş №2-1(103)-287/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-287/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-287/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “pensiya fərqinin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6066/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının iş stajını təsdiq edən ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1980-xx.xx.2009-cu il tarixləri arasında matros, kapitanın 3-cü, 2ci, böyük köməkçisi kapitan və kapitan-təlimatçı vəzifələrində işləmişdir.

2. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2006-cı il tarixədək əmək stajı 25 il 10 ay 16 gün təşkil edir.

3. Diplomun surətindən görünür ki, iddiaçının 1975-ci il 1979-cu illərdə təhsil dövrü 4 il təşkil etmişdir.

4. "xxxx" QSC X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində və sahil heyətdə xx.xx.1980-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək matros, kapitanın 3-cü, 2-ci, böyük köməkçisi kapitan və kapitan- təlimatçı vəzifələrində işləmişdir. Onun üzən heyətdə işlədiyi vəzifələr və çalışdığı gəmilər nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 29 il 07 ay 28 gün üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 26 il 01 ay 24 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3cü bəndinin ( kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının “XXVİİİ. Nəqliyyat” bölməsi, 23003010 kodu ilə təsdiq olunmuş “Üzən heyət: Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti” peşəsi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1980-ci il tarixində başlamış və onun 34 ilə yaxın əmək stajı vardır. Onun 29 il 07 ay 28 gününü yəni 16 fevral 1980-ci ildən 14 oktyabr 2009-cu il tarixinədək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmişiliyinin üzücü heyətinin nəqliyyat donanmasında işləmişdir. 1975-ci ildən 1979cu ilədək Bakı Dənizçilik Məktəbində əyani təhsil almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Nəqliyyat donanmasının gəmilərinə üzən heyətə matros, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü ilədək, Nəqliyyat donanmasının gəmilərində kapitanın 3-cü köməkçisi, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı ilədək Nəqliyyat donanmasının gəmilərində 2-ci köməkçisi, xx.xx.1986-ci il tarixdən xx.xx.1993-cü ilədək Nəqliyyat donanmasının gəmilərində kapitanın böyük köməkçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci ilədək Nəqliyyat donanmasının gəmilərində kapitan, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək Dəniz üzgüçülüyünün Təhlükəsizlik İdarəsinə təlimatçı-kapitan, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu iltarixədək kapitan vəzifəsində işləmişdir. İşlədiyi müddətin 26 il 01 ay 24 günü zərərli və ağır olan işdə işləmişdir. Qeyd edir ki, 01.01 2006-cı il tarixdə ona əlilliyə görə pensiya təyin edilmiş və xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təmin edilmişdir. Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına 02 dekabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Lakin, ona imtina cavabı verilmişdir.

7. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2006-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (xx.xx.2022-ci il tarixədək qüvvədə omuş redaksiyasına əsasən), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq sərtlər mövcud olmalıdır: 1) tələb olunan yas həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yerdikdə. Qanunla tələb olunan yaş həddi 60 yaş olmasına baxmayaraq həmin vaxt İddiaçı əlilliyə görə əmək pensiyaçısı olduğu üçün müvafiq normanın tələbləri xx.xx.2021-ci il tarixdən, yəni əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən hesablanmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixə münasibətdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, xx.xx.2021-ci il tarixə münasibətdə İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq onaə münasibətdə 38000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33045,39 manat təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6066/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi və İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinat tarixinin xx.xx.2021-ci il tarixdən hesab edilərək ona həmin tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6066/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

19. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi stajı, 12 il 06 ay güzəştli iş stajı mövcud olduğundan, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən pensiya hüququ yarandığından, lakin həmin vaxt iddiaçı əlilliyə görə pensiya aldığından və əlilliyə görə pensiya xx.xx.2021-ci il tarixdə dayandırıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məhz xx.xx.2021-ci il tarixdə təyin edilməli olduğundan, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir.

21. Həmçinin, məhkəmə yuxarıda qeyd edilən əsaslara istinad edərək qərara almışdır ki, İddiaçı iddia tələbi təmin edilməli və ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinat tarixinin xx.xx.2021-ci il tarixdən hesab edilərək ona həmin tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməlidir.

22. Lakin məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə qərarda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən pensiya hüququ yarandığını bildirmişdir.

23. Məhkəmə Kollegiyası Bu qərarın 14-cü bəndində istinad olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6.4-cü bəndinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

25. Lakin iş materiallarından da göründüyü kimi İddiaçı 57 yaşının xx.xx.2017-ci il tarixdə tamam olmasına baxmayaraq həmin dövrdə əmək pensiyasının bir növündən başqa növünə keçirilmə barədə ərizə ilə müraciət etməmişdir.

26. Belə ki iddiaçının xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyaçısı olduğu halda, həmin dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarana bilməz. İddiaçı 01.01,2006-ci il tarixdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar dayandırılmasını və yaşa görə əmək pensiyasının hüququnun sözügedən tarixdən sonra yarana biləcəyini nəzərə alaraq məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (xx.xx.2022-ci il tarixədək qüvvədə omuş redaksiyasına əsasən), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

27. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq sərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə.

28. Qanunla tələb olunan yaş həddi 60 yaş olmasına baxmayaraq İddiaçı tələbləri xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyaçısı olmuşdur. xx.xx.2021-ci il tarixə münasibətdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

29. Belə ki, xx.xx.2021-ci il tarixə münasibətdə İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33045,39 manat təşkil edir.

30. Əlavə olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

31. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almamışdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

33. Eyni zamanda məhkəmə Kollegiyası oxşar mübahisələr üzrə mövcud məhkəmə praktikasını da qeyd etməyi lazım bilir.

34. Belə ki, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)- 1293/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli Qərarında hüquqi mövqe olaraq göstərilmişdir ki,”29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının müraciət etdiyi tarixdə mövcud olmuş qanunvericilik normaları tətbiq edilməlidir. 30. Belə ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 31. İşin hallarına görə iddiaçının xx.xx.2007-ci il tarixdə həm yaşa görə əmək pensiyası həm də əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin iddiaçı yaşa görə pensiya hüququndan istifadə etməyərək əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. Daha sonra iddiaçının əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Daha sonra iddiaçı cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 32. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsi xx.xx.2007-ci il tarixdə qüvvədə olan qanunvericiliyə deyil, iddiaçının müraciət etdiyi tarixdə, yəni hüquqdan istifadə etmək istədiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8-ci maddələrinə uyğun araşdırma aparmalı, həmin qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu yoxlanılmalıdır”.

35. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hеsаb еdir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır.

36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6066/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunaraq iddia rədd edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6066/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar