Məhkəmə qərarları › İş №2-1(103)-2870/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2870/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2870/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Aərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1449/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehə artıq ödənilmiş 10973,94 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəniməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində (ç) orta tibb heyəti və kiçik tibb heyəti vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə cavabdehə pensiya təyin olunarkən təqdim olunan sənədlərində qeyd olunan məlumatlara əsasən xx.xx.2005xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X3 reabilitasiya şöbəsinin tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi reabilitasiya şöbəsinin tibb bacısı vəzifəsi isə yuxarıda qeyd olunan psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində orta və kiçik tibb heyəti vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10973,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəfimizdən xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1449/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdır ki, cavabdehə pensiya təyin olunarkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2005-10.11,2015-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "X7"inin reabilitasiya şöbəsinin tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi reabilitasiya şöbəsinin tibb bacısı vəzifəsi isə psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində orta və kiçik tibb heyəti vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq cavabdehə xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2015-30.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10973,94 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuş, əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən sözügedən razılıq olmadığından tərəfimizdən artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan, işi mahiyyəti üzrə araşdırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********9 saylı “Pensiya ödənişinin dayandırılması haqqında” qərar qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində (ç) orta tibb heyəti və kiçik tibb heyəti vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə pensiya təyin olunarkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2005-10.11 2015-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X7"inin reabilitasiya şöbəsinin tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Reabilitasiya şöbəsinin tibb bacısı vəzifəsi isə yuxarıda qeyd olunan psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində orta və kiçik tibb heyəti vəzifəsinə uyğun deyil Bu səbəbdən də vətəndaşın güzəştli iş stajınız yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X4 departamentı tərəfindən xx.xx.2015- 30.11 2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10973,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq cavabdehdən artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 30.2. əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 39.1. artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdırş - 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -28.1-ci maddəsi inzibati icraatın başlanması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. -67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. -68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. -68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qeyd edir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası təyin olunmasına nail olubsa və ya pensiya təyininin qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır. İş materiallarından görünür ki, cavabdehə pensiya təyin olunması-hesablanması barədə Dövlət Sosial Müdafiə Fondu orqanının qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığı və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Hazırkı iş üzrə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən cavabdehə əmək pensiyasının təyin edilməsi, hesablanması barədə qərar ləğv edilmədən ona ödənilmiş artıq pensiya məbləğinin geri qaytarılmasını tələb edir. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” qərarın qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, vətəndaşa əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması barədə onun xeyrinə əlverişli inzibati aktın (pensiyanın ilkin hesablanması barədə) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- cavabdehi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiyanın yenidən hesablanması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1449/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1449/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar